.....

.....

Ana dili – Sevinc Nuruqızı

Ana dili – Sevinc Nuruqızı

Ana dili

Mən dilimi əsrlərin sınağından
qorumuşam.
Mən dilimi yad ellərin qınağından
qorumuşam.
Qarabağım bu dilimlə əzizlənib
Qara bağrım bu dilimlə təmizlənib.
Mənə əziz ana olub, dar günümdə
Mən dərdimi, kədərimi
bölüşmüşəm.
Mən sevgimi, qədərimi
bölüşmüşəm.
Mən dilimi yad gözlərdən qorumuşam
Mən dilimi yad sözlərdən qorumuşam.
Nənəm onu ağısında, alqışında gizlədibdir
Babam onu alnındakı qırışında gizlədibdir.
Əsrlərin küləyindən, yağışından
sinəmizdə daldalanıb.
Yağıların qəzəb yağan baxışından
yağmalanıb.
Bir ocağın odunda da, külündə də
yaşayıb o
Yurdun ən pis günündə də yaşayıb o.
Şəhidinə “rəhmət” deyib
Düşməninə “lənət” deyib
Ana yurda cənnət deyib
yaşayıb o.
Hər qatında bir el dərdi,
Bir yurd dərdi gizləyib o.
Dözüb min bir əzaba da, ağrıya da,
acıya da
Sədaqətlə xoş günləri gözləyib o.
Baldan şirin, dağdan ağır.
Qılıncdan sərt, ana dilim.
Dosta alqış, yara sevgi,
Düşmənə dərd, ana dilim.