LƏNƏT SƏNƏ, KOR ADAM!
Əsrlərdir, insanlar
Həcc ziyarətində qolgücünə şeytanı daşlayırlar.
Şeytanı daşlayanların hamısı öldü,
Amma şeytan ölmədi…
Daha da gücləndi,
Yekəldi, kökəldi, dikəldi şeytan.
Şeytana atacağı daşı pulla alan – bəndə
Şeytana atılan daşları satan – bəndə…
Bir buğdanın güdazına cənnətdən qovulan şeytan
İndi nə daş satana baxır, nə də daş atana.
Daşlama şeytanı –
Özünü daşla, məni daşla, onu daşla, bizi daşla,
Daşla, Adəmoğlu, daşla!
Bu dünya gözləri qan rəngində olan
Ölkə rəhbərlərinin qalstukları rəngdədir…
Köpək dişini qıcayıb
Dünyaya öz qalstukunun rəngindən baxanları daşla sən,
Dünyamızı bir sənədə qol çəkməklə
yandırıb-yaxanları daşla sən.
Yüz illərdir ərəbin nağıllarından qalan yazıq şeytan
İndi mürgüləyir kitablarda, nağıllarda.
Daşlayıb oyatma onu, Adəmoğlu.
Sevgidən, mərhəmətdən danışıb
Südəmər körpələrə qanadlı raket atanları daşla,
Raket düzəldən bu “raketbaşları” daşla…
Tüpürcəkli ağzı ilə “Allahu-Əkbər” deyə qışqırıb
Uşaq başı kəsənləri daşla…
Kitabsız, peyğəmbərsiz olan bu dünyada,
Az qala hər xalqın öz kitabı, öz peyğəmbəri var indi.
Bu kitabı, bu peyğəmbərləri şeytan paylamayıb axı.
Dünya binə olandan Allah da bağışlayır şeytanı,
Şeytan neyləsin?…
Min illərdir əlidaşlı, ayaqyalın düşmüsən görmədiyin,
Şər bildiyin şeytan adlı bir qüvvənin dalınca…
İşin tərsə düşəndə,
“Lənət sənə kor şeytan” deməklə iş avand olmur.
Sənin şüarın budur –
“LƏNƏT SƏNƏ, KOR ADAM!”
Özünü daşla, məni daşla, onu daşla, bizi daşla –
Başla, Adəmoğlu, başla!!!
Gündüz SEVİNDİK