İŞIĞA AÇILAN QAPI
Gülşən müəllimə ilk dəfə sinfə daxil olanda, kənd məktəbinin köhnə, boz divarları arasında bütün uşaqların gözlərində parlaq bir maraq hiss etmişdi. Onların arasında biri dərs zamanı digərlərindən daha diqqətli olurdu. Rəşid idi – balaca, amma iti zehni, həvəsli baxışları ilə seçilən bir uşaq.
Gülşən müəllimə dərs zamanı hər dəfə sinfə sual verdikdə Rəşid hamıdan qabaq əlini qaldırırdı.
Hər bir cavabı düşünülmüş və dolğun olurdu. Onun parlaq gələcəyi ola bilərdi, amma geyimi və çantasının köhnəliyi, üzündəki yorğun ifadə onun evdə hansı şəraitdə yaşadığını göstərirdi.
Hər gün məktəbə gələn bu uşaq bir gün dərsə gəlməyəndə, Gülşən müəllimə narahat oldu.
Bir gün yox, iki gün yox, artıq bir həftə idi ki, Rəşid məktəbə gəlmirdi. O, digər uşaqlardan soruşduqda həqiqəti öyrəndi – atası onu məktəbdən çıxarıb mağazada işləməyə göndərmişdi.
Gülşən müəllimə həmin gün məktəbdən çıxıb birbaşa Rəşidgilin evinə yollandı. Köhnə taxta qapını döydü. Qapını Rəşidin atası açdı. Yorğun gözləri, ağır işin altında əzilmiş qaməti, üzündəki dərin izlər onun həyatla apardığı mübarizəni göstərirdi.
– Bağışlayın, sizi narahat edirəm, mən Rəşidin müəlliməsiyəm, – Gülşən müəllimə sakit səslə dedi.
Rəşidin atası onu içəri dəvət etdi. Ev kasıb, amma təmiz idi. Evin küncündəki çarpayıda xəstə bir qadın – Rəşidin anası uzanmışdı. O, güclə nəfəs alırdı. Gülşən müəllimə evə keçib əyləşdikdən bir neçə dəqiqə sonra:
– Müəllimə, mən bilirəm, oğlum ağıllıdır, – deyə Gülşən müəllimənin gəlişinin məqsədini başa düşən Rəşidin atası qəhər içində danışmağa başladı, – Amma mənim gücüm çatmır. Nə qədər işləsəm də, nə xəstə arvadımın dərmanına, nə də oğlumun məktəb xərclərinə bəs edir. Ən azından Rəşid mağazada işləsə, evə bir köməyi dəyər.
Gülşən müəllimə içini çəkdi. O, kənddə müəllim kimi işləyirdi, özü də elə varlı deyildi. Amma istedadlı bir şagirdin gələcəyinin kasıblıq ucbatından məhv olmasına göz yuma bilməzdi.
– Mən sizə bir təklif edəcəyəm, deyə irəli əyildi, Rəşidin məktəb xərclərini öz üzərimə götürürəm . Kitablarını, paltarlarını mən alacam. Yalnız bir şərtim var o, məktəbə davam etsin.
Rəşidin atası bu sözlərə əvvəl çox etiraz etdi, amma sonra düşündü. O, oğlunun da özünə bənzəməsini, yoxsulluq içində əzilməsini istəmirdi. Dərin bir nəfəs aldı, başını aşağı saldı və razılaşdı.
– Sizdən bir xahişim də var, – Gülşən müəllimə pıçıltı ilə dedi, – Bunu Rəşid bilməsin. O, məktəbə getsin, amma elə bilsin ki, hər şey öz axarı ilə düzəlib. Uşaqların yanında pis olmasın.
– Yaxşı… Bilmirəm, sizə necə təşəkkür edəm. Allah sizdən min dəfə razı olsun, Gülşən müəllimə!
Gülşən müəllimə gülümsədi…
Axşam Rəşid mağazadan qayıdanda atası ona məktəbə qayıdacağını dedi. O, inanmadı.
