Azər Mirzəyev (Azər Mirzə) Cəlilabad ədəbi mühitinin gənc və istedadlı nümayəndələrindən biridir. Onun şeir dünyası dərin, mənalı və duyğusaldır.
Burada Azər Mirzənin qələmi ilə yazılmış şeirlərindən bir qismi ilə tanış oluruq:
SEV MƏNİ
Məni belə sevməzsən,
Mən, mən olum sev məni.
Qoy vəfasız – günahkar,
Bəndən olum, sev məni.
Neynəsin bu suçların?
Sənin sevda acların.
Di gəl, daha saçlarım,
Dən-dən olub, sev məni.
Bilirəm ki təksən, tək,
Mən əl verim, sən ətək.
Gəldim, birgə dərd çəkək,
Həmdəm olum, sev məni.!
YORULUR
Yorulur adam olmaqdan,
Qovrulur içindən adam.
Niyə axı on nəfərin,
Çıxmasın üçündən adam.
Adam deyil, kimdiki bu?
Ruhunacan kindi ki bu.
Mələk üzlü cindiki bu,
Kim yapdı ki, cindən adam.?
Pis olanı pisliyindən,
Düz olanı düzlüyündən.
Bezir, özü-özlüyündən,
Bu boy, bu biçimdən adam.
QAPILAR
Neçə məmur üzü görüb,
Bu padoş, bu şin qapılar.
“Hürər” sahibindən qabaq,
Qıcayar dişin qapılar.
Bu qapı məmur qapısı,
Bu qapı, əmir qapısı.
Yağlanar dəmir qapısı –
“Buğlanar” meşin qapılar.
Arxasında kürsüsü var-
Kürsüdə bir, hirslisi var.
Hirslinin də “süslüsü” var,
Gizləyir döşün qapılar.!
GƏLSİN
Təki mənə əmr et vətən, bu can sənə fəda gəlsin.
Gəlsin mənim ürəyimə, sənə gələn qada gəlsin.
Sənin xoşbəxtliyinlədir xoşbəxtliyim;
Gül ey vətən,
Gözüm nura, ürək cuşa, ruhuma həm qida gəlsin.
Səni sevmək pərvanətək yanıb kül olmaqdan keçir,
Şirin candan keçən kəslər, desin can əlvida, gəlsin.
Əlimdə imkanım olsa yaraların sarırdım mən,
Qoyardımmı Pənah xanın, yurduna bir gəda gəlsin?
O tay-bu tay, haray çəkən Şəhriyar həsrəti bitsin,
Şah babamın yurdundan qoy, həmişə xoş səda gəlsin!
BAYRAĞIM
Yerin Tanrı ucalığı,
-Yaşa, çox yaşa bayrağım-
“Namusunu hifz etməyə”
Girdim savaşa bayrağım.
Sən xoşbəxt dalğalan, bəsim!
Can evimdə son nəfəsim.
Anam qədər müqəddəsim,
Vətənlə qoşa bayrağım.
Ərk qalamsan-görk qalamsan,
Kölgən yetər, daldalansam.
Sən mənim, əsgər balamsan,
Sən mənim paşa bayrağım.
Körükləndi köksüm, niyə?
Şərəfli Göytürksün-deyə.
Hər yandan görüksün deyə,
Qaldırdım, Şuşa bayrağın!