.....

.....

İlahi, bir qadın sevirdi məni – ƏLİZADƏ NURİ (şeirlər)

İlahi, bir qadın sevirdi məni – ƏLİZADƏ NURİ (şeirlər)

Ayı pəncərəndə tül eyləyərdim…

Eşitsəm, haçansa ağlamısan sən,
Tapıb göz yaşını ləl eyləyərdim.
Bir dəfə yanıma qayıtsın deyə,
Yüz dəfə yoluna əl eyləyərdim…

Ömür azaldıqca,arzular artır.
Mən sənə qədərəm…yoxdu ki, ardım.
Sənə ulduzlardan bir ev qurardım,-
Ayı pəncərəndə tül eyləyərdim…

Sevgim səngər olar,- sipər istəsən.
Min ollam,- sən bircə nəfər istəsən…
Eşitsəm, harasa səfər üstəsən,-
Mən öz gözlərimi yol eyləyərdim…

Aydan arı olmaq ar gəlir sənə?
Ağ don istəyirdin- qar gəlir sənə…
Görsəm ki, yer üzü dar gəlir sənə,
Suları qurudub çöl eyləyərdim…

İlahi, bir qadın sevirdi məni…

Dünya bir qadındı, – daş- qaşıydı o.
Gözümə yığdığım göz yaşıydı o.
Sevdiyim bir gülün adaşıydı o,-
İlahi, bir qadın sevirdi məni.

Bəlkə bir yağışın içində qaldı…
Mən bəndə, o, allah gücündə qaldı.
Getdi…barmaqlarım saçında qaldı…
İlahi, bir qadın sevirdi məni.

Mən də bu dərdinəm, yadın deyiləm,
Bəlkə tanrı idi, qadın deyirəm?!
Dayanın,- mən onun adın deyirəm,-
İlahi, bir qadın sevirdi məni…

Bəlkə suya dönüb, bulaqdan baxır?
Bəlkə yanımdadı,- qıraqdan baxır?..
Bəlkə bu yazdığım varaqdan baxır?-
İlahi, bir qadın sevirdi məni…

Axı neyləyəydi bir naşıyla o?
Getdi kədər adlı sirdaşıyla o…
Qoydu imzasını göz yaşıyla o,-
İlahi, bir qadın sevirdi məni..

Sıxmışam sinəmə xatirəsini,
Yağışlar yadıma salır səsini.
İlahi, haçansa rastıma çıxsa,
Ona bağışlaram son nəfəsimi…
İlahi, bir qadın sevirdi məni…

Hər gün bir həqiqət ölür dünyada

Çiçəyi əzilən bağçadı ömür,
Arısı yol azan bir pətəkdi bu.
Güldana qoyduğun saxta gül ilə
Baharı komanda keçirməkdi bu.

Dünyanı şeytana kim uduzdurub,
Bəs şeytan insana uduzar haçan?
Bu ömür deyilən nədir ki, belə-
Bəlkə yol getməkdi ulduzlaracan?

Allah yaxındadı, çox yaxındadı,
Baxma göy üzünün uzaqlığına.
Hər gün bir həqiqət ölür dünyada
Min yalan yığılır başsağlığına.

Həyat-gördüyümüz qorxulu yuxu,
Haqsız da bilir ki, ayrılıq haqdı.
Ölüm də son dəfə evindən çıxıb
Bir daha geriyə qayıtmamaqdı.

Sevinc yalquzaqtək yaxına gəlməz,
Götürüb bəxtinə yamaq vurasan.
…İlahi, bu dünya bar verə bilmir-
Bəlkə bu dünyaya calaq vurasan?!

Bu ömür islanmış kağızmış, demə…

Hər gün ürəyimdən durnalar uçur-
Mənim də canımda payızmış, demə.
Məni ayrılığın yadına salan
Adımı unudan o qızmış, demə.

Bu yol hara belə köçünü çəkir?
Ölüm də kəfənin ucunu çəkir…
Gördüm ki, bir söyüd içini çəkir-
O da mənim kimi yalqızmış, demə.

…Udduğum havanın içində dadın,
Yanım- bir az isin, üşüyən qadın.
…Çərpələng düzəltdim, o da uçmadı-
Bu ömür islanmış kağızmış, demə…