QARDAŞ
Bu həsrətin adı var,
Uzaqların yadı var.
Səndən ayrı dadı var
Yaşanılan günlərin?
Qardaş, yerin çox dərin!
Candan ayrı can olmaz,
Uzaqlardan gün doğmaz.
Qardaş, yerin heç dolmaz,
Çəkilməzdi həsrətin,
Ayrılığın çox çətin!
Günləri saya-saya
Çevrilib dönür aya.
Gəlmir ki kimsə haya,
Səbrin sonu səlamət,
Allahıma əmanət.
Qucaq açım yoluna,
Sığınım cüt qoluna,
Dolanım sağ-soluna,
Ay qurbanın olduğum,
Həsrətindən solduğum.
Gəl nurlansın sabahım,
Çəkilsin fəğan-ahım.
Pənahında Allahım
Saxlasın səni, qardaş,
Ömrümün təni, qardaş!
İNTİZAR
Dərin-dərin düşüncələr
Alıb məni çəkər burdan.
Xatirələr hey incələr,
Bilinməz ki qopar hardan.
Gözlərimin intizarı,
Ürəyimin dərd-azarı,
Qazıb mənə bir məzarı,
Necə axı çıxım ordan?
Qaranlıqdır, işıq hanı?
Ruh tərk edib yazıq canı.
Dövr etməyir damar qanı,
Ürək donub sazaq-qardan.
Çırpıntısı yoxa çıxıb,
Duyğuları qəmlə axıb,
İntizarı gizlin baxıb,
Qurtaranı yoxdur dardan.
ANAM NİGARANDIR
Mən hələ çox gənc idim,
Arzularım ümmandı.
Qara torpaq altında
Hansı arzuma yetim?
Ömür, mənə nə tez qıydın?
Gözlərimdə dumandır.
Əcəl mənə günmü saydın?
Anam çox nigarandır,
Atam zəngimi gözləyir,
Deyim, evə çatıram.
Qardaşım kölgə izləyir,
Uzaqlardan baxıram.
Nə çoxdur qonağım mənim,
Toy libasım asılqanda,
Anam hey baxıb ağlayır.
Mən boğuldum haqsız qanda,
Gözlərində qan çağlayır.
Mağar vardır – yas mağarı,
Qonaqlarım qara libas.
Axı on gün bundan öncə
Qarşıladım hər qonağı.
Onlar al-əlvan geyimdə,
Bürünmüşdülər sevincə.
Amansızsan həyat, niyə?
Vay qarışdı hər kəlməyə.
Ömür bitdi, həyat soldu,
Gündüzlərim gecə oldu.
Anam məndən nigarandır,
Məzarımda hey şam yandır.
Gəncliyimin işığıtək,
Alovlansın titrək-titrək.
XƏYALLARA DALIB
Hüzn dolu baxışların
Gözlərinə kölgə salıb.
Gül çələngi naxışların
De, hansı illərdə qalıb?
Yel vurub, xarman sovurub,
Alovsuz odlar qovurub,
Göz önündə nələr durub?
Xəyallara yaman dalıb.
Aparıb ilk gəncliyinə,
Uşaqlığın dincliyinə,
Dönüb illər sərtliyinə,
Kövrəkliyin səndən alıb.
Alnının qırışı dərin,
Odlu ruhun buzdan sərin,
Payıza var çox bənzərin,
Baharın vədəsiz solub.
Göz yaşından dərdin yağır,
Çəkisi az, həcmi ağır.
Ötənlərə dönüb baxır,
Günəşi buluda dolub.
YALANDAN YAŞAMAQ
Yalandan yaşamaq yaşamaq deyil,
İnsan tənhalığa çox edir meyil.
Ətrafın insanlar, içində boşluq,
Ömrünü sürürsən tüfeyli, veyil.
Yalandan yaşamaq qəlbini didir,
Tənhalıq anbaan səni incidir.
Kimsələr anlamaz bu təkliyini,
Çoxluqlar almayan sənin içindir.
Yalandan yaşamaq tək ünvanındır,
Qəlbində duyduğun gizlin anındır.
Kimsə anlamaz ki yaşadığını,
Alovsuz hey yanan sənin canındır.
Yalandan yaşamaq yıxılan dünyan,
Qışın ortasında duyğular üryan.
Elə işləyir ki, soyuq canına,
Buz dağı görünür gözünə hər yan.
Yalandan yaşamaq susuz bir səhra,
Orda rast gəlməzsən axı bir nehrə.
Yanarsan susundan, quruyan dodaq,
Qarışar boğazda yapışan qəhrə.
Günəş Məmmədli