.....

.....

Aysel Xanlarqizi Safarlinin şeirləri

Aysel Xanlarqizi Safarlinin şeirləri

Yenə həsrətə qurub vaxtı hava limanı,
Duzlu yağışlar axır göyün bomboz səthindən.
Təyyarə qanadından asılıbdır ürəyim, 
Yolu kəsib dayanıb ruhum- hava xəttində .

Son dəfə saçlarımı sərib çiyninin üstə ,
Titrəyir dodaqlarım boynunun bir ucunda.
Qopduqca  əllərindən darıxır barmaqlarım,
Tələsən bir bilet də sıxılır buz ovcunda…

Gözümün bəbəyində bulanır son görüntün  ,
Yenə məndən qoparır səni hava limanı…
Arxanca su çiləyir buludlar baxışımdan,
Kirpiklərim dizəcən gözlərimdə çırmanıb…

Sən gedəndə bu şəhər çəkilir öz küncünə,
Yer dağılıb tökülür ayağımın altında.
Ya uçmağı öyrətsin, ya səni geri versin,
Rəhm salsın qəlbinə Tanrı o pilotun da…

Qayıt bu zəhlətökən,bu darıxan vaxtımda …


Daş düşsün başına…

Kədər qatarlanıb hava xəttində,
Ruhum bir təyyarə qanadı üstə.
Yenə həsrətimi möhür vururlar,
Eh…yorğun bir pasport sənədi üstə.

İndi xatirələr çox yüksəklikdə,
Göyün səs-küyündən batır qulağı.
Xəyalım göy donlu stüardesa,
Yalnızlıq-uzanan uçuş zolağı.

De, necə yuxuya verim göz yaşın,
Bu yalqız ömrümü necə qurtarım
Getmə deyəcəkdim,dilim qurudu,
Daş düşşün başına ayrılıqların.


Sən cəsur döyüşçüm, mən əsir yurdun,
Bir Turan arzulu türküm, boz qurdum.
O taylı, bu taylı Xudafərinim,
Qoynuna tələsən Təbriz hayqırtım…

Ayrı qitələrdə həsrət yanğısı ,
Dərviş səbrindəki təklik ağrısı.
Mövlanəm, üləmam,sufim,zahidim ,
Eşqə təsəvvüfüm,Tanrı çağrısı…

Bu şəhid ruhumun azad şəhəri,
Sən Laçın sabahım, Şuşa səhərim…
Köksü səcdəgahım,ocağım, pirim,
Acı taleyimin xoşbəxt zühuru…

Gəl,sənsiz vəhşətdə xaraba ruhum,
Qiyamət ömrümün İsrafil suru…


Tramvay xətlərinin
bir ucu
ürəyimdən keçirdi,
səni evinə,
məni uzaqlara aparırdı
yenə.
Yolu göyə döşəyirdim,
hava xəttindən sizə qədər,
sənə
gəlmək üçün…
Həsrəti yanaqlarımda
duzlamışdım,
barmaqlarım gözümün
tərini içirdi.
Bu gecə
Florya sahillərində
balığa dönmüşdü
ruhum,
Dənizi körpüdən atmışdı
sular,
sahildə boğulmuşdu
bir su pərisi,
qumsalda yatmışdı…
Əlimdən gələni edirdim,
sənsizlikdən
ölmək üçün…
Saat
ömrü 5 dəqiqə idi ki, keçirdi …
Gəldim,
Allahım!…