– Axı necə? Pulumuz çatmır axı? – o, heyrətlə soruşdu.
Atası onun saçlarını sığalladı və sadəcə bir cümlə dedi:
– Oxu, adam ol, oğlum.
Rəşid atasına daha sual vermədən dəftər-kitabını qarşısına qoydu.
O, məktəbə qayıtdı və daha böyük həvəslə dərslərə başladı. Gülşən müəllimə də hər fürsətdə ona kömək edirdi. O, xüsusilə Gülşən müəllimənin dərsini biologiyanı sevirdi. Həyat qurtarmaq, insanlara yardım etmək onun ən böyük arzusu idi. Bir neçə il sonra Rəşid ali məktəbə qəbul olundu. Bakıya getdi, həm oxudu, həm də işləyib ailəsinə kömək etdi. Gecələr yatmayıb, oxuyurdu. Çünki o bilirdi ki, kimlərinsə həyatını dəyişmək üçün ilk öncə özü uğurlu olmalıdır…
…
İllər su kimi axıb keçdi. Bir gün Bakı yolunda baş verən ağır yol qəzasından sonra təcili yardım maşınları sirenalarını çaldıra-çaldıra xəstəxananın həyətinədaxil oldu. Həkimlər və tibb bacıları qaça-qaça içəri girdilər. Xəstələrdən biri – Kamil Əsgərovun vəziyyəti stabil idi, lakin onun həyat yoldaşı Gülşən Əsgərovaağır kəllə-beyin travması almışdı. O, qan içində idi və nəfəsi getdikcə zəifləyirdi. Həkimlər təcili əməliyyat otağına toplaşdılar, lakin əməliyyatın çətinliyi onları tərəddüddə qoyurdu. “Bu çox risklidir,” – deyə yaşlı cərrahlardan biri başını yellədi. Heç kim bu əməliyyata girməyə cəsarət etmirdi. Tibb bacısı xəstələrin məlumatlarını gətirəndə otaqda qəribə bir səssizlik yarandı. Cərrahlardan biri, cavan və cəsarətli bir həkim, qeydlərə baxan kimi gözləri geniş açıldı. Üzündə qəribə bir həyəcan, keçmişə açılan bir pəncərə canlandı. O, dərin bir nəfəs aldı və cəsarətlə irəli çıxdı:
– Əməliyyatı mən edəcəyəm!
Baş həkim təəccüblə ona baxdı:
– Sən əminsən, doktor?
O, qətiyyətlə başını tərpətdi:
– Bəli, bu əməliyyatı mən edəcəyəm!
Əməliyyat uzun sürdü və çətin keçdi. Saatlar bir-birini əvəz edirdi. Cavan həkim bir an belə olsun dayanmadı, hər şeyi mükəmməl etməyə çalışdı. Onun üçün hər keçən dəqiqə riskli olsa da, bu işi bacaracağına inamla yanaşdı. 12 saatdan çox davam edən cərrahi müdaxilədən sonra həkimlər tər içində əməliyyat otağından çıxdılar.
Gülşən uzun müddət huşsuz yatdı. 4-5 gün keçdikdən sonra narkozun təsirindən ayıldı. Bu müddət ərzində onun yaxınlarına xəbər edilmiş, onlar da xəstəxanaya gəlmişdilər. Gülşənin qızı Lalə, onun başının üstündən bir an belə ayrılmamışdı. Qız hər gün tibb bacılarından və həkimlərdən anasının vəziyyəti haqqında soruşurdu.
– Əməliyyat çox çətin idi, – deyə tibb bacılarından biri ona danışırdı. Həkimlər riskə getmək istəmirdi. Amma sağ olsun, xəstəxanamızın gənc neyrocərrahı bu işi öz öhdəsinə götürdü və bütün müdaxilələri vaxtında elədi.
Təxminən 3 həftə xəstəxanada qalan Gülşən, yavaş-yavaş özünə gəlib danışırdı. Yoldaşı da bir xeyli düzəlmişdi. Gülşən onu əməliyyat edən cavan həkimin cəsarətini və yaxşılığını biləndə, qızına dedi:
– Qızım, həkimi çağır… Ona təşəkkür etmək istəyirəm.
