Günəşin intiharı
Yenə batır günəş—dəniz onu udur,
Neft qüllələri şahid—sükutla baxır.
Qürub üfüqləri tumarlayır suyu,
Lay-lay deyir dalğalara, susur.
Dəniz boğur günəşi—insan kimi,
Ümidlər qırılır, arzular sönür.
Qoymayın günəşi intihar edir,
Boğulan üfüqlərin ayaqları göy üzündən üzülür .
Batır dənizdə, sönür günəş,
Yırtıcı baliqlara yem olur.
Yandıra bilməyir balıqların ağzını.
Qarışdıqca qanı suya ,
Dalğalar qırmızılanır,
Səssizcə titrəyir dənizin üzü.
Göyləri çağırın, dönsün geri,
Bu intihardan, bu soyuq sükutdan.
Atmasın özünü dalğalara,
Axşam udmasın son nəfəsini.
Eşidin günəşin susqun səsini,
Günəşi qurtarın bu intihardan…
Dəniz qatil olacaq, qan olacaq dalğaları,
Durdurun bu qürubu, qoy dənizdə batmasın!
Günəş göydən özünü,
Bu dənizə atmasın….
Üç nöqtə…
Üç nöqtə…nələr var ićində?
Nelər gizlənir səndə…
Üç nöqtənin dediyini bir roman deyə bilmir.
Yükü ağır, anlamı çox.
Üç nöqtələr üç nöqtələr…
Qəlbdə qalan, basdırılan neçə hissin məzar daşı.
Gözlərdəki sualların gözü boğan kədər yaşı.
Üç nöqtə … üç nöqtələr…
Üç nöqtə…
Sükut içində hayqıran sözlər,
Özüylə ölən hekayələr…
Üç nöqtə…
Yarımçıq talelərin qırıq aynası,
Dilə gəlməyən haray,
Baxışlarda gömülən qəm…
Üç nöqtə…
Qəlbin dərinliklərində basdırılan izlər,
Sönmüş istəklərin külü,
Özünü danan xatirələr…
Bəlkə bir ömür susacaq,
Bəlkə bir an partlayacaq…
Bəlkə dillənəcək, deyiləcək sözlər…
Bəlkə heç kim anlamayacaq…
Üç nöqtə… üç nöqtə… üç nöqtə…
Söz düşdü… qaldı havada,
Hava düşdü… əriyib getdi,
Bir nəfəs—bir sükut—bir qərarsızlıq…
Nə geriyə yol var,
Nə irəliyə çağırış,
Sadəcə gözləyən kölgələr,
Sadəcə titrəyən işıq…
Səssiz bir səs,
Gizli bir dalğa,
Əriyir zaman içində,
Üç nöqtə …üç nöqtə…
Dünyanın cüt gözü
Hərdən qaçıb gəlirəm,
Qurtulmaqçün dərdlərdən,
dünyanın bu üzünə..
Kəşf etdiyim dünyamda məlhəm olum,-özümə.
Tamaşa eləyirəm,onun bir cüt gözünə.
Birisi mavi səma,birisi mavi dəniz….
Baş qoyuram dizinə,danışıb,dərdləşiriz…
Dalğalanır ağ buludlar topa -topa başım üstdə,
Səs eyləyir ağ ləpələr qayaları öpə -öpə,daşın üstdə.
Dinləyirəm,anlayıram, dincəlirəm.
Duyğuların içində mən,nazilirəm,incəlirəm.
Bu dünyanın gözləriylə baxıram mən öz dünyama…
Saflaşıram,rahatlığı tapıram.
Ümidin ağ atındayam ,azad ruhla hey çapıram,
Bütün dərtdən,ələmlərdən bax beləcə mən qopuram.
Unuduram hər nə varsa,bu dünyanın dizində mən,
Axtardığım xoşbəxtliyi tapıram bax, burda elə.
Yatıb qalmaq istəyirəm -bu dünyanın dizində mən,
Batıb qalmaq istəyirəm….
Dünyanın cüt gözündə mən…….!
İnsan olaq
Yenə günəş doğur, yenə hər kəs öz işində…qayğılar,ağrılar, darıxmaqlar, sevgisizlər, qayğısızlar, ağrısızlar, ağılsızlar,lar..lar…lar.
Kütləvi fəlakət yaşayırıq. Yaşayırıq? Görən yaşamaq budurmu?
Budursa niyə adı yaşamaqdır?
Yaşamaq -yük daşımaqdır?!
Ömrü -günü qaşımaqdır, dırnaq- dırnaq…
Bəlkə kəsək barmaqları?
Bu qaşınan ömürləri, qaşımaq da olmasın.
Qotur dərdi qanatmayaq, qabar olsun, qaysaq vursun,qopub düşsün,qan çıxmadan.
Qan görməyək, qan rəngində bu həyatı, boz görməyək.
…saatlar da qurulmasın, işlər tərsə burulmasın.
Sayğacları söndürərək, ölçüləri ləngidərək,
Çox vərdişi tərgidərək, təntidək, tənqid edək yalanları, yamanları.
Nəfs eşqinə duyğumuza cumanları,
Ruhumuzu əzənləri, canımıza acanları,
Edam edək. Ayaq altı qazanları, yazılmamış qanunları” yazanları “
Haqqa girib haqqı nahaq yozanları,
Pisliklərə imza atıb, yaxşı işi pozanları,
Edam edək. Haqqa gedək!
Demirəm ki, hoqqa verək!
Haqqı görüb, haqqı sevək!
