Sən gedəndə arxanca
Əlimi qaldırdım səmaya.
Barmaqlarım xəyalən pianinonun dillərinə toxundu.
Yalnız özümün eşidə biləcəyim tonda
Ayrılıq musiqisi oxundu uzaqlaşmaqda olan addım səslərinin müşayiətilə.
Büküldü barmaqlarım ovcuma,
Hər şey beləcə bitdi.
Məşq olunmasa da, gözəl alındı.
*
Kirpikləri islanmış çətir,
İçindəki adamın əlindən
Gözünü qırpmağa dam axtarırsan.
Göyün dərinliyinə baxa-baxa,
Günəşli günlərdə
Atıldığın yeri xatırla
İçindəki adamın əli ilə.
Xatırla,
Hansı fəsildə yuxundan buldlar ötmüşdü,
Özünün ağlamaq səsinə diksinmişdin,
İçində heç kim yox idi.
*
Anası polislərin əlində,
Bir-iki söz dedi qaraçı dilində,
Qaçdı Benyamin…
Hara gedəcəyini bilmədiyindən,
Öz dilində qaçdı.
Yolu soruşmadı ilişdiyi ayaqlardan.
Qara qəpikdən də tez itdi gözdən.
Arxasınca düşən qorxunun
Üzünə çırpdı ayaqqabısının bir tayını.
Qaçdı Benyamin, qaçdı…
*
Evdə divar saatı varsa,
Mənzilin sakini bir nəfərdən çoxdur,
Divar saatı ailənin rəqəmlərlə şifrələnmiş tablosudur.
Asıldığı yerdən başlanır ömrü,
Asılmaq həmişə edam sayılmır…
Qol saatları bir ailə geridə qalır
Divar saatından.
Saatın neçə olduğunu
Divarda görürsənsə, xoşbəxtsən…
*
Əlləri günəş suyuna çəkilmiş adam,
Fəhlə əlcəkləri dünyanın hər yerində eyni rəngdədir.
Harada olsan,
Səni tanıya bilərəm
Günəş əllərindən,
Şəfəq-şəfəq uzanan barmaqlarından,
Gözlərinin altında içi suyla dolan qara qayıqlardan.
Əsl əlcək havanın soyuqluğundan deyil,
ailənin dağılmamasından ötrü taxılır ilin hər fəslində.
İlin hər fəslində ehtiyac üşüdür…
Sərhədləri aşa bilmirsənsə,
Ürəyini sıxma,
Dünyanın hər yerində eyni rəngdədir
Çörək,
Günəş,
Əlcək…