ADAMLAR ÖLDÜ
Adam idi yan-yörə
Adamlar öldü getdi.
Bir an göz görə-görə
Adamlar öldü getdi.
Heç olmadı rahatı,
Cibində beş manatı,
Yaşamadan həyatı
Adamlar öldü getdi.
Kimisi öz nazından,
Çoxundan ya azından,
Kimi də dəm qazından,
Adamlar öldü getdi.
Kimi odda bişərək,
Kimi gözün deşərək,
Kimi gözdən düşərək,
Adamlar öldü getdi.
Keçdi ömür müddəti,
Qazanmamış rəhməti
Xəyal edib cənnəti,
Adamlar öldü getdi.
ŞƏHİDİM
Şəhadət eşqi ilə əcəb oldun dəm, şəhidim,
Ruhun alidir sənin, etmə belə qəm, şəhidim
Yerin izzətliləri tabutuna verdi cınaq,
Göyün əflakı olub qəbrin üstə cəm, şəhidim
Sən cənnətin ən gözəl hücrəsinə layiqsən,
Yıxdığın düşmən olub əhli-cəhənnəm, şəhidim.
Yüksəldiyin bu məqam zirvələrin zirvəsidir,
Kimin həddidir deyə sənə bəxti kəm, şəhidim.
Sən vətən torpağına öz qanınla can verdin,
Heyrandı qeyrətinə büsbütün aləm, şəhidim.
NƏYİNƏ LAZIM
İnsan bircə dəfə gəlir həyata,
Amma dərdi sığmır bu kainata,
Məzarı üstündə beş min manata
O mərmər ölünün nəyinə lazım?
Cismimiz qarğaya, qurda qalacaq,
Dərdimiz hansısa yurda qalacaq,
Nəyi yığsaq onsuz burda qalacaq,
Qızıl, zər ölünün nəyinə lazım?
Nə qədər dərd olar, nə qədər fikir,
Yaşadıq ölmədik, bu gün də şükr,
Əzabı dünyada dirilər çəkir,
Bəxtəvər ölünün nəyinə lazım.
EHTIYATLI OL
Çox özüm-özüm demə,
Özdən ehtiyatlı ol,
Düşərsən cəhənnəmə,
Közdən ehtiyatlı ol.
Tap özünə peşə sən,
Düşmə dilə, dişə sən,
İmkan vermə düşəsən
Gözdən ehtiyatlı ol.
Qanmayanı qandırar,
Savaşlar dayandırar,
Alov kimi yandırar,
Sözdən ehtiyatlı ol.
NƏDİR?
Məqsədi, məramı sevgi deyilsə,
Mənə bəslədiyin hiss onda nədir?
Heç toxunmadan da eşq yaşanarmış
Sevib-sevilmədə pis onda nədir?
Artıq xəyalımdan yığış deyirsən,
Bizimki alınmaz bu qış deyirsən,
Buluddan düşənə yağış deyirsən,
Gözümdən süzülən bəs onda nədir?
Sən haqqı nahaqqa nahaq verirsən,
Lala söz, korasa çıraq verirsən,
Göylərdə şimşəyə qulaq verirsən,
İçimdəki fəryad, səs onda nədir?