Baxışımı çəpərinə salmışam
Daş ürəyin qoy titrəsin yaman oy,
Qaysağına səkkizinci qatmışam
Məlhəm kimi dodağımı qoyam, qoy.
Dəli(dir) könül… hansı yana üz tutam?
Sədaqətin məxrəcini düz tutam.
Gücüm yetmir ayrılığa diz tutam
Ürəyinə sözlərimi yayam,qoy.
Min çırağın atəşidir varlığın
Nədir sənin bu dünyada darlığın?!
Boğazına bu soyuqda taxdığın
Şərfə dönüb, nəfəsini sayam, qoy.
Yetər! atdın gözlərimdən düzünü.
Yer də dartır ayağ altdan özünü.
Pəncərəni döyəcləyən sözümü
bir yoxsulun röyasında qoyam, qoy.
***
Cibimdə çox kiçik ümidlər qalıb
Gözümün eşiyi sisdən yol çəkir.
Bağrına daş basan torpaqdır içim
Ona da günəşin kölgəsi çökür.
Yağan qarın rəngi hopur saçıma
Günəş qovurduğu yola qar düşür
Enmək yenilməkdir, zaman ərimək
Zaman da an gəlir, gözümdən düşür.
Sıxıb dizlərimi dodaqlarıma,
Gözüm kipriyimi göylərə əyir.
Yaşımın üstünə hər yaş qoyduqca
Yaşımın altında daş da göyərir.
İşıq aydınlatmır qətran gecəmi
Çaylar da bahara üzüağ çıxmır.
Mənə hər yoxluğu öyrədən şəhər
Sorur nəfəsimi,yuxumdan çıxmır.
Hər gecə röyama bir uşaq gəlir
Qarın, qartopunun həşirindədir.
Qar hopur saçına, qocalır uşaq
Görür ən təmiz qar keçmişindədir.
Cibimdə çox kiçik ümidlər qalıb
Gözümün eşiyi sisdən yol çəkir.
Bağrına daş basan torpaqdır içim;
-Ona da günəşin kölgəsi çökür.
***
Hər dildə danışa bilmərəm,
ancaq
hər dildə gözünə gülə bilərəm
Dəli olanların doğruları var
Bircə yalanına ölə bilərəm.
Bilirsən? Hər gözə gülmək də olmur
Hər doğru sözə də inanmıram heç.
İndi dost dostunun üzünə durur
Sənə dost deyiləm, günahımdan keç.
Yığışdır,toparla, dadına bax,gör
Bitən xatirələr necə bal dadır?!
Sənin ayağını yoran yolların
izi ürəyimin közü boydadır.
Qar yağır üstümə, isyanım küldən
İçimdən yollara səpələnmişəm
Qayıt uzaqlardan, qayıda bilsən.
Külümdən tökülüb, təpələnmişəm.
Qəlbimdə düyündür bunca iztirab..
Mənim öz cismimdə özüm qədərsən.
Yenə də dönməsən, Günəş doğmasa
“heyif..” -deyəcəyəm-“heyif… Hədərsən..”
***
İndi saat mənsizliyə işləyir.
Sənsiz dönən hər sabaha günaydın.
Yatmış saat hərdən düzü göstərir,
Səhvi gəzən gözlərinə günaydın..
Söhbət bitdi, hər kəs getdi işinə
Bu söhbətdə bir mən başa bəlaydım
Təslim oldum ,yaradımı işinə?!
Zəifliyin təsvirinə günaydın..
Gözlərimə ağlamağı öyrətdin
Axı gözün gülməyindən yanaydın..
Eşq bir dərya, qasırğalar törətdin
Gülər gözün dəryasına günaydın.
Ucuzluğu böyütmüşdüm gözümdə-
ovucumda hədiyyəydin,hənaydın.
Görməmişdim dizimi bu dözümdə
Məğrurluğun təkliyinə günaydın!