“İsti ana qucağında”
Bilirsiniz mən nə üçün
Çox sevirəm bibimi?
O mənə çox mehribandır,
Əzizdir anam kimi.
Xalamı da çox sevirəm,
Mənə elə “can” deyir,
“Sən ağıllı, sözəbaxan,
Qəşəng qızımsan”, – deyir.
Mən məktəbli bacımı da
Sevirəm dünya qədər.
Darıxmıram, o mənimlə
Oynayır axşam-səhər.
Evimizdə mən hamıdan
Çox sevirəm nənəmi.
Qış gecəsi nağıl deyir,
Əyləndirir o məni.
Ancaq niyə, heç bilmirəm,
Gözüm yaşla dolanda
Mən anamın qucağına
Atılıram bir anda?!
Xəstələnsəm, onu görcək
Ağrımayır başım da.
İsti ana qucağında
Quruyur göz yaşım da.
Gənc səyyahlar
Hər keçiddə ayaq saxla
Asta-asta qalx bu dağı.
O qartala baxıb öyrən,
Yavaş-yavaş ucalmağı.
Dağda, daşda yorulanda
Unutma gəl sən bir an da,
Bu torpaqdan güc almağı.