.....

.....

Şəfa Səfəvinin şeirləri

Şəfa Səfəvinin şeirləri

SƏN ELƏ BİR ANDA GƏLDİN ÖMRÜMƏ
Sən elə bir anda gəldin ömrümə ,
Həyatdan əlimi üzmüşdüm onda.
O elə bir andı, elə bir zaman,
Mən özüm özümdən küsmüşdüm onda.

Sən elə bir anda gəldin ömrümə ,
Ölmüş ümidləri yetirə bildin
Dəfn edib yasını tutduğum məni
Yenidən həyata gətirə bildin.

Sən elə bir anda gəldin ömrümə ,
Qaranlıq gecəyə bir işıq kimi
Necə xoş ətirdin, qəlbimə doldun
Həyatlar bəzəyən yaraşıq kimi.

Sən elə bir anda gəldin ömrümə ,
Kədərə qərq olub batırdım o an.
Əgər həyatımda sən olmasaydın,
Bir soyuq məzarda, yatırdım inan.

Sən elə bir anda gəldin ömrümə
Söküb taleyimdən qaranlıq çəni.
Cücərtdin soluxmuş ümidlərimi,
Dünyaya yenidən gətirdin məni .

DARIXMAQ
Darıxmaq nə hissdir,necə söyləyim ?..
Canından ayrılan candır darıxmaq .
Boğaza saplanan bir bıçaq kimi ,
Nəfəssiz qaldığın andı darıxmaq.

Bir yanın tüstülü ocaq kimidir,
Bir yanın həsrətli qucaq kimidir,
Dünyası kor yönlü bucaq kimidir ,
Ən acı təsirli yandı darıxmaq.

Qəlbində xəfif bir titrəyiş olar,
Baxarsan sinənə ağırlıq dolar.
Ümidlər saralıb, puç olub solar
Ağrıdı, acıdı, hicrandı darıxmaq .

Elə bil tələdir,o bir qurğudur
Basdıra bilmədiyin duyğudur .
Əzizim əsil darıxmaq bax budur ,
Axı sızlayan vicdandı darıxmaq .

MƏN VƏTƏN QIZIYAM
Mən Vətən qızıyam, Vətən şairi ,
İstəmirəm yad bir eldə bəslənim .
Sevirəm sənəti, sözü, şeiri
Hər ürəkdə öz dilimdə səslənim .

Savalan ətirli,Pestəsər boyu
Dağların nəşəsi, xoş ədasıyam.
Köküm tarixlərin əsalət soyu
Qocaman Vətənin,Cənub qızıyam .

Xətai nəslinin ruhu incəsi,
Bu haqsız dövranda, haqqın səsiyəm .
Ruhumda çağlayır tarixin səsi ,
Qızılbaş soyundan,gələn nəsliyəm .

ƏLLƏRİN ƏLİMƏ TOXUNMAYANDA
Baxışlarım səni arar hər zaman ,
Eşqimin həsrəti necə də yaman .
Dərdindən divanə oluram inan ,
Əllərin əlimə toxunmayanda .

Ürək buza dönüb üşüyər sənsiz ,
Ömür məcrasından çıxar kimsəsiz .
Bütün yaşadığım anlar mənasız
Əllərin əlimə toxunmayanda.

Səninlə yaşadım ömrü mənalı,
Duruşun, baxışın ayrı ədalı .
Qəlbimi yaxırsan,həsrət sədalı
Əllərin əlimə toxunmayanda .

Sarır düşüncəmi min bir gümanlar ,
Çəkilmir başımdan tüstü, dumanlar,
Ötüşmür nə həsrət,nə dərd zamanla
Əllərin əlimə toxunmayanda .

SƏNƏ SIĞINDIM ALLAH
Bu miskin kədərimlə gəlmişəm dərgahına
Sən yetiş bu qulunun, harayına , ahına .
Daha bir ümidim yox,bu günün sabahına
Dünya mənlik deyilmiş,burda sıxıldım , Allah .
Şeytanın fitnəsindən sənə sığındım, Allah .

Sən çox səxavətlisən,əlimi boş qaytarma ,
Bu çarəsiz bəndəndə gəl bir günah axtarma .
Ümidim tək sənədir,sevgimi məndən alma ,
Fikirlərlə yoğrulub,daha yoruldum, Allah ,
Şeytanın fitnəsindən sənə sığındım, Allah .

Gəlmişəm mehrabına, göylərə pənah edib
Yox səndən alicənab,səndən hörmətli ədib ,
Bu qədər intizarım, vallah sinəmi didib
Həyata zor tutunub,ona darıldım, Allah ,
Şeytanın fitnəsindən, sənə sığındım, Allah .

Bu gündən atıb daşın bütün dünya həvəsin ,
Azadlıq istəyirəm, aç ağzını qəfəsin .
Bir az haqqını verim,tükətdiyim nəfəsin .
Var gücümlə qol açıb,sənə sarıldım , Allah ,
Şeytanın fitnəsindən, sənə sığındım, Allah .