“Mir Cəlalın hekayələrində müharibə mövzusu”
Böyük Vətən müharibəsi həmin dövrdə yazıb-yaradan bir çox sənətkarlar kimi Mir Cəlalın yaradıcılığına da təsirsiz ötüşmədi. O, müharibə illərinin ağrı-acısını bir sıra əsərlərinin – hekayə və oçerklərinin mövzusuna çevirdi. Bu əsərlərdə faşizmə qarşı bir cəbhədə birləşən xalqların qəhrəmanlığını və vətənpərvərlik duyğularını ön plana çəkdi. Bu mövzu ilə bağlı “Qardaş qanı”, “Atlı”, “Baldan əvvəl”, “Odlu mahnılar”, “Şərbət”, “Xəbər-ətərsiz” kimi hekayələrini yazdı. Lakin bu əsərlər ümumilikdə müharibə dəhşətlərinin nəticəsi kimi meydana çıxsa da, ayrılıqda onların hər birinin öz mövzusu və öz əhatə dairəsi vardı.
Məsələn, bu hekayələrdən “Qardaş qanı” və “Atlı” əsərləri müharibənin tüğyan etdiyi ön cəbhədə düşmən ordusu ilə ölüm-dirim savaşı aparan qəhrəmanların rəşadətindən bəhs edir. “Baldan əvvəl” və “Odlu mahnılar”da faşistlərin günahsız insanlara qarşı törətdiyi qanlı cinayətlər qələmə alınıb. “Şərbət”də yerli əhalinin düşmənə bəslədiyi nifrət öz əksini tapıb. “Xəbər-ətərsiz”də isə düşmən arxasında işləyən partizan dəstələrinin onlara verdiyi tələfatdan danışılır. Amma nədən bəhs etməsindən asılı olmayaraq bütün bu əsərləri yaxınlaşdıran və birləşdirən bir xətt var ki, o da Vətən məhəbbətidir. Bu məhəbbət isə göründüyündən daha geniş və daha dərin məzmun kəsb edir. İstər döyüşçülərin öz yaralı yoldaşlarına kömək etmələri, istərsə həlak olanların cənazəsi üstə göz yaşı axıtmaları, istərsə də düşmənə qarşı bəslənən nifrətin hüdudsuzluğu olsun – hər biri bu məhəbbətdən qaynaqlanır – Vətən məhəbbətindən. Həmin məhəbbətə də xidmət edir.
“Qardaş qanı” hekayəsində döyüşün qızğın çağında, düşmən təyyarələrinin od-alov yağdırdığı günlərin birində cəbhədən yaralıları gətirmək üçün göndərilən bir əsgərin şücaəti ön plana çəkilmişdir. Hadisələrin həmin əsgərin dilindən nəql edildiyi hekayədə onun vaxtilə uşaqlıq dostu, indi isə cəbhə silahdaşı olan yaralı Bəhrama canfəşanlıqla kömək etməsi və onu düşmən gülləsi altından sağ-salamat çıxardıb məntəqəyə çatdırması addım-addım təsvir edilmişdi. Dostunu ölüm ayağında görən qəhrəmanın həmin anda keçirdiyi hislər son dərəcə təsirli və bir az da lirik cizgilərlə qələmə alınmışdır: “Axıb gedən bu qızıl qanda bütün əziz günlərimin, xatirələrimin, parlaq ümidlərimin getdiyini zənn etdim” – deyən əsgər bu qanı yerdə qoymayacağına da əmin idi.
“Atlı” hekayəsinin qəhrəmanı Aqil isə müharibənin ən qızğın yerinə düşür və həmin gün həyatının “ilk və son dəhşət”ini yaşayır. Düşmən qüvvələrini aldadıb üz-üzə qoyan və onları bir-birinin əli ilə məhv edən bu qorxubilməz əsgər təkbaşına böyük bir orduya bərabər rəşadət göstərir. Mühasirəyə alınmasına və yaralanmasına baxmayaraq son damla qanına qədər silahı əlindən qoymur.
“Baldan əvvəl” hekayəsində hadisələrin döyüş xəttindən kənarda – Kırımın yaylaqlarından birində cərəyan etməsinə baxmayaraq, müharibənin fəlakət gətirən küləyi bu səfalı guşənin də üzərindən əsib keçir. Faşistlərin kəndə gəlişi ilə sakit həyat tərzi keçirən Aqafonovlar ailəsinin dincliyinə son qoyulur. Müəllif əsərdə qəhrəman qız Arminanın surətini dərin məhəbbətlə və eyni zamanda onun faciəsi qarşısında keçirdiyi ağır iztirabla yaratmışdır.
Böyük ümidlərlə yaşayan və gələcəyə nikbinliklə baxan bu sadə kəndli qızı faşistlərlə üz-üzə gələndə məğrur bir qəhrəmana çevrilir. Faşistlərin verdiyi işgəncələrə mətinliklə tab gətirən Armina ölüm ayağında olsa da qürurundan dönmür. Onun dözümündən və iradəsindən daha da azğınlaşan düşmənə meydan oxuyur.
