.....

.....

Səsin şeiri – Süleyman Abdullanın şeirləri

Səsin şeiri – Süleyman Abdullanın şeirləri

NUR DOLU ÖLMƏK

Hərənin içində bir əcəl yaşar,
Bu usta həyatda olmur xam ölmək.
Hətta, kölgənin də öz xatiri var,
Var kötük doğulmaq, var adam ölmək.

Gələr pəncərədən bir səsin ruhu,
Dalar göy üzünə nəfəsin ruhu.
Bir yerə bağlıdır hər kəsin ruhu,
Qərib vətən ölmək, mamır dam ölmək.

Sübhün toranında bir buludluq ah,
Mən işıq dəlisi, hökmü-zaman şah.
Ya axşam alışar, ya sönər sabah,
Bir zərrə atəşə düşüb şam ölmək…

Ömür qabqardığım bir qabdı, gülmə,
Dirəşib qaldığım zülm tabdı, gülmə.
Kiminsə əlində gülabdı, gülmə,
Olmadı nur dolu qızıl cam ölmək…

SƏSİN ŞEİRİ

Susub getdi hamı verə səsini
Səs haqqı olanın söz haqqı olmaz.
Göz kirə istəyir gördüklərindən,
Hər qaşı qaranın göz haqqı olmaz.

Xeyirdən keçib e, gələr şər başa,
Dili bəla olur dinən hər başa.
Çoxunu sürüyüb çəkirlər başa,
Yeyib-yedirtdiyi öz haqqı olmaz.

İşığı sönənin var şamı, amma,
Sobası tüstüyə dar hamı, amma.
Haqsızlıq yandırar adamı, amma,
Sönən ocaqların köz haqqı olmaz.

Zilinə verirdi hər kəs pəsini,
Kimi şapkasını, kimi fəsini.
Hamı verib getdi səssiz səsini,
“Dözmə” haqqı olmaz, “döz” haqqı olmaz.

AĞ-QARA ŞEİR

Aləm dağılar da, dünya batar da,
Başının üstündən getməz göy üzü.
Ana da ağlayar, bacı da, yar da
Səni ağlamağa yetməz göy üzü.

Hər kəsin bir tama tamsınmağı var,
Hətta ölümün də var dadı, dostum.
Hamıdan küsməyə səbəb tapılar,
Buluddan nəm çəkmək başqadı, dostum.

Torpağa şəklini qara çək, amma,
Köynək ağ çubuqlu, ya ağ damalı.
Olar da arada sevinmək, amma,
Hərənin bir günü var ağlamalı.

Son gün göy üzündən yağmaz yerə zər,
Baxarsan işıq ağ, çilçıraq qara.
Qar yağar, gün doğar, açar çiçəklər,
Bir də yarpaqlamaz əksin ağ-qara.

Sıxılar, darılar axırda hər şey,
Bu dünya özünə, boyuna dar ki…
Bir səbəb qalmadı etməyə giley,
Baxmağa göy üzü həmişə var ki…

UNUDULMAĞIN ŞEİRİ

Sənli xatirələrdən nə qalıb xatirimdə,
Elə qərib gəlir ki, köhnələn doğmalıqlar.
Əzəldən yandırmışam özümü sarı simdə,
Odu sönmüş ocaq tək yadlaşıb kül qalıqlar.

Başı havalı keçməz izimdən ömrün qəti,
Çoxdan eşq butasının həsrətindədi camlar.
Yaddaşımdan silinib çoxlarının surəti,
Məni də xatırlamır unutduğum adamlar.

Sözdən başqa nəyim var, vermək olmur onu da,
Söylənirəm elə hey, susmalı olanda, de.
Əvvəli qəmlə gəldi, belə keçər sonu da,
Boşaldıqca ürəyim, gözlərin dolanda, de.

Özündən qaçmaq olmur gecə zinrik, yol qara,
Ümid də saxlamadım dar gün üçün mən sənə.
Uzaqları apardıq daha da uzaqlara,
Nə xatirə danışım tələbəlikdən sənə?

Keçdi işıqlı gündüz, düşdü axşamın şəri,
İşıqlar söndü deyə ürəyinin yandığı.
Pambıq vaxtı da ötmüş açmağa gizlinləri,
Hərənin bir sirri var, tökmək olmur sandığı…

Sağa baxdım qüssədir, sola döndüm qəm indi,
Dərdiyim hər nəfəs də dərd oldu mənə axı…
Öz adını unutmuş dərviş kimiyəm indi,
Sənli xatirlərdən nə qalıb, nə, nə axı?!