.....

.....

Elçin Məmədovun şeirləri

Elçin Məmədovun şeirləri

Küsübsə bu şəhərin gündüzü gecəsindən,
Boğulursa bu şəhər özü öz küçəsində.
Ən sonuncu ümidlər bir qızıl balıqdasa,
Ən böyük sevgilərin sonu ayrılıqdısa.
Dən atdığın göyərçin əllərinə dönüksə,
Bu şəhərdə ölümlər ömürlərdən böyüksə,
Gəl, gedək bu şəhərdən.

Yoxsa bir udum hava intizardan boğulsan,
Və bütün körpülərdə intiharlar doğursa.
Ən bədbəxt qağayılar sahilə sakin isə,
Barıt üfunətinə, mərmi vıyıltısına qulaqlar kəbinlisə.
Bütün sinələr altda gizlədilən daşdısa,
Xoşbəxtlər sırasında bütün yerlər boşdusa,
Gəl, gedək bu şəhərdən.

Dənizlərin küləyi dənizlərə əsirsə,
Ağxalatlı həkimlər ağbənizli bir qızın saçlarını kəsirsə.
Bu şəhərdə qaralar ən sevilən rəngdisə,
Bir qızın döşlərindən süd əmən xərçəngdisə.
Sonu məğlubiyyətsə soyuq palatalarda tanrıya üsyanların,
Saxlamırsa sarğılar bir vücudun içindən köçüb gedən canları.
Gəl, gedək bu şəhərdən.

Və bir cərrah bıçağı körpə dodaqlarıyla bir ana bədəninin arasında səddisə,
Ən hündür göydələnlər yer tanrı arasında tikanlı sərhəddisə.

Qarğış, haray, ah, nalə, keçilməyən tabular,
Müharibə sonrası tək qayıdan ayaqlar, taykeş ayaqqabılar.
Qara qutu gətirdi,
Qanlı köynək gətirdi,
Köynəkdə qan gətirdi,
Yarım adam gətirdi
hər gün gələn qatarlar.
Bircə… o itkin ayaq düşmədi ən sonuncu qatardan.

Görmürsən yarım edir, ya da yarımcan edir bu şəhər adamları,
Aç qapını,
Eşitmirsən zəng səsin, bir məscid udacaqdır bu səhər adamları.

Gəl, gedək!