OXUCU HİSSLƏRİNƏ DOĞMA OLAN ŞEİRLƏR
Söz müqəddəsdir, İlahi varlıqdır. Təbi haqdan gələnlər sözün ucalığını, aliliyini, ülviliyini, qüdrətini gözəl anlayır, məsuliyyətini yaxşı dərk edirlər, sözlə halal davranırlar, yazdıqları könülləri oxşayır, oxucuların iç dünyasını işıqlandırır, saflığa, duruluğa, halallığa səsləyir.
Belə şairlərdən biri də indiyədək “Ürəyim qəm adasıdır”, “Payız yağışı”, ” Bir yarpaq ağlayır payızın üstə”, “Sözə gəldim”, “Salam Şuşam” şeir kitabları ilə möhtərəm oxucularının sevgisini qazanmış, ədəbi aləmdə tanınmış şair Əzizə Ağahüseynqızı yeni şeirlər çələngi olan “Yollar ömür kimidir” adlı kitabı ilə yeni görüşə gəlir.
Əzizə Ağahüseynqızı şeirlərini sevə-sevə oxuduğum, oxuduqca istedadını, Tanrı fitrətini heyranlıqla müşahidə etdiyim gözəl insan, sədaqətli dost, şirin poetik dilli, coşqun təbli səmimi şairdir. Onun qələmindən çıxan şeirlərinin oxucu hisslərinə doğmalığı olduğuna görə onlar tərəfindən böyük məhəbbətlə qarşılanır. “Bu xalçanı mənim anam toxuyub”, “Unluca dovğası düşüb könlümə”, “Gecəm gözlərimdən asılı qalıb”, “Anama deməyin şeir yazıram”, “Mən şeir yazanda xoşbəxt oluram” və s.kimi bir çox şeirləri oxucular tərəfindən rəğbətlə qarşılanır. “Ata ocağından gəlin köçən qız” şeiri toylarımızın aparıcıları tərəfindən tez-tez müraciət olunan şeirlərdəndir. Bu hər şairə nəsib olmayan xoşbəxtlikdir.
Əzizə Ağahüseynqızı şeirlərinin ilk misralarından, ilk bəndindən oxucusunun zövqünü yazdığı gözəl poetik ifadələrin dadı, duzu ilə doyura bilir.
“Payızın ilk yağışı” şeirində yazır:
Səmanı bürüyüb toy-büsat səsi,
Buludun bəxtinə qaynamaq düşüb.
Gümüşü şimşəklər yallı gedirlər,
Göylərin könlünə oynamaq düşüb.
Qara gözlərindən tökür göz yaşı,
Yer çəkir bətninə gələn selləri.
Toybəyi çubuğu kimi şığıyır,
Göydəki şimşəyin alov dilləri.
Əsdi, nərildədi, coşdu, titrədi,
Axır ki, səmanın əsəbi kəsdi.
Şeirimtək ruhuma yağdı bu yağış,
Yerin də, göyün də qəzəbi kəsdi.
İldırımların guruldamasını “Səmanı bürüyən toy-büsat səsinə”, buludların dolmasını onların “qaynaması”, şimşəklərin çaxmasını onların “əl-ələ tutub yallı getməsi” kimi, “şığıyan toybəyi çubuğu” kimi, bütövlükdə bu təbiət hadisəsini “göylərin könlünə düşən oynamaq” kimi səciyyələndirməsi şairin bu üç bəndlik şeirində duyğularını bədii təyinlərlə, orijinal və özünəməxsus deyimlərlə ifadə etməsi onun bir şair kimi mükəmməlliyinin göstəricisidir. Xalqımızın ən gözəl ənənələrindən biri olan toyu təbiət hadisəsinə, təbiət hadisəsini toy hadisəsinə köçürməklə gözəl məcazlar- metaforalar yaradıb.
Əzizə xanımın yaradıcılığında mövzu rəngarəngliyi, poetik fikrin əhatə dairəsi sərhəd tanımır. Təbiət, vətənpərvərlik, valideynlərinə, dostlarına, ümumiyyətlə ülvilik, saflıq, gözəllik təcəssüməsi olan hər şeyə sevgi, şeirlərinin qayəsini, mayasını təşkil edir. Qələmə aldığı əsərlərdə obrazlı deyimlər, orijinal fikirlər, zəngin və şirin qafiyələr, söz oyunu hər bəndinin, hər misrasının dəyəridir. Şeirləri şairin sanki öz xarakteridir- səmimi, təbəssümlü, qayğılı, həlim, könül oxşayan, eyni zamanda Tomris qürurlu, Nüşabə vüqarlı, Nigar ismətli, Həcər qeyrətli.
Bu sadaladıqlarım xüsusiyyətləri şairin qələmə aldığı “Qürur” şeirində aydın görürük:
İşıqdır, ziyadır şeirin zühuru,
Hikməti aydındır, şəfəqi duru.
Qürurum yenilməz Tomris qüruru,
Əyərsə qoy əysin bəhər, var məni.
Məğrur dayanmışam şaxtada, donda,
Qorxutmaz nə tufan, nə də qar məni.
Sevgim sevgilərin cəminə dəyər,
Sındırmaz, yolumda dursa sar, məni…
Əzizə Ağahüseynqızının müxtəlif mövzularda yazdığı şeirlərdən tapıntılarla zəngin olan çoxlu sayda nümunələr gətirə bilərəm. Düşünürəm ki, anlamlı, qədirbilən oxucuları yormayım, özləri müəllifin bu kitabında onlara təqdim etdiyi düşündürən və həyacanlandıran şeirləri sevə-sevə oxuyacaqlar.
Fikirlərimi şairin sanki keçdiyi ömür yoluna həsr etdiyi “Yollar ömür kimidir” şeirindən iki bındlə yekunlaşdırmaq istəyirəm;
Kimə güllü, çiçəkli,
Kimə qardı, borandı.
Kimə daşlı, kəsəkli,
Kimə hamar, rəvandı…
…Yollar ömür kimidir,
Həsrətli intizarlı.
Sevgi yüklü gəmidir,
Üzür vüsal güzarlı…
Əziz və hörmətli həmkarım, sizi yubiley yaşınız və yeni işıq üzü görən kitabınız münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, ömür və yaradıcılıq yollarında yeni-yeni uğurlar arzulayıram.
Dərin sayqılarla Qəzənfər Məsimoğlu
AYB üzvü prezident mükafatçısı
Şair-publisist.