Bir qönçə
Bağçamda bir qönçə baxırdı mənə,
Baxırdı həyalı bir gəlin kimi.
Sübh çağı ruhumu hey dönə- dönə,
Oxşadı gözəllik heykəli kimi.
Çevirsəm duyğumu sözə, yeridi,
Görürəm qönçəni ağrı içində.
Elə bil dünyanın bəxtəvəridi,
Balası içində, barı içində.
Biri soruşmur ki, halın necədi,
Bir azdan qəlbimə sevinc dolacaq.
Bu gecə ulduzlu, Aylı gecədi,
Bu gecə bir qönçə ana olacaq.
Süfrəyə qoymağa çörəyin olsun
Ümid lap axırda, sonda üzülər,
Kiminsə başına kül töküləcək.
Yəni deyirsən ki, işlər düzələr,
Yəni üstümüzə pul töküləcək?
Ömrümü gah axşam, gah səhər yeyir,
Möcüzə gözləmə daha həyatdan.
Hələ ki, qəlbimi şübhələr yeyir,
Düzü, xoşum gəlmir bu gedişatdan.
Nə işin əyilər, nə evin damar,
Zəhmətlə keçirsən hər günü, bala.
Hardadı havayı verən adama,
Dünyanın malını, mülkünü, bala?
Qoymaz ki, sonacan yolu getməyə,
Qoyar min arzunu yarıda xəyal.
Harda görmüsən ki, döşünə döyə,
Görmüsən adamı yarıda xəyal?
Sürün kölgə kimi arın dalınca,
Təki sevgi dolu ürəyin olsun.
Qaçma indən belə varın dalınca,
Süfrəyə qoymağa çörəyin olsun.
Qayıtmaz o çağlar geriyə bir də
Axşam o axşamdı, səhər o səhər,
Kimsə deməsin ki, zaman dəyişdi.
Kasıb baş girləyir yenə bir təhər,
Allah, keyfə baxır varlı, nə işdi?
Bilmirəm, nə qədər baxarlar göyə?
Sevinc istəyirəm, kədər verirsən.
Adam ürəyinə yox deyə- deyə,
Ömrü başa vurur, bir də görürsən.
Ümidin yolları qar, sazaq kimi,
Neçə yol boz üzün gördüm həyatın.
Maddiyyat dişlərin yalquzaq kimi,
Qıcadır üstünə mənəviyyatın.
Hamı narahatdı, kimdi arxayın?
Daha yaxşılar da yamandı elə.
Çətin suyu gələ quruyan çayın,
Adamı aldadan gümandı elə.
Savab eləyənlər günah yumaqda,
Sözüm əvvəlki tək yeriyə bir də.
Bəxtəvər vaxtların dadı damaqda,
Qayıtmaz o çağlar geriyə bir də.