.....

.....

POLAD – Əhmədova Yeganənin şeirləri

POLAD – Əhmədova Yeganənin şeirləri

“POLAD”
(Şəhid Polad Həşimov)

Tarixlərə sığmaz Sənin hünərin,
Qeyrətin, qüdrətin tarixi aşır.
Düşmən önündəki canlı sipərlər
Daha möhkəmlənir və poladlaşır.

Sən də vətənləşdin, Səndən öncəki
ipə-sapa yatmaz oğullar kimi.
Əbədi yaddaşa döndün, mövzusu
qəhrəmanlıq olan nağıllar kimi.

Nurunda boy atır körpə balalar,
Hamı əsgər olur, hamı döyüşür.
Bilirsənmi, qanın axan yerlərə
Günəşin işığı daha çox düşür..?

“ŞƏHİD-VƏTƏN”

O son döyüş və qələbə
Səninlə başladı.
Üfüqlərdən
Vətənə boylanan baxışın
bir az sevincli,
bir az ağrılı.
Yox, Şəhidlər ölmür –
Ana torpağa çevrilir,
doğma Vətənə qarışır.
Onlar Vətən boyda,
Vətənlə yaşıd,
Vətənlə qoşadır.
Qəhrəmanları xalq yaradır –
əvvəl xəyalında,
sonra yaşadır tarixində
və ölümsüzlər sırasında.
Böyük qələbələr
böyük qurbanlardan keçir.
O şanlı qurbanları
zaman özü seçir
milyonların arasından –
Mübarizlər qismində,
Poladlar timsalında..!

“AĞAC”

Pəncərəmin önündəki
boynubükük tənha ağac,
bahar çiçəklərin solub.
Duruşun necə məyus,
budaqlarına həsrət yağır
yağış yerinə.
Bilirəm ağırdır, ağır…
Sənin yarpaqların,
mənim ümidlərim xəzəl olub.
Qarşımda yollar uzanır,
yaddaşımın hər küncündən
neçə xatirə boylanır
o yollar uzunu…
Tənha ağac,
sarı saçların necə dalğın,
necə pərişan.
Arzularım tək uzaqlaşan
baharın yenə gələcək,
qəm yemə.
Amma mənim
nə həsrətimə çarə var,
nə xiffətimə əlac.
Səbrim daşıb..!

“ŞƏHƏR”

Bu şəhər nə yaman yadlaşıb mənə,
Doğmalıq içində ögeylik bitib.
Elə bil bu yerdə olmamışam heç,
Bu yerlər, sadəcə, fikrimdən ötüb.

İtirib əvvəlki həzinliyini,
Donmuş xatirələr baxır hiddətlə,
O xatirələrin təsiri ilə,
Daha ürəyim də vurmur şiddətlə.

Bu şəhər nə yaman yadlaşıb mənə,
Doğmalıq səddini açan aşıbdır?
Məni qınamayın, vallah, elə bil,
O məktəb yolu da ağırlaşıbdır.

Yolları, izləri həmənki deyil,
Səkilərini də tamam ot basıb,
Mənə birdən-birə yadlanan şəhər,
Qəlbimdən dözülməz ağırlıq asıb.

Bu şəhər nə yaman yadlaşıb mənə,
Son ümidimi də əlimdən alıb,
Ölümsüz sandığım o ilk eşqimin,
Burda unudulmuş izləri qalıb…

“DƏNİZ”

Dənizə daş atmayın..,
Eşqimə,
ruhuma dəyir o daşlar,
Dənizlə birgə
duyğularımı da döyür o daşlar.

Dənizə daş atmayın..,
Yoxsa qəhərindən boğulacaqdır.
Hələ o daşların
bir ucu gedib
günəşə də dəysə –
çətin ki, bir də
dənizin üstə doğulacaqdır.

Dənizə daş atmayın..,
İllah da ki, atırsınız –
barı…
ürəyimə atın
dənizə atılan daşları.
Daş atıb dənizin ahına batmayın,
günahına batmayın,
mələklər də ağlayacaq
axsa dənizin göz yaşları.