.....

.....

Sevgi tablosu – Əmrah Tənha (şeirlər)

Sevgi tablosu – Əmrah Tənha (şeirlər)

Sevgi tablosu
Həsrətlə gözləyən ağlar gözlərim,
Çəkir vəfasızın gedən yolların.
Taqəti olmayan yorğun dizlərim,
Öpür cığırlarda ayaq tozların.

Sən idin üzümü güldürən adam,
İndi o gülüşlər küsüb, inciyib.
Doğmalar içində ögeyəm, yadam,
Mənim sol tərəfim çox qəribsəyib.

Rahatlıq tapmıram geniş dünyada,
Düşüb qasırğaya, tufana ömrüm.
Qoparır xəyaldan çağırış, səda,
Qarışıb yox olur dumana ömrüm.

Sənli arzularım puç olub getdi,
Apardın özünlə sevgi tablosun.
Sanma ki sevgim də yox oldu, bitdi,
Mənimlə həmdərddi xəyal dünyası.

Nakam sevgi
Sən adlı ağacın yarpağı solub,
Quruyub kökündən gedir eləcə.
Sevincli qəlbimə dərd-qubar dolub,
İndi mən yaşayım de, axı necə?

Bənizin gözümün önündə hər dəm,
Yuxu da yatmıram, beynim qarışıb.
Yazıq ürəyimə sən idin həmdəm,
Bu nakam sonluqla o da barışıb.

Unutmaq da olmur, unudam səni,
Sevgi mənzilində iz buraxmısan.
O qonur gözlərin axtarır məni,
Hiss edə bilirəm çox darıxmısan.

Darıxmaq deyirik, axı nə fayda,
Əlindən nə gələr aciz bəndənin?
Həyatın işidi, belədi qayda,
Ruhlar da cüt deyil, ayrı bədənin.

Tənha adam
Bir vaxt qurban edərdin özünü mənə,
İndi nə dəyişdi, nədən soyudun?
Yalana gərək yox, düzün de mənə,
Bil ki sevgin bağın xaraba qoydun.

Məcbur da etmərəm, məsləhət sənin,
Mən elə əvvəldən yalqız adamam.
Axı nəyin çatmır sevgidə, nəyin?
Özümü oduna yaxan adamam.

Yolun açıq olsun, qarğış etmərəm,
Səndən fərqli mənim sevgim təmizdir.
Mən ümmanam, çağlayaram, bilmərəm,
Sevdiyim insan da daim əzizdir.

Allahın payı
Qız övladı Allahın öz rəhməti,
Oğul isə bu dünyanın neməti,
Hər ikisi də valideynin sərvəti,
Verdiyin payına mən qurban, İlahi.

Fəsli bahar kimidi verdiyi hər nəfəsi,
Ürəyin fərəhlənər gələrkən gülüş səsi,
Dünyanı bağışlayar içdən öpüş busəsi,
Verdiyin payına mən qurban, İlahi.

Xoş arzular, diləklər dilində əzbər olar,
Ayağına daş dəysə gözlərin yaşla dolar,
Sevib-əzizləməsən quruyar, gültək solar,
Verdiyin payına mən qurban, İlahi.

Ey uca Rəbbim, olmayana ver payı,
Onsuz qış kimi keçər yazı, həm də yayı,
Heç önəmli deyil övladın rəqəm sayı,
Verdiyin payına mən qurban, İlahi.