İlk hədiyyə
Uşaqlıqda keçirdiyim Ramazan günlərinin, bayramlarının bir başqa əhval-ruhiyyəsi var idi.
O günlərdə hər şey daha saf, daha sehrli görünürdü. Ramazan ayı başlayanda evimizdə fərqli bir ab-hava yaranardı. Axşamlar pəncərədən eşidilən azan səsi, anamın mətbəxdə hazırladığı iftar süfrəsinin qoxusu, babamın səssizcə dua etməsi – hamısı uşaqlıq yaddaşıma hopmuş xatirələrdir.
Bayram yaxınlaşdıqca bu həyəcan daha da artırdı. Evimizdə xüsusi təmizlik aparılar, hər kəs yeni geyimlərini hazırlayardı. Babamın kənddən rayona bayram namazına gedərkən yaşadığı sevinc, əlindəki bayram hədiyyələri ilə dostlarını görməyə can atması, insanların bir-birinə gülərüzlə “Bayramınız mübarək!” deməsi – bütün bunlar bayramın ruhunu hiss etdirən anlar idi.
Amma bayramın mənim üçün ən unudulmaz hissəsi hədiyyələşmək idi. Uşaq qəlbimlə sevinirdim ki, insanlar bir-birinə dəyər verir, sevgilərini kiçik hədiyyələrlə ifadə edirlər. O kiçik, bəlkə də adi görünən hədiyyələr o illərin saflığını, təmizliyini özündə daşıyırdı.
İndi, illər keçsə də, o günlərin mənim üçün ən dəyərli xatirələr olduğunu anlayıram. Ramazan və bayram – sadəcə dini günlər deyil, birlik, mərhəmət və sevgi dolu anların yaşandığı zamanlardır. Uşaqlıqda bu duyğular daha saf, daha səmimi yaşanırdı…
İlk dəfə məscidlə tanış olanda səkkiz yaşım var idi. O azan səsi, səssiz edilən dualar, hər duadan sonra “Amin” deyə ucalan səslər…
Babamın ayağının küncünə qısılıb, bircə an belə ondan ayrılmamağım… Ona heyranlıqla tamaşa etməyim… Heç yadımdan çıxmaz.
Həmin il Ramazan bayramını kənddə – babamgillə birlikdə qarşılayırdım. İki gün əvvəldən babam bayram namazı üçün kənddən rayona getməyə hazırlaşırdı. Ağlım kəsəndən onu həmişə belə görmüşdüm. Rayonun mərkəzində yaşayan bir neçə dostu və tanışı var idi. Həyətdəki bağdan, bağçadan toplanmış hər nemətdən dostları üçün bayram hədiyyəsi hazırlayardı.
O gün ona yalvardım ki, məni də özü ilə məscidə – bayram namazına aparsın. Təbii ki, etiraz etdi. “Qız uşağının məsciddə nə işi var, a bala?” – deyə gülümsədi.
Ona yalvardığımı, özüylə aparması üçün necə ağladığımı hələ də xatırlayıram. Babam belə yerlərə ən çox qardaşımı aparmağı, onu özü ilə gəzdirməyi sevirdi. Amma qardaşımın bu kimi şeylərə həvəsi yox idi. Bütün günü dəmir məftilləri bir-birinə birləşdirib araba düzəltməyi xoşlayırdı. Məndən balaca olsa da, istedadlı uşaq idi. (İndiyə kimi də elədir – red.) Konstruktorlarla məşğul olmaq onun uşaqlıqdan bəri ən sevdiyi hobbilərdən biri idi.
Babamı razı salmaq üçün dəridən-qabıqdan çıxır, qardaşımın məziyyətlərini tərifləyərək yalnız məni aparması üçün dil tökürdüm.
“Baba, qardaşımın geyimlərini geyinərəm, başıma kepka da qoyaram. Hamı elə bilər ki, oğlanam” – deyə onu razı salmağa çalışırdım.
Nəhayət, babam razılaşdı.