Qızı başını tərpədib otaqdan çıxdı. Bir neçə dəqiqə sonra qapı açıldı və içəri hündürboylu, ağ xalatlı bir gənc daxil oldu. Gülşən ona baxanda dərin bir nostalji hissi keçirdi. Həkimə diqqətlə baxdı, içində qəribə bir hiss oyandı.
– Siz mənə çox tanış gəlirsiniz, oğlum… Elə bil sizi əvvəllər hardasa görmüşəm, – deyə dili topuq çala-çala pıçıldadı.
Həkim gülümsəyərək bir addım irəli atdı.
– Bir az da xatırlamağa çalışın, müəllimə.
Bu sözlər qadının zehnində bir ildırım kimi çaxdı. Keçmişin tozlu səhifələri açıldı. Çoxdan görmədiyi, amma qəlbinin bir yerində həmişə yaşayan, savadlı, həssas, amma yoxsulluğun içində çırpınan o uşaq qarşısında durmuşdu.
Qadının gözləri doldu. Çətinliklə nəfəs alaraq pıçıldadı:
– Rəşid… oğlum, bu sənsən?
Həkimin gözləri də doldu, amma o, gülümsəməyə davam etdi.
– Bəli, müəllimə. Mənəm… Rəşid… Sizin sayənizdə bu gün burdayam. Siz mənim həyatımı dəyişdiniz.
Gülşən müəllimə göz yaşlarını saxlaya bilmədi. Bir vaxtlar bir kənd uşağının arzularını boğulmağa qoymayan o qadın, illər sonra həmin uşağın əllərində həyat tapmışdı. O an otaq sanki ilahi bir işıqla aydınlandı – yaxşılığın, sevginin və insanlığa olan borcun təntənəsi.
Rəşid onun əlini sıxaraq sakit səslə dedi:
– İllər öncə mənə göstərdiyiniz inam və dəstəyiniz yoluma işıq oldu. Sizin təhsilim üçün etdiyiniz yaxşılığı, atam mənə universiteti bitirəndə danışdı. Sonra dedilər ki, başqa şəhərə köçmüsünüz, sizi nə qədər axtardımsa, tapa bilmədim. Allahın yazdığı qismət beləymiş… Siz mənim taleyimi dəyişdiniz, müəllimə. Siz mənə sadəcə dərs vermədiniz, mənə insan olmağı öyrətdiniz.
Gülşən müəllimə çox kövrəlmişdi. O, artıq rahat idi. Bilirdi ki, etdiyi bir yaxşılıq, verdiyi bir ümid, bir insanın həyatını dəyişmiş və ona yeni bir gələcək yaratmışdı. Çünki işığa açılan qapılar, heç vaxt bağlanmaz.
Əvvəlki tək ola bilmərəm
Məndə qoymadın ki qırılacaq yer,
Daha baltanı hara vuracaqsan?
Sanırsan ki, boş-boş hərəkətlərlə,
Yenidən qəlbimdə taxt quracaqsan?
Üzrlü say, əzizim, mən soyuyanda,
Bir də əvvəlki tək ola bilmərəm.
Mənimçün atmayan o ürəyində,
Evimtək hiss edib, qala bilmərəm.
Mən sənə dünyamda qalasan deyə,
Nə qədər dil tökdüm, yalvardım hər an.
Sən ömrümü yeyib, getməyi seçdin,
İndi de, hansımızda yoxdur vicdan?
Sənin yoxluğun da dərdiydi mənə,
Nə məni yaşatdı, nə də öldürdü.
İndi varlığının nə önəmi var?
Məni ki pis gündə yadlar güldürdü.
Artıq boş ümidlər verərək mənə,
Geri dönməyinin mənası yoxdur.
Acı sözlərinlə sınmış qəlbimin,
O saxta sevginə gözləri toxdur.