BİR ZƏRRƏ
Mən dünyada bir zərrə,
dünya mənim içimdə.
Ölsəm, ölər bir dünya,
mən boyda, mən biçimdə.
Bir kimsəsiz yetimin
nəğməsi dodağımda.
Dolanıram dünyanı
darısqal otağımda.
Nur saçarmı qaralmış
buludun yaxasından?
Ayrıla qəmli qəlblər
öz ahından, yasından.
Allahın öz evi yox,
çat verə, Allah sıza.
Bir damla məlhəm kimi
dinsizə, allahsıza.
Bütün yerlər və göylər
bir varlığın kölgəsi.
Ürəyim yağmalanmış
əsirlər düşərgəsi.
Gülməyə həvəsim yox,
ağlamağa nəfəsim…
Yağış deyiləm, yağım,
külək deyiləm, əsim…
GƏLMƏDİN
Bu yay da belə qurtardı,
Yetişdi payız, gəlmədin.
Səni hər gün gözlədim mən,
Dolandım yalqız, gəlmədin.
Kimi qəlbdən qəmi atdı,
Kimi arzu, kama çatdı.
Hamı gedənlər qayıtdı,
Bil ki, sən yalnız gəlmədin.
Şeir yazdım sənə hər dəm,
Yazdıqlarım tək dərd- ələm.
Sızıldadı əldə qələm,
Ağladı kağız, gəlmədin.
Hamı gedənlər qayıtdı,
Bil ki, sən yalnız gəlmədin…
HARASA TƏLƏSİRİK
Soyuq günlərimizdə
isti bizə xoş gəlir.
Çox istidir, soyuqlar
indi bizə xoş gəlir.
Dünya öz işindədir,
yalandan qaçır adam.
Olmayana can atır,
olandan qaçır adam.
Çoxumuzun başında
neçə fəlakət, qovğa.
Harasa tələsirik,
zamanı qova- qova.
Gedişi fərqlisə də,
sonu birdir bu yolun.
Sonundan dönəni yox
milyon ildir bu yolun.
Nə gözləyir qarşıda,
nə yazılıb alında?
Hələ ki, yol gedirik
ömrün qanadlarında…
KEÇİR
Dünya beş günlük deyil,
Zamanı beşdən keçir.
Ya öl, beşə çatmasın,
Ya yaşa, beşdən keçir.
Dünya fırıldaq, hiylə,
Oyundur dolu sirlə.
” Yek” at , başını girlə,
Uğur cüt “şeş”dən keçir.
Tək haqqa göz dikirsən,
Uçuq daxma tikirsən.
Çox şeyə gecikirsən,
Sonra iş işdən keçir.
Azalmır işi bizdən,
Nə aldıq işimizdən?!
Varımız dişimizdən,
Canımız şişdən keçir.
Çox şeyə gecikirsən,
Sonra iş işdən keçir…
ADAM
Çölündən boyu ucalır,
içindən qısalır adam.
Çox şeyə tamarzı qalır,
çox şeydən usanır adam.
Hələ çoxu gedir duza,
ya qazana, ya uduza.
Yaşı çatmamış otuza,
görürsən, qocalır adam.
Hər bir dərdə düçar odu,
yanır qəlbi, sönür odu.
Hardasa dağılır yurdu,
hardasa yurd salır adam.
Nə olsa, düzəlmir axı,
əzən əzir, sıxan sıxır.
Adam adamlıqdan çıxır,
özündən utanır adam.
Çölündən boyu uzanır,
içindən qısalır adam…
QAYIT
Bu boyda dünya boşdur,
gözümdə sənsiz indi.
Daha yox kimiyəm mən,
özüm də sənsiz indi.
Yağış başqa cür yağır,
külək də başqa cürdür.
Çırpınır qəm içində,
ürək də başqa cürdür.
Hansı yolu arayım,
o yol sənə aparsın?
Ya da gətirsin səni,
görüm, yenə aparsın.
Sənsiz qəfəsdir həyat,
harda tapım təsəlli?
Necə bu sıxıntıda,
darda tapım təsəlli?
Qayıt, yaşamaq üçün
mən səsinə möhtacam.
Söhbətinə, sözünə,
nəfəsinə möhtacam…