“Zərif kölgələr” məktəblilərin gözü ilə.
Əsası Aysel Nəsirzadə və Gülnarə Sadiq tərəfindən qoyulan “Zərif kölgələr” yalnız xanım yazarlardan ibarət olmaqla müasir Azərbaycan ədəbiyyatı üçün bir ilk idi. İndiyə qədər dörd antologiyası dərc edilən “Zərif kölgələr”in oxucu auditoriyası ildən-ilə genişlənməkdədir. “Zərif kölgələr” ölkənin qabaqcıl söz adamlarının da diqqətini cəlb etmiş və daim yüksək qiymətləndirilmişdir. Bu antologiya bir tərəfdən həssas və lirik duyğuların, digər tərəfdən isə vətən harayının inikasıdır. Təsadüfi deyil ki, antologiyanın üçüncü sayı bütövlükdə İkinci Qarabağ müharibəsinin şanlı şəhidlərinin ölməz xatirəsinə həsr edilmişdir. Burada əksini tapan poetik nümunələr şəhidlərin şücaətinin, şəhid ata və analarının məğrurluğunun və yurd bölünməzliyinin bədii səlnaməsi təsirini bağışlayır…
Artıq “Zərif kölgələr” təkcə ədəbi mühitdə deyil, təhsil ocaqlarında da rəğbətlə qarşılanmaqdadır. Göygöl şəhər 6 nömrəli məktəbin müəllimi Şəbnəm Ələkbərli “Müasir yazarları tanıyaq” layihəsini “Zərif kölgələr” yazarlarına həsr etmişdir. Onlardan Aysel Nəsirzadə, Gülnarə Sadiq, Yeganə Əhmədova, Gülsadə, Qərənfil Arifqızı, Xavər, Xəyalə Sevil, Ülviyyə İbrahimova, Sevil Gülnur və başqalarının vətən motivli şeirləri məktəbin şagirdləri tərəfindən böyük sevgi ilə səsləndirilmiş, müəlliflər haqqında məlumat verilmiş və video-çarx təqdim edilmişdir. “Zərif kölgələr” antologiyası əldən-ələ ötürülmüş və xüsusi maraqla qarşılanmışdır.


