Susqunluğumuzu duyuran “Azan” səsi.
(Esse)
Bir igid ömrünü yaşayan haqqsız susqunluğumuzu duyuran səsimizə “Azan” səsi ilə müraciət etdim. Sizcə də maraqlı deyilmi? Düşünıcəksiniz ki, “Azan” yalnız məscidlərdən, mənbərlərdən yüksələr… Sizin düşündüyünüz kimi olsun.
Məscidlər…
Dərdimizi götürüb kəramətinə sığındığımız, dualarımıza qanad verildiyini hiss etdiyimiz, ibadət edib kamilləşdiyimiz, səxavət hissinin aşıkarlandığı, ümid qapısı kimi üz tutduğumuz, Allahın evi dediyimiz müqəddəs bildimiz bir məkan.
Bəs əgər vandallar tərəfindən zəbt edilib, müqəddəs müsəlman ibadətgahlarının dağıdıldığı və otuz il ərzində “Azan”səsinə həsrət qalmış tüstüsüz ocaq desək necə??
Ürək parçalanmazmı? İnam məbədinin İmam mənbərinin köksü dağlanmazmı?!
Görəsən dönə-dönə yuxularımızı alt-üst edən Vətən sevgisi, torpaq həsrəti o mənbərlərin minarəsindən hayqırmadımı?! Sinəsinə dağ çəkilmiş, toy-nişan çiçəkləri sahibsiz məzarlar başında əkilmiş, həsrətlə namərd gözlərinə dikilmiş məzar daşlarından baxan donmuş gözlərdə donmamış fəryadlar əlbət bir gün çağıracaqdır elini, doğmasını, əsgərini. Çağırdı! Donuz hənirtisindən diksinən, “Azan”səsinə susayan məbədlərimiz haqsızlığa dözməyərək, öz yiyəsini haqqla çağırdı.
Bircə qığılcıma ehtiyacı olan qeyrətli oğullar, ərlər, nahaqqa dözməyən göylər, yerlər, gözyaşından yaranmış sellər, yumruq kimi birləşən əllər haqq davasında nahaqqa üstün gəldi. Sevindi anatorpaq, qürurla yelləndi Ulu Bayraq.
Ana torpağa qan qarışıb yenidən Vətən oldu.
Qəriblikdən çıxıb doğmalarını qarşıladı.
Məscidlərdə “Azan” səsi,
Cıdırında “Ozan” səsi,
Laçında “Zəfər nəğməsi”,
Həsrət qalmışdıq, haçandır,
“Qarabağ Azərbaycandır!”
Qalib xalq, qalib ölkə olaraq qürurla torpaqlarımıza qədəm qoyuruq. Qanı hədər getməyən şəhidlərimizin ruhu məbədlərimizdə nura boyanıb “Cənnət Mələyi”nə döndülər.
Məscidlərimiz “Azan”sız qalmadı. Susqunluğumuzu duyuran “Azan” səsi qələbə müjdəsi ilə həmrəng, həmahəng olaraq ürəklərə su səpdi. Yolumuz sarsılmaz, qələbəmiz şanlı, birliyimiz əbədi olsun!
Rəqsanə Tapdıqlı
AYB-nin üzvü