.....

.....

Gözümdən düşənlər- Səbinə Xosiyeva

Gözümdən düşənlər- Səbinə Xosiyeva

Gözümdən düşənlər

İtib daha inam, etibar, güvən,
Sözünün üstündə duran qalmayıb.
Sevgisi, hörməti, sədaqətilə
Qəlbində imarət quran qalmayıb.

Hər kəs bir mənfəət, bir çıxar güdür,
Saxtadır üzünə gülən sifətlər.
Hamının maskası düşür axırda,
Oxşamır gələnlə gedən sifətlər.

Uzaqlıq yaxşıdır, ondan ötrü ki,
Adam yaxınlaşıb dərdə qapılır.
Qəlbində yer edən diri adamlar
Axırda qəlbindən ölü tapılır.

Sən də yaxın gəlmə, qorxuram, düzü,
Qalxıb gözlərimə, düşərsən ordan.
Uzaq dur, əzizim, qıymıram sənə,
Parça-tikə olur düşənlər ordan.

Apar həsrətini

Sən rahat yatırsan hardasa indi,
Mən neçə gecədir, yuxu yatmıram.
Gəl, bu həsrətini, gəl, götür, apar,
“Yiyəsiz” deyərlər, çölə atmıram.

Daha başım itir, yaddaşım itir,
Söz də saxlamıram, dilimdə qalmır.
Bu həsrət sənindir, gəl, al əlimdən,
Nə qədər gec deyil, əlimdə qalmır.

Atıb-getmək səndə adətdir, onsuz,
Anidən aradan qaçıb çıxardın.
Sevginə də sahib çıxa bilmədin,
Barı həsrətinə sahib çıxardın…

Qədrimi bilmədin

Vaxtında qədrimi bilmədin axı,
Get, daha gözümdə çox kiçilmisən.
İndi unutmaqdır tək çıxış yolu,
Sən məni sevməyə çox gecikmisən.

Bir vaxt məhəbbətim sənə yük idi,
İndi nədəndir bu kövrək baxışlar?
İtirdin bu eşqi, özün itirdin,
Kim kimi bu qədər yüz yol bağışlar?

Hələ ki gözlərin dolur-boşalır,
Gün gəlsin, onu da qurudacaqsan.
Sən mənim üstümə hələ gül kimi,
Nə qadınlar sevib unudacaqsan…

Çiçək saxladım

Necə addımladım, necə, İlahi?
Yolumun üstünə daş qoydu hərə.
Heç zaman üzmədim əlimi səndən,
Bir qırıq ümidlə gəldim bu yerə.

Bu daşlı-qayallı, tikanlı yoldan
Keçərkən nə qədər milçək tapdadım.
Tikanlar əlimi etsə də viran,
Daşların içindən çiçək topladım.

Sevinci bir qucaq dəstə bağlayıb,
Kədəri bir dənə ləçək saxladım.
Başıma nə gəlsə, şahidsən, Allah,
Mən öz ürəyimi çiçək saxladım.

Bilirdim

Bilirdim, nə vaxtsa dərk edəcəksən,
Xeyli vaxt keçsə də, axır anladın.
Üzülmə, əzizim, çalış qəbul et,
Hələ çox olacaq kövrək anların.

Axı kişilər də keçib xəlvətə,
Gözdən ovuc-ovuc yaş tökə bilir.
Fikirdən, əzabdan itmiş başına
Özü öz əliylə daş tökə bilir.

Nə qədər üzündə gülüş olsa da,
Gözündə kədəri gizləmək olmur.
Onun göstərdiyi qayğını, eşqi
Durub başqasından gözləmək olmur.

Gərək gözlərini açıb görəydin,
Hər şeyi rahatca, axx, demək olmur.
Ha çalış, çabala, ha gəz dağ-daşı,
Qismətdən artığın, bax yemək olmur…

Təşəkkür

Elə bilirdim ki, getsən, ölərəm,
Demə, varlığınmış məni öldürən.
Ömrümə, günümə qənim kəsilib,
Mum kimi ürəyi daşa döndərən.

Zamanla örtülür bütün yaralar,
Daha o halımdan əsər qalmayıb.
Bir vaxt yollarında qalan gözlərim
Daha o yollarda əsir qalmayıb.

Elə böyümüşəm o gündən bəri,
İnsan sərrafıyam hətta, min şükür.
Daha seçiciyəm, daha diqqətli,
Bütün bunlar üçün sənə təşəkkür.