.....

.....

“Naxələf övlada el yana bilməz” – Boluslu Anar Əlioğlu (şeirlər)

“Naxələf övlada el yana bilməz” – Boluslu Anar Əlioğlu (şeirlər)

Şairi
Zülmətin qoynunda yuva qurubdur,
Ağrılar edibdir zəlil, şairi.
Çöhrəsi saralıb qəmin əlindən,
Görsən tanımazsan bu il, şairi.


Səmimi, mehriban gülərüzlü qız,
O ədəb-ərkanlı şirin sözlü qız,
Saçları xurmayı, badamgözlü qız,
Görəsən sevirmi əlil şairi?


İnsaf et, gəl olma bu qədər zalım,
Könlümə həmdəm ol, qoyma sozalım.
Boluslu Anaram, a dərdin alım,
Hüsnünə vurulub bu el şairi.


Lalə


Yerin, yurdun deyil axı,
Qanqalların içi, lalə.
Çəmənlikdə bitməliydin,
Düzgün elə seçim, lalə.


Bağda yalqız görən anda,
Dərd oynadı yazıq canda,
Huşum qaldı bir cananda,
Qan ağladı içim, lalə.


Atılıb eşq meydanına,
Baş vurdum qəm ümmanına,
Xatirələr ünvanına,
Başladı son köçüm, lalə.


Dönəcəyəm


Əl uzatsan əlin çatar,
Bax, uzaqda deyiləm ki?!
Məsafə də bəhanədir,
Çox uzaqda deyiləm ki?!
Mənə doğma ola-ola,
Ax…bu qədər niyə yadsan?
Mənim üçün yanarsanmı,
Əcəl gəlsə, torpaq udsa?!
Yaddaşında, xatirində,
“Aya-günə dönəcəyəm”.


Yuva qurdum xəyalımda,
Ocağı sən, alovu sən.
Tez-tez vuran ürəyimin,
Atəşisən, alovusan.
Sənsiz dünyam dağılıbdır,
Qan qusuram, qızıl teştsən,
Əl çatamayan uca zirvə,
Himalayda Everestsən.
Sürünməkçün ətəyində,
Duman, çənə dönəcəyəm.


Hiss edirəm, ömrüm-günüm,
İnadını yenəcəksən.
Tale quşu olub bir gün,
Başım üstə enəcəksən.
Qırılmayan, əzilməyən,
Qürurunu yeyəcəksən.
Səndən başqa kimim var ki…
Ümidvaram deyəcəksən:
Qəlbim ilə, varlığımla,
Bir gün sənə dönəcəyəm.


Düşdün


Bəxtimə istədim Tanrıdan səni,
Gəlib ürəyimin başına düşdün.
Mən səni baharda arzulamışdım,
Heyif ki, ömrümün qışına düşdün.


Hicranın canımı yandırıb yaxır,
Vüsalın üzümə kənardan baxır.
Deyirlər kişilər ağlamır axı,
Bir damla gözümün yaşına düşdün.


Kimlərin başına biz indi tacıq,
Biz kimə dayağıq, kimə möhtacıq?!
Bu sözüm qoy sənə gəlməsin acıq,
Mənim taleyimə boşuna düşdün.


Yana Bilməz
Sərçənin, qarğanın məhəbbətinə,
Çiçək yana bilməz, gül yana bilməz.
Hər ağıllı başın hərarətinə,
Dodaq alışammaz, dil yana bilməz.


Yaşamaq hədərdir ölsə marağın,
Evin işıqlanar, yansa çırağın.
Mən belə görmüşəm, sönsə ocağın,
Yenidən odlanıb kül yana bilməz.


Səbirlə ömrünü vurursan başa,
Hazırla özünü payıza, qışa.
Ay Boluslu Anar, el üçün yaşa,
Naxələf övlada el yana bilməz.
Boluslu Anar Əlioğlu