.....

.....

Yorğun etiraf – Pərviz Seyidli (şeirlər)

Yorğun etiraf – Pərviz Seyidli (şeirlər)

Ən çətini…
Çox soyuqlar görmüşük
Üşümüşük qarlı, soyuq havalarda
Amma o vaxt bilməmişik
Bir qadının qollarında üşüməkdi ən çətini
ən çətini bir qadının qollarında üşüməkdi
 
Nə gizlədək, qorxmuşuq da,
Qorxumuzdan susmuşuq da, ağarıbdı rəngimiz də
dən düşübdü, çallaşıbdı saçımız da
Amma o vaxt bilməmişik
Bir qadının saçlarında
dənə dönüb ağarmaqdı ən çətini
Ən çətini bir qadının saçlarında dənə dönüb ağarmaqdı.
 
Gecələri öpüşlərə qərq edərək yatızdırıb
Səhərləri sığallarla oyatmışıq
Uzatmışıq özümüzçün o xoşbəxtlik anlarını
Amma o vaxt bilməmişik
Bir qadının mürgüləyən kədərini oyatmaqdı ən çətini
Ən çətini bir qadının mürgüləyən kədərini oyatmaqdı
 
Boğazından belinəcən rəqs eləyib dodağımız,
Toxunmuşuq, yoluxmuşuq tər qoxulu bədən adlı bir mərəzə
Amma o vaxt bilməmişik
Bir qadının gözlərindən ruhunacan toxunmaqdı ən çətini
ən çətini bir qadının gözlərindən ruhunacan toxunmaqdı.
 
Sərt olmağa çalışmışıq
Alışmışıq ağır-ağır yanındayam söyləməyə
Amma o vaxt bilməmişik
Bir qadının dizlərində uşaq kimi ağlamaqdı ən çətini
ən çətini bir qadının dizlərində ağlamaqdı uşaq kimi…
 
Amma o vaxt bilməmişik…
Heç indi də bilmirik ki…

Yorğun etiraf
Çiynimə qoy başını uyu, uyu, sarışın.
Getmə burdan oralar quyu, quyu, sarışın.
 
Çiynimə qoy başını ağla, ağla, sarışın.
Yuxulu gözlərini bağla, bağla, sarışın.
 
Parıldayır ümidlər sönür, sönür, sarışın.
Yağır yağış, buludlar ölür, ölür, sarışın.
 
Dərd adamı içindən yeyir, yeyir, sarışın.
Tükənirik günbəgün şeir-şeir, sarışın.
 
Qutudakı siqaret bitir, bitir, sarışın.
Unudulmur gedənlər itir, itir, sarışın.
 
Tökülmüşəm içimə xəzəl-xəzəl, sarışın.
Məni gəl nizama sal qəzəl-qəzəl, sarışın.
 
Çiynimə qoy başını uyu, uyu, sarışın.
Getmə burdan oralar quyu, quyu, sarışın.
 
Darıxır
Kibrit alışdırır, yazır şeirlər,
Səninçün əllərim ayrı darıxır.
Darıxır gözümdə bir qədəh ümid
Ürəkdə bir qaşıq qayğı darıxır…
 
Darıxır rəfdəki kitablarım da
Divardan asdığım saat darıxır.
Boşdur akvarium uçub balıqlar
İçində çəhrayı həyat darıxır…
 
Darıxır çəkdiyim fotoşəkillər,
Məhəccər üstündə qəhvə darıxır.
Kədərli gecələr lampa yananda
Titrəyir laqeyd kölgə darıxır…
 
Darıxır ən yaxın dostum, sirdaşım,
Getdikcə yaşlaşan çantam darıxır.
Bir şair darıxır gün qızaranda,
Darıxır günorta, axşam darıxır…
 
Laqeyd ekspressiya
Gizli qalıb ürəkdə tünd qəhvəyi sükutlar,
Yağışa dönən zaman ölürlərmi buludlar?!
 
Yarım qalmış kitabı oxumağa həvəs yox,
Bu qaranlıq otaqda üç adamlıq nəfəs yox…
 
Kömür gözlü bir qadın xəyalına görünə,
Saçına şeir taxa, ayrılığa bürünə.
 
Ümidlərin bitməsi əzabın beşiyidir,
Bu dünya da Allahın bir zibil yeşiyidir.
 
Nə kimsədən küsəsən, nə də ki inciyəsən,
Oturasan səhrada üzüm-çörək yeyəsən…
PƏRVİZ SEYİDLİ