“Odlu mahnılar”da isə həmin qəhrəmanlıq və cəsarət 8 yaşlı Mustafinin surətində öz əksini tapıb. Atasını çoxdan itirən, anası isə müharibəyə “yara bağlamağa” gedən Mustafin başqa həmyaşıdlarından fərqli olaraq adi uşaq həyatı yaşamır. O, daim göz-qulaqda olub kənddə gizlənən faşistlərin yerini öyrənməyə və partizanlara xəbər verməyə çalışır. Lakin bundan xəbər tutan faşist əsgərləri bunu Mustafinə bağışlamır.
Bu hekayədə digərlərindən fərqli olaraq lirik cizgilərə daha çox yer verilmişdir. Təbiətin ruh oxşayan gözəlliyini incə bir zövqlə təsvir edən müəllif sanki bununla Mustafinin körpə və kövrək ruhu arasında bir oxşarlıq yaratmağa çalışmışdır.
Mir Cəlalın müharibə illərində yazılmış hekayələrinin bir qismi arxa cəbhə adamlarının faşistlərə qarşı qisas duyğusunu ifadə edir. Məsələn, “Şərbət” hekayəsində öz həllini tapan bu mövzu daha çox faşistlərin gəlişi ilə dinc həyatları pozulan sadə kənd adamlarının qəzəbindən və nifrətindən qaynaqlanmışdır.
Adı çəkilən əsərdə müəllif vətəninə, elinə, evinə bağlı olan Ostapenkonun simasında qayğıkeş və vətənpərvər qocaların ümumiləşmiş obrazını rəğbətlə yaratmışdır.
Ostapenko, əməyinin bəhrəsi olan və əsgər uşaqlarına vermək üçün hazırladığı şərbəti evinə basqın edən iki faşistin tapıb içdiyini görəndə hirsini boğa bilmir. Gözləri qan çanağına dönən qoca onların təkrar bal və şərbət istəmələrindən daha da hiddətlənir. Bu hiddət isə qəti qərara gəlmiş Ostapenkonun bal kəsmək bəhanəsilə götürdüyü bıçağı düşmənin ürəyinə saplaması ilə nəticələnir.
Mir Cəlalın hekayələrinin başqa bir qismində isə həyatlarını təhlükəyə atıb düşmən arxasına keçən və onlara kütləvi tələfat verən partizanların obrazı yaradılmışdır. Müharibə dövründə geniş vüsət alan partizan hərəkatını və bu hərəkat fəallarının rəşadətini isə “Xəbər-ətərsiz” hekayəsinin qəhrəmanı Fətullanın simasında görmək olar.
Hər kəsin öldüyünü güman etdiyi Fətullanın, əslində bilərəkdən “itkin” düşüb düşmən arxasına keçməsi və onların arasına çaxnaşma salması qəhrəmanın öz dilindən nəql edilir. Yoldaşları ilə birlikdə “müvəqqəti bir zaman üçün dağa-daşa çəkilən” Fətulla almanlara zərbəni onların gözləmədiyi məqamda və arxayın olduqları istiqamətdən endirir. Ən mühimi isə odur ki, öz gücünə əmin olan Fətullaya qorxmazlıqla yanaşı nikbin bir ruh da hakimdir. İstər açıq döyüşdə, istərsə də düşmən arxasında böyük fədakarlıq göstərən Fətulla ondan nigaran qalan Səkinəyə ürək-dirək verib deyir ki, “Nə vaxt eşitdin ki, filan şəhərdə faşistlərin qarovulu oğurlandı, barıt anbarı yandı, maşını od tutdu – bil ki mən sağam”.
Əsərdə Fətullanın qəhrəmanlığı ilə yanaşı, onun yolunu gözləyən Səkinənin Fətulladan bir xəbər almadıqda keçirdiyi intizara və onun öldüyünü güman etməsi ilə yaşadığı iztirablara da geniş yer verilmişdi.
Mir Cəlalın Böyük Vətən müharibəsi dövründə yazdığı əsərlərinin əhatəsi təbii ki adı çəkilən hekayələrlə yekunlaşmır. Bu siyahıya onun müxtəlif illərdə qələmə aldığı bir çox hekayələrini də daxil etmək olar. Mir Cəlalın ilk çağırışla vətənin müdafiəsinə qalxan qəhrəmanların cəbhəyə yola düşməsindən bəhs edən “Yollar”, cəbhə yoldaşlarının dostluğundan və sədaqətindən bəhs edən “Vətən yaraları”, dinc əhalinin səyi ilə faşist təyyarələrinin evlərinin damına yağdırdığı bombaların söndürülməsindən bəhs edən “Mərcan nənə” və digər əsərləri bu qəbildəndir. Həmçinin, “Axşam səfəri”, “Göylər adamı”, “Hilal dayı”, “Anaların üsyanı” və sair kimi hekayələrinin də hər birində müharibənin hansısa bir məqamı nəsr dilinə çevrilərək həmin qanlı-qadalı illərin xatirəsi kimi yaşamaqdadır.