O səhər bibim qardaşımın şalvar və köynəyini mənə geyindirib, məni babamla birgə məscidə yola saldı.
Bayram namazından sonra babam bəzi dostları ilə görüşdü. Onlara hazırladığı bayram hədiyyələrini bağışladı. Dostları da ona hədiyyələr verdilər. Babamın üzü gülürdü. İlk dəfə idi ki, onu bu qədər sevincli görürdüm.
Həm də hədiyyələşməyin nə qədər gözəl bir duyğu olduğunu uşaq yaşımda anlamağa başlamışdım. Ata-anamdan başqa mənə verilən ilk hədiyyəni xatırladım. Bu, qonşuluqda yaşayan həmyaşıdımın evimizin qarşısındakı mağazadan aldığı balaca bir dəftərçə idi. O dəftərçəni hələ də saxlayıram.
Babamgilin kəndi ilə rayonun arasında bir kənd də vardı. Biz “Aynalı” deyilən mağazanın önündə dayandıq. Deyəsən, avtobusun dayanacaqlarından biri də həmin dükanın qarşısı idi.
Babam darıxdığımı görüb saçımı sığalladı. Sonra məni qucağına alıb, mağazanın qarşısında gözləmək üçün düzəldilmiş taxta oturacağa əyləşdirdi.
İlıq günəş gözümü qamaşdırdı.
“Baba, mən də hədiyyə vermək istəyirəm” – dedim.
“Kimə?” – deyə soruşdu.
“Bilmirəm, baba… Kimə olsa…”
O, əlindəki setka torbaların içindən iki qoğal çıxarıb, balaca kağız torbaya qoydu.
“Götür, bunu saxla. Qarşımıza baban kimi yaşlı biri çıxsa, apar ver. ‘Bayram payıdır’ deyib, hədiyyə edərsən” – dedi.
Çox sevindim. Bir azdan dayandığımız yerdən çoxlu adamlar keçməyə başladı. Dumanlı şəkildə xatırlayıram… Bəzilərini məscidin qarşısında görmüşdüm. Yəqin onlar da babamla mənim kimi bayram namazına gəlmişdilər.
Sonra əlində əsa, beli bir azca əyilmiş yaşlı bir kişinin bizə tərəf gəldiyini gördük. Gülümsəyərək yaxınlaşdı. Belini düzəldib, babamla əl tutub görüşdü. Sonra mənim də əlimdən öpdü.
Babam ona “Qız nəvəmdir, dünəndən özünü öldürürdü ki, onu da bayram namazına gətirim” – dedi. Sonra mənə baxıb, “Yadına gəlir? Bizə atı ilə gəlmişdi, dən gətirmişdi. Nuru babadır da” – dedi.
Nuru baba gülümsündü və başıma sığal çəkdi. Onu xatırlamışdım. Başıma toxunduğu anda əlindən gələn qəribə torpaq qoxusunu hələ də unutmamışam.
O da babamı gördüyü üçün sevindiyini söylədi.
“Bu bayram nə gözəl imiş… Hamını tapırsan, görürsən” – dedi.
Babamın qısaqol pencəyindən dartışdırdım. O mənə tərəf əyiləndə pıçıltıyla “Olar, bu hədiyyəni Nuru babaya verim?” – deyə soruşdum.
Babamla Nuru baba gülümsədilər.
“Hə, ver” – dedi babam.
Ürəklənib, balaca kağız torbada olan iki qoğalı Nuru babaya uzatdım.
“Bayramın mübarək, Nuru baba” – dedim.
Nuru babanın gözləri güldü. Yenə əyilib əlimdən öpdü.
O gün mən ilk dəfə hədiyyə verməyin xoşbəxtliyini yaşamışdım.
O bayram günü uşaq yaddaşımda həkk olunan misilsiz bir gün kimi qaldı.
O gün, daha sonralar kim olacağımı işarə edən kiçik bir qız uşağını tanımışdım…