Sınaq, yoxsa cəzamı?…
Daha səbrimin yaxası
gün vurmuş tül kimi
ilmələnib,salxır.
Örpəkli yalanların,
əsir olmuş sevgimin,
gözlərində vurnuxur.
Biganə nəfəsin,
itirmək qorxusundan,
ürpənmiş ürəyimi,
buz bağlamış hənirinin
köksünə sıxır.
Ögey baxışların ox kimi,
qəlbimin gözünü oyur.
Misra-misra dara çəkilən
ötən günlərin xatirəsi,
Bir film kimi…
xəyallarıma yansıyır.
Tənhalıqdan
gözləri dörd olmuş
ümidlərim,
çarəsizcə özüylə dərdləşir…
Səksəkəli duyğular,
bağrımı didir.
Səbri tükənmiş sevgim,
arxansınca sürüklənən
günahların ətəyində
can verir.
Ruhum canımın
bir udumluğunda…
Düşünürəm İlahi, bu sevgi…
yolunu azmış etibarla,
düyünlənmiş ahın,
son nəfəsini verən
bir ömürçün,
sınaq, yoxsa cəzamı?
Sənli xatirələr
Üz tutdum sevgimin ilkin bağına,
Gördüm ki, əkdiyin güllər saralıb.
Səni qollarına alıb gətirən,
Cığırlar saralıb, yollar saralıb.
İntizar örpəkli xoş xatirələr,
Məni o, illərə alıb, apardı.
Həsrətdən üşüyən ilk məhəbbətim,
Xəzan küləyi tək tufan qopardı.
Sanki eşq qoxuyan gülüş səsimiz,
Kükrəyən dəniz tək dalğalanırdı.
Şirin xatirələr didib qəlbimi,
Sənli anlarıma sənsiz yanırdı.
Gülləri səpərdin yollarım üstdə,
Könlümdə sevgidən çələng hörərdin.
Titrək əllərimi alıb əlinə,
Gül-çiçək qarışıq elə öpərdin.
Əlimi uzatdım xatirələrim-
Ovcumdan quş kimi köç eylədilər.
Könlümün yuvasın tarimar edib,
Məni misra-misra puç eylədilər.
Artıq qırx il ötüb o xoşbəxt gündən,
Əlvida söylədim o yaz ömrümə,
Əsaya söykənib asta yerişlə,
Qayıtdım yağışlı payız ömrümə.
Qocalıram.
Bacarmadım unutmağı,
Xatirəndən öc alıram.
İzlərinə od ələyib,
Tüstüsünə qocalıram.
Xumar-xumar həsrət yağır,
Taleyimin yaxasına.
Mürgüləyir bəxtin gözü,
Divanəlik yuxusuna.
Yoxluğuna dözmür ürək,
Kölə olub xəyalıma.
Ruhumdakı tənhalığım,
Möhtacdır yar sığalına.
Ümidlərim misra-misra,
Sətirlərdən asılıbdı.
Yalın qalan arzularım,
İntihara yol alıbdı.
Əlim Haqqın ətəyində,
Ovunaraq ucalıram.
İsmətimin yanağında,
Yarpaq-yarpaq qocalıram.
Taleyimin rəngi…
Rəssam,elə rəng seç solmasın izi,
Əzəldən gülməyib bəxtimin üzü,
Açılmır yağmurdan sevdamın gözü,
Nəmli gülüşlərim bəm ahəngdədi,
Bildinmi,taleyim hansı rəngdədi?…
Yazan qismətimi əzabdan yazıb,
Vədəsi fələyin əlində azıb,
Ruhumu bir ahın dilindən asıb,
Nəfəsim elə bil dar səhəngdədi,
Bildinmi, taleyim hansı rəngdədi?…
Toxunur əlimə şehi üşüdür,
Saçımı darayan mehi üşüdür,
Yalın arzuları ahı üşüdür,
Sazaqdan dil açan qəm ürəkdədi,
Bildinmi, taleyim hansı rəngdədi?…
Sinib xatirəmin buz baxışına,
Xəzan ilmə salıb yaz naxışına,
Əyni islanıbdı söz yağışına,
Bir ömür nəğməsi bu çələngdədi.
Bildinmi,taleyim hansı rəngdədi?…
Səninlə sənsiz yaşadım.
Cavanlıq,cavanlıq…
Nədənsə kövrəlib,
ötən günləri xatırladım.
Yadındamı…
əsgəri xidmətdən, on günlük
məzuniyyətə gəlmişdin.
Universitetdə ilk görüncə
gözəlləşmisən…
deyə heyrətləndin.
Təbəssümündən eşq süzüldü,
Gözlərindən ürəyimə qor düşdü.
Nəfəsim o an boğazımda
düyünləndi.
Səninçün bərk darıxmışdım.
Ehh… hanı o günlər…
Daha yoxdur…
gözlərindən axan sevginin
yanağımda busəsi…
Məni bağrına basan çiçəklərin
ləçəklərini yaxan məhəbbətin
isti nəfəsi,
Dilində əsib-titrəyən,
səni dünyalar qədər sevirəm kəlməsi…
Sevdamızın canına hopdu həsrət.
Yaşadığımız illərin əzabı
içimizi göynətdi,
Mənim üçün çəkilməz,ağır dərddi
Ayrılıq yağmuruna əyni islanmış gecələri,
pəncərəmdə damcı-damcı
sabahladım.
Soyuqluğu gözəlliyimi soldurdu,
Göz yaşları gülüşümün dodağından
sənin ətrini yuyub apardı.
Sığal çəkən sazağı
saçlarımı ağartdı,
Hisslərimi dara çəkən biganəliyi,
Mənə, səninlə…
sənsiz yaşamağı öyrətdi.