Üç varlıq
Xəyala dalaraq deyirəm hərdən,
Çətin yaşayardım bu dünyada mən,
Olmasaydı mənə təsəlli verən.
Bu üç varlıq olub mənim təsəllim:
Bir anam, bir namaz, bir də şeirim.
Anam dərdlərimə olubdur dərman,
Bir qəlbin içində olub iki can.
Anam! O, varlığım, o mənim dünyam!
Bu üç varlıq olub mənim təsəllim:
Bir anam, bir namaz, bir də şeirim.
Namaz! Bezən zaman zalım həyatdan,
Mənimlə danışır sanki bir insan.
Deyir ki, Allahı çıxartma yaddan.
Bu üç varlıq olub mənim təsəllim:
Bir anam, bir namaz, bir də şeirim.
Şeir! O, ruhumun pak qidasıdır,
Şeir! O, ömrümün bir mənasıdır,
Şeir! Kədərimin qəm ədasıdır.
Bu üç varlıq olub mənim təsəllim:
Bir anam, bir namaz, bir də şeirim.
Allahım, bunları çox görmə mənə,
Ömrümü bölürəm onlarla yenə.
Min şükür edirəm üz tutub sənə,
Bu üç varlıq olub mənim təsəllim:
Bir anam, bir namaz, bir də şeirim.
Nöqtə, vergül, nida, sual.
Yazıram nöqtəsiz, vergülsüz şeir,
Bu mənim qəlbimin içindən gəlir.
Nöqtə son deməkdir, hələ son deyil,
Mənimsə başlanğıc xoşuma gəlir.
Baxıram nidaya, qibtə edirəm,
Hər zaman onuntək qalmaq olmayır.
Nidanı xoşlayır yalnız ürəyim,
Onu da hər yerdə yazmaq olmayır.
Həyatdır, əyilən, sınan da olur,
Nidadan keçibdir mənə bu qürur.
Mənsə bu vergülü heç xoşlamıram,
Elə bil, kiməsə baş əyib durur.
Həyat başdan-başa olubdur sual,
Əzəlimiz sual, sonumuz sual.
Cavabın deməyə qüdrətim yoxdur,
Onunçun suala vermirəm sual.
Yazdığım şeirlər
Qəfil gələn qonağım,
Həm mənəvi dayağım,
Ruhum, cismim, vəfalım,
“Nə gözəldir” deyirlər,
Yazdığım bu şeirlər.
Qiymətli varlığımdır,
Səsimdir, sorağımdır,
Mənim mən olmağımdır,
Həqiqəti sevirlər
Yazdığım bu şeirlər.
Mən dərdimi deməyə
Axtarmıram qohum, yad.
Ruhum edəndə fəryad
Harayıma gəlirlər
Yazdığım bu şeirlər.
Toxunanda qəlbimə,
Sarılmışam qələmə.
Şərik olub dərdimə
Bu cümlələr, sətirlər,
Yazdığım bu şeirlər.
Mən əbədi olanı
Sevmişəm uşaqlıqdan.
Fani olanlar ilə
Yoxdur aram, bilirlər
Yazdığım bu şeirlər.
Bu dünyadan köçəndə
Bir iz qoyub gedirlər.
Məndən yadigar olsun
Mənim övladlarıma
Yazdığım bu şeirlər.