.....

.....

Elçin Məmmədovun şeirləri

Elçin Məmmədovun şeirləri

İlahi, saymısanmı heç?
Bu neçənci daxmadır ki,
Bu payızdan tək çıxacaq.
Bu neçənci gecədir ki,
Sabaha
bir adam əskik çıxacaq.

Bir ruh sivrilib çıxacaq,
Bir bədən və bir ömür arasından.
Qoca,idbar ölüm gəlib,
və düşünmədən asacaq
Kimisə öz əsasından.

Sırasını gözləmədə,
Bir ulduz da axmaq üçün
Yerində keşik çəkəcək.
Bu gedişin aclığını
Evdə üç adam çəkəcək,
Çöldə bir pişik çəkəcək.

Bir çətir az açılacaq
bu payız buludun altında.
Neçə üsyan qalxacaq e…
Ki, tanrıya,
Bu boz sükutun altından.
Bir çiyin əskik gələcək
Gedən tabutun altında.

Bu ölüm deyil,
Mən belə ölmərəm, ölmərəm.
Ağlama,
gedirəm elə.
Gedirəm…tanrının dilin öyrənəm.

Elçin Məmmədov