.....

.....

Cənnət çiçəyi – Günəş Məmmədli

Cənnət çiçəyi – Günəş Məmmədli

BİR SAHİL

Bir sahil istərəm, sakitcə, səssiz,
Kimsələr olmasın səndən savayı.
O sahil bir sənə, bir mənə aid,
Bir də qanad çalsın ötən qağayı.

Bir sahil istərəm, duyğuma oxşar,
Alsın məni məndən, qoparsın daha!
Çəkdiyim iztirab boyumu aşar,
O sular qoynunda aparsın daha.

Bir sahil istərəm, kimsələr bilməz,
Dənizin ləpəsi, dalğası və mən.
Yadlara qadağa, ora girilməz,
Kimsələr istəməm, ölübdür güvən.

Bir sahil istərəm,dünyadan uzaq,
Duyanlar olmasın pıçıltımı da.
İnsanlar buz tutmuş, dondurur sazaq,
Hiss etməz bədənim sızıltımı da.

Bir sahil istərəm, həyat qaynağı,
Ləpələr sahili oxşasın yavaş.
Bir də qanad çalsın ötən qağayı,
Yaşamaq uğrunda aparım savaş!

CƏNNƏT ÇİÇƏYİ

Bir kiçik dünyam var, ovuc içində,
O mənim ən böyük səadətimdir.
Cənnətin çiçəyi açar içimdə,
Könlümü saf tutan ədalətimdir.

Çirkablar sarıbdır dörd bir yanımı,
Tikanlı kəlmələr üzür canımı,
Nadanlar zəlitək sorur qanımı,
Bunlara yol vermək qəbahətimdir.

Yolların sonunda işıq ucu var,
Bu arzu, bu ümid məni yaşadar.
Qəlbimdən boylanır təmiz duyğular,
İçimdə tutduğum mərhəmətimdir.

Çəkdiyim əzablar yox ola bilməz,
Gördüyüm haqsızlıq içimdən silməz,
Getdiyim haqq yolu bir kölgə bölməz,
İçimdə ilıq bir hərarətimdir.

ÜMİD

Həyat bir ocaqdır, közünə yandıq,
Küləklər üfürdü, gözünə yandıq.
Yağışlar ələndi, söndük sandılar,
Parlayan günəşin özünə yandıq.

Yanaraq qovrulduq, bir bəşər olduq,
Güvəndik, yenildik, yenə doğrulduq.
Acılar daş etdi,i nad elədik,
Əzmkar biritək yenə yoğrulduq.

Hər gün ümid etdik, sabahı açdıq,
Günəş şöləsitək həyata saçdıq.
Kədəri gizlətdik gözlərimizdə,
Xəyalın qoynunda ümüdlə uçduq.

Puç olan ümüddən arzuya döndük,
Bütün acıları keçmişə gömdük.
Tutunduq həyata iki əl ilə,
Haqsızlıq önündə dayandıq dimdik!

BƏHANƏLƏR

Bir qara sevdanın qurbanı oldum,
Nə könlüm açılmaz, nə üzüm gülməz.
Sevgi damarının al qanı oldum,
O özgə damara axıb süzülməz.

Tək sənlə varikən özgə cür olmur,
Sənsiz həyatıma bir sevinc dolmur,
Cismən ayrılsaq da ruh ayrı qalmır,
Qəlbini qəlbimdən qopara bilməz!

Nə aylar ötüşür, nə də fəsillər,
Sanki dayanıbdır, keçməyir illər.
Sənsiz qönçələnib, açılmır güllər,
Dönsən, çiçəklərin boynu bükülməz.

Bəhanələr bizi ayrı salıbdır,
Gedişin məni də məndən alıbdır,
Gözümdə yaşlarım donub qalıbdır,
Sənsiz axıb o da yerə tökülməz.

Kor olar gözlərim, görməz heç kimi,
Qəlbimdə duyaram o saf sevgimi.
Eşqim sinəmdəki ürək deyilmi?
Səndən özgəsinə bir də döyünməz!

GÜLÜŞÜM DƏRDİMƏ BÜRÜNMÜR

“Kaş”kilər qəlbimə düyünlər salıb,
Ümüdlər, xəyallar uzaqda qalıb.
Göy üzün nə yaman buludlar alıb,
Günəşin şöləsi görünmür axı!

Bezdirib bu dünya, fəqan eləyir,
Dillərdə ah-nalə, ağı söyləyir,
Gözlərim gecədən aman diləyir,
Bir ümid işığı sürünmür axı.

Sussam, səssizliyim dünyanı yıxar,
Danışsam, kəlmələr şimşəktək çaxar,
Göz yaşım sel kimi cığırsız axar,
Gülüşüm dərdimə bürünmür axı!

Çöhrəmdə təbəssüm, dünyaya vurğun,
Məni xoşbəxtliyə edibdir uyğun.
Amma içimdəki Günəşim yorğun,
Baxarkən haləsi görünmür axı!