XƏYAL VƏ REALLIQ ARASINDAKI SEVGİNİN SİRRİ
(Təranə Turan Rəhimlinin “Məndə daşa da sevgi var” şeirlər toplusu haqqında)
Ünsiyyətin dərin oyulmuş profillərindən bəslənən, emosional komplekslərdə semantikləşmiş formalarla kəsişən, fonik qruplar və ifadə vasitələri ilə canlandırılan poeziya – Azərbaycan şairi Təranə Turan Rəhimlinin “Ho Amato Persino La Pietra” — “Məndə daşa da sevgi var” (İtaliya, “Cuscino di stelle”, 2023) adlı şeirlər toplusundan ortaya çıxan qənaət budur. Azərbaycanın paytaxtı Bakıda doğulan, Puliyalı şair Klaudia Piççinnonun ingiliscədən şeirlərini tərcümə etdiyi Təranə Turan uzun illər Azərbaycan Dövlət Pedagoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti kimi mühazirələr oxuyub, eləcə də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində yapon ədəbiyatından dərs deyib, şeir və nəsr əsərləri Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, İran və digər ölkələrdə yayımlanıb .
İçərisindəki bir şeirdən götürülmüş şeirlər toplusunun adı poeziya və ədəbiyyatın zirvəsi olan mövzunun, yəni sevginin koordinatlarını çəkir. Doğulan, əriyən, ölən, arzuları alovlandıran, şairin ruhunda musiqi həvəsi oyadan, qəlbin klavişlərindəki notların titrəyişini qovalayan, həqiqi sözün seçilib tanınmağının həsrətini çəkən sevginin:
“Təkcə sözləri
seçib saxlyacaqlar,
Bir də məni
sevgimdən tanıyacaqlar. (s.6)
Təranə Turan Rəhimli sevgini suqqestiv və intellektual vəziyyətləri ilə yaşayır, eləcə də obrazların bütün repertuarının affektiv interpretasiyasına təkan kimi burada onun müxtəlif yönlərdə həyatı müşahidə qabiliyyəti görünür: “…Sözlərini dilinə yığ qal indi …Nə qədər söz verdik bir-birimizə, / Gəl qalan ömrü də sözlə oynayaq”.
Bu əlaqələrin gərginliyi epizodlara və bütünlükdə şairin nəğməsinin qaynağına güc verir, seçim borcuna və bir anlıq sevgi taleyinə əsaslanan ağrı ilə rəvayəti doldurur. Və beləliklə, Təranə Turan Rəhimlinin poeziyası özünün ağrılı çaşqınlığını hayqıran, məişət münasibətləri tellərini yenidən hörən, ehtiraslarında kortəbii, həyat təcrübəsinə uyğun formada, yaradıcılıq aktında öz obrazını retuş edən qaralmış, təngnəfəs, yorğun səsə çevrilir:
Yenə gözlərim üşüdü,
Baxışların nə soyuqdu.
Odlu dilini don vurub,
Sözündə hərarət yoxdu.
Kirpiyindən buz asılıb,
Saçlarına qar səpilib.
Sanki sənin dodağınla
Qışın yanağı öpülüb.
Yaman üşütdün ruhumu,
Qəlbin buzdur, əllərin qar.
Qəm etmə belə soyuqsan,
Məndə daşa da sevgi var.
Müəllifin poetik söhbəti bəzən nümayişkaranə, spekulyativ və ya anaqoji xarakter daşıyır, bəzən də əvəzolunmaz, zəruri sözlərlə davamlı bir zəriflik əlaməti olur. Bəzən özünü tənha hiss edən ərli qadınlara güclü mesaj, bəzən öz qızına diqqət, qayğı, bəzən tənhalığına qapılmış kişiyə bir xatırlatma, bəzən də onun “min il özünə yol gələn” şairlərlə söhbəti ilə xarakterizə olunur: Sözündən asılıb ölür,/Qoymur sözü boğulmağa, / Bezib köhnəlmiş ömürdən, / Ölür təzə doğulmağa”.
Təranə Turan Rəhimli oxucuya çılpaq əsaslarına endirilmiş ekzistensial baxışı təqdim edir. O, düşüncəli, narahat şairdir, insanın dərdinə, xəstəliyinə belə rəğbət bəsləyir: “…Üz-gözündən oxumaq olurdu adamların içindəki talanları,/ Qansız-qansız üzürdü fələk qana möhtac olanları./ Xəstələrə baş çəkən həkimin ürəyinin qanı qaçmışdı, /Talasemiya, Hemofiliya adlı dərdlər qan üçün yaman acmışdı. /… İlk dəfə dərdin rəngini gördüm dərdini bilməyən bir körpənin üzündə.”
O, həm də insanın mahiyyətini rəmzi və metalinqvistik məna kəsb edən metafora və semantik komplekslərlə formal bir şəkildə təsvir edən şairdir: şeirlərində insan “meyvə ağacı kimidir”, “çiçək kimidir”, “torpaq kimidir”, “daş kimidir”… Bir sözlə, Təranə Turan Rəhimli insan ruhunu coşduran əzab, qaçış, axtarış, sublimasiyanın daxili vəziyyətlərini necə nəğməyə çevirəcəyini bilən şairdir.
Beləliklə, “Məndə daşa da sevgi var” daşa çoxçalarlı məna verən poetik topludur. Əgər şair Lukretsi “Şeylərin təbiəti haqqında” əsərində bir damlanın zaman keçdikcə sərt qayaya necə qalib gələ biləcəyini vurğulamaq üçün “Gutta cavat lapidem” (“Bir damla daşı oyar”) demişsə,
eyni şəkildə Təranə Turan Rəhmliyə görə səbrli və mətanətli sevgi (Şair bir şeirində “…Sənə dözən dözümümə qəbir yox” deyir…və bu tək misra belə şairi anlada bilir.) “daş kimi insanlar”la qarşılaşdığında belə, “sükut duvarlar ucaldanda” və “yol… gözyaşlarıyla dolanda” belə nəticə əldə edə, yolu başa çıxa bilir.
İtaliya, Modika, 2025.
Dos.Dr. Domeniko Pisana,
şair, ədəbiyyatşünas, tənqidçi, teoloq, jurnalist.