.....

.....

Aslan Şirəlioğlunun şeirləri

Aslan Şirəlioğlunun şeirləri

***

Belə olsa nə xoş olar, eh… yaşam
Boyun əyə, üz söyküyə gül gülə!
Səhər tezdən zirvə keçəm, yal aşam,
Meh əsnəyə, şeh diksinə, gül gülə!

Sevən könül qəlbdə ocaq qalaya,
Eşq odunu gözlərindən calaya.
Həsrətini dərd-səriylə yalaya,
Çəmən boyu mat qalasan bülbülə!

Yanan qəlbi baxışlarla oymayın,
Gül yanağın ləzzətindən doymayın.
Ay sevənlər, sönsün ocaq, qoymayın
Dəhşət olur büküləndə eşq külə!

***

Əsən külək, dağlara de,
De ki, şair xəstə yatır!
Gözü qalıb yollarında,
Qulaqları səsdə yatır!

Denən, ona bir vaxt ayır,
Harda olsa səni sayır.
Ağrıları uyumayır,
Dərdi-səri dəstə yatır!

Aldanmışam qızılgülə,
Ömrü zaman büküb külə.
Yataqlarda Aslan ilə,
Neçə təzə bəstə yatır!


Necəsən?

Leyli, səndən uzaqlarda,
Talanmışam… sən necəsən?!
Dərd qorlayıb… tonqallara
Qalanmışam, sən necəsən?!

Ürəyimə nələr dolub,
Arzularım tamam solub.
Gözlərimdən leysan olub,
Calanmışam, sən necəsən?!

Zaman keçib, gəlib qürub,
Aslan ömrü başa vurub,
Surətini gözdə qurub,
Yalanmışam, sən necəsən?!


Gətir

Bu gecə gələndə, ay qərib gecə,
Gənclik illərimdən qoxu da gətir!
Leyli nişan alıb kənd yollarında,
Sinəmə atdığı oxu da gətir!

Qayıdıb birləşməz ha nazını çək,
Daha ayrı düşüb həm əl, həm ətək.
Ağrını-acını gətirdiyintək,
Mənə bir çimirlik yuxu da gətir!

Bir vaxt ömrümüzü bəzəyirdi yaz,
Görən harda qaldı o işvə, o naz?
Təzədən dərdləşim onlarla bir az,
Həlimsiz Aslanı, şuxu da gətir.

***

Dağlar indi çovğununa döş açıb,
İtib-batıb gədiklərdə meh, yəqin.
Jalələrin gülüşündən nur qaçıb,
Qırov olub saçaqlarda şeh, yəqin.

Ceyranının yamacında yox izi,
Sərtləşibdir qayaların daş dizi.
Məclislərdə xatırlanmır nərgizi,
Verən yoxdu bənövşəyə beh, yəqin.

Ürəklərdə cilvələnir min həvəs,
Xoş sabahın gümanıdır gələn səs.
Yaz ətrinə köklənibdir hər bir kəs,
Heç Aslan da yada düşmür, eh, yəqin.

Leyli

Ahım-amanımdı, dərdim-sərimdi,
Eyni açılmayan üzümdü Leyli!
Yaqutum, yəmənim, ləl-gövhərimdi,
Gözümün yaşında düzümdü Leyli!

Çətindir yaşamaq ömrün qışında,
Bəxti tərs gəlməsin qara daşın da.
Ölçüsü-biçisi ruhum yaşında,
Gerçək həqiqətim, düzümdü Leyli!

Lilləndi dostların eşqinin camı,
Bir-bir arzusuna qovuşdu hamı.
Qırx ildir kor qoyub könül dünyamı,
Nurunu itirmiş gözümdü Leyli!

Açsın bu fəryadı eşqin hakimi,
Tale incidibdir bir belə kimi?
Ölüb, ayaq üstə müqəvva kimi,
Zülümə-zillətə dözümdü Leyli!

Çəkmədim kefini həftənin, ilin,
Boğuldum ahında şikəstə zilin.
Mən ölüb-gedəndə, ay Aslan, bilin,
Dünyaya sonuncu sözümdü Leyli!

Aslan Şirəlioğlu