Gün işığın biz də görək,
İnsan kimi ömür sürək!
Fəza Cazibəsi
Səni düşünəndə əyilir zaman,
Yerlə göy arasındakı o xətt bükülür.
Bir sükut ulduzu düşür sinəmə,
Heç bir cazibə onu geri çağırmır,
Fəzadan ruhuma hüzur tökülür.
Ulduzlar susur—adın çəkiləndə,
Sanki fəza nəfəsini tutur.
Qəflətən çəkir məni göyün bilinməzinə,
Cismani deyil, ruhani bir qüvvədir bu.
Sən, cazibə kimi görünməzsən,
Amma varlığın orbitimdə iz qoyar.
Sözlərin qara dəlik — udar zamanımı,
Mən isə sonsuzluğa könüllü qərq olaram.
Heç Eynşteyn yaza bilməzdi sənin nəzəriyyəni,
Qəlb bükülür, fəza səni izah edə bilmir.
Bir baxışınla planetlər yön dəyişir—
Kainatın da riyaziyyatı yanılır…
Üç nöqtənin cazibəsi…
Sözün qurtardığı, amma duyğunun bitmədiyi o məqam.
Sükutun içində danışan bir enerji.
Bitməyən sual, ifadə olunmamış istək, hələ gəlməyən cavab…
Elə bil kainatın özü də bir cümlənin sonuna üç nöqtə qoyub bizi gözləyir:
Üç nöqtənin cazibəsi saxlayır məni,
Səni deyib qurtarmayan hər sətirdə.
Fikir ləngər vurur söz orbitində,
Bitməmiş cümlə—sonsuz fəzanın heykəlidir.
Bəlkə də sən heç olmamısan,
Amma üç nöqtə ilə yaşayırsan içimdə.
Hər sükutda bir “bəlkə”, bir “kaş ki” titrəyir,
Cazibə sənin yoxluğunda gizlənir…
Bəzən cazibə bir tərəflidir—
Mən sənə axıram, sən səssiz qalırsan.
Göydə görünməz orbitlərdə dönürəm,
Səni gözləyən bir peyk kimiyəm.
Bir sükutun içində itirirəm özümü,
Adın qara dəlik, uddu şəxsiyyətimi.
Artıq mən deyiləm… bəlkə sən olmuşam—
Fəza zamana çevirdi hisslərimi.
Tənha bir meteorit keçir düşüncəmdən,
Bütün kainat, bir anlıq, səssizləşir.
Bu cazibə—yalnız kütlə deyil, qüssədir,
Varlıqla yoxluğun sərhədində gizlənir.
Fəza sən və məndən ibarət sonsuz bir boşluq imiş.
Bayat Qurtum
Fincanda qalan son qurtum çayın kimiyəm,
Susuzluqdan deyil də məcburiyyətdən içilməyə məhkum.
Bəlkə də soyumuş, çöküntü kimi qalıb bayatlaşmış bir qurtum çay olmaq da bəxtəvərlikdir.
Bilmirəm… qurumuş dodaqlarına hopan son udumam bəlkə də.
Susamış boğazına axan damla kimiyəm.
İçmək istəyirsən, amma bayatımışam.
Nəfsin dolu fincanda çox dayandım,
İsti olmadığın üçün buxarlanmadım.
Qaynar ikən gözlənilməyin acısıyam —
İndi isə bir udum da əskik, amma tamamam.
Əllərin toxunmayan haldayam uzun zamandır,
Fincanda deyil, unudulmuş xatirədə qalmışam.
Çöküntümə baxıb “keçib” deyirsən,
Amma mən hələ də “fincan qəlbində” qımıldanıram — səssiz, isti, yarımçıq.
Bir gün ən susuz anında çat -çat olmuş ruhuna bir nəfəsə içəcəksən,
Soyuq və acı dadımla bir isti ah çəkəcəksən…
Dünya bizə hamilə
Həyatın qaydasını pozuram yaxşılqçün,
Qırıram sərhədləri yozuram yaxşılqçün.
Pisliklərlə savaşıb, yol açıram sevincə,
Dünya da gözəlləşir insanları sevincə.
Kim nə deyir qoy desin, məni dəli bilsinlər,
Mən qırım zəncirləri, dəli deyib gülsünlər.
Qurtarım yer üzünü barıtdan, qan -qadadan,
Dincəlsin qoy bu dünya top -tüfəngli sədadan.
Uşaqların göz yaşı gülüşləri boğmasın,
Sussun müharibələr, ya da günəş doğmasın.
Qatil əllər yuyulsun, bir də qana batmasın,
Zindanlar da boşalsın, kimsə məhbus yatmasın.
İstəyirəm hər kəsin şərik olsun çörəyi,
Hər kəs eyni yaşasın, şərik yesin xörəyi.
Geyimlər eyniləşsin, varlı, kasıb olmasın,
Biri quzu yeyəndə biri də ac qalmasın.
Yarışmasın insanlar, əzməsin bir- birini,
Açaq bu kainatın xoşbəxt İnsan sirrini.
Dünya hamilə bizə, dünyanı incitməyin,
Əl qol atıb bətnində nəfəsi təntitməyin!
Ölüm sonuncu gücdür, dünya doğur torpağa,
Yaradan ulu Tanrı qoyur qəbir- qundağa.
Yeni həyat başlayır torpağa əkiləndə,
Cücərib boy atırıq adımız çəkiləndə.
Tapdayın qanunları, ömür getməsin hədər,
Dünya adlı anamız bizi doğana qədər!