SƏNDƏN ÖTRÜ DARIXMAQ DA GÖZƏLDİ
Bilirsənmi, sən nə qədər şirinsən ..,
Səndən ötrü darıxmaq da gözəldi.
Gözlərimdə dərya qədər dərinsən,
Səndən ötrü darıxmaq da gözəldi.
Məhəbbətlə dolub sevgi piyaləm,
Bəxtiyaram nə ahım var, nə naləm.
Sənin eşqin bir aləmdi, bir aləm,
Səndən ötrü darıxmaq da gözəldi.
Mənlə birgə ağlamısan, gülmüsən,
Dərdlərimə şərik olub bölmüsən.
Sən nə yaxşı taleyimə gəlmisən,
Səndən ötrü darıxmaq da gözəldi.
Günəşimsən, ulduzumsan, ayımsan,
Gül ətirli baharımsan, yayımsan,
Bu dünyada mənim sevgi payımsan,
Səndən ötrü darıxmaq da gözəldi.
De hardasan, gəl, başına dolanım,
Gözləyənim, gözü yolda qalanım.
Bir baxışla, ay könlümü alanım,
Səndən ötrü darıxmaq da gözəldi.
Gözlərinin elə gözəl rəngi var,
Cəm olubdu səndə ismət, həya, ar.
Fikirləşib demə, Müşviq darıxar,
Səndən ötrü darıxmaq da gözəldi.
BİR HİMƏ BƏNDƏM
Elə kövrəlmişəm, dolmuşam gülüm,
Göz yaşı tökməyə bir himə bəndəm.
Gəlsən ürəyimə sıxaram səni,
Nazını çəkməyə bir himə bəndəm.
Sevincim kölgənə qoşulub gedib,
Həsrətin qəlbimi talayıb, didib,
Bu nakam sevgimi əmanət edib,
Ovcuna bükməyə bir himə bəndəm.
Gülmür sən gedəndən Müşviqin üzü,
Dönüb xatirəyə “sevirəm” sözü,
Yenidən gəncləşib sənintək qızı,
Ömrümə əkməyə bir himə bəndəm.
GƏL SAĞOLLAŞAQ
Durmuşam qapının astanasında,
Bizimki alınmır, gəl, sağollaşaq.
Duymadın məndəki saf məhəbbəti,
Kini ürəyindən sil, sağollaşaq.
Onsuz da qədrimi bilmədin mənim,
Dərdimi, qəmimi bölmədin mənim,
Əvvəldən üzümə gülmədin mənim,
Son dəfə üzümə gül, sağollaşaq…
Müşviqəm, ağarmır bəxtimin danı,
Nisgilim bürüyüb cümlə cahanı,
Sevgiylə gözünə baxdığım anı,
Ötəri bir həvəs bil, sağollaşaq.
GEDİRƏM ŞEİR YAZAM
Yalandan, bəhanədən,
Gedirəm şeir yazam.
İndiki zəmanədən,
Gedirəm şeir yazam.
Qəm gəlir axın-axın,
Sevinci qoymur yaxın,
Məni rahat buraxın
Gedirəm şeir yazam.
Dərdim belimi bükdü,
Çiynimdə ağır yükdü,
Kədər qəlbimi sökdü,
Gedirəm şeir yazam.
Çətin gündə sınayın,
İstəyirsiz qınayın,
Elə-aləmə yayın,
Gedirəm şeir yazam.
Təbim coşub həqiqi,
Sözümün lap dəqiqi,
Axtarmayın Müşviqi,
Gedirəm şeir yazam.
S E V M İ Ş D İ M
Niyə getdin, ay ömrümün baharı,
Mən ki səni qana-qana sevmişdim.
Gecə-gündüz yollarında şam olub,
Atəşinə yana-yana sevmişdim.
Soyuqlaşıb ürəyimi üşütdün,
Ümidimi, diləyimi üşütdün,
Tər gülümü, çiçəyimi üşütdün,
Səni mələk sana-sana sevmişdim.
Həyatımın şirin-şəkər dadı sən,
Sevdamın da eşq ünvanlı adı sən,
Gedişinlə sevindirdin yadı, sən,
Həsrətini dana-dana sevmişdim.
Dönüb bir də Müşviq üçün gələsən,
Kədərimi, nisgilimi siləsən..,
Ayrılığa dözəmmirəm… biləsən,
Xoşbəxtliyi ana-ana sevmişdim.