.....

.....

Bir həqiqət hekayəsi – Aysel Abbasova

Bir həqiqət hekayəsi – Aysel Abbasova

Bir həqiqət hekayəsi

Özünüz haqqında məlumat verin, zəhmət olmasa.
– 30 yaşım var. Evdar qadınam. Evliyəm və 1 övladım var. Ucqar sayılacaq kəndlərdən birində, konservativ bir ailədə böyümüşəm.

Hansı psixoloji xəstəlikdən əziyyət çəkirsiniz?
-Kompulativ beyin pozuntusu. Bədginlik və depressiya.

İlk simptomlar nə zaman və necə başladı?
-Bir neçə il əvvəl başladı.

Əslində, təmizlik mövzusunda həmişə diqqətli olmuşam. Evləndikdən sonra evimə qarşı da çox həssas idim. İstəyirdim ki, hər yer təmiz və səliqəli olsun. Sonra bundan bezdim, evin səliqəsinə olan marağım itdi. Və özümə, öz təmizliyimə yönəldim. Əvvəl normal görünən bu hal getdikcə şiddətini artırdı. Dayanmadan əllərimi yumağa başladım. Eləcə “əllərim təmiz olmur” deyirdim. Daim çirkli olduğumu hiss edirdim.

Bu psixoloji pozuntu hallarını özünüzə necə izah etdiniz? Bunları yaşamaq ilk vaxtlar sizi təşvişə saldımı?
-İlk vaxtlar tez-tez, saya-saya əllərimi yuyurdum. Və bu hal mənə adi gəlirdi. Sonra bu haqda ətrafımdakılara danışdım. Onlar məni qınamağa və qorxutmağa başladılar ki, ayıbdır belə etmə. “Özünə gəl!” “Yazıqsan!” Bu sözlərlə yaşadığım vəziyyəti gözümdə böyütdülər və bu məsələ artıq mənim üçün böyük bir travmaya, kompleksə çevrildi. Onlar sanki mənim ən zəif tərəfimi görmüşdülər. Və həmin insanlarla hər dəfə görüşəndə hər hərəkətimi izlədiklərini, qınaqla mənə baxdıqlarını hiss etməyə və düşünməyə başladım. Tək qalanda isə insanların əllərimə pis nəsə etdikləri və əllərimin həmişə kirli olduğu fikirlərilə özümü yormağa davam etdim.

Bəs bu pozuntunun təməlində dayanan səbəb nədir? Bunu tapmısınız?
-Həyat yoldaşımın natəmizliyi məni iyrəndirdi. Ona “təmizliyinə diqqət et”, desəm də, sözlərimə laqeyd yanaşdı. Bu məni ondan uzaqlaşdırdı. Onunla eyni evdə yaşamağa davam etmək isə xəstəliyimi ağırlaşdırdı və sonra sağalmağımı çətinləşdirdi.

Xəstəliyin psixoloji ağırlığı nə dərəcədə böyükdür və bu narahatlıq sizdə hansı duyğu vəziyyətləri və disbalansı yaradır?
İçimdə danışan səslər var. Vəsvəsələr. Ağlıma fərqli və məni yoran fikirlər gəlir. Onlarla daxilən savaşa çıxıram. Deyinməyə və o səsləri öz-özümə danışaraq susdurmağa çalışıram. İnsanları düşünəndə onlar haqqında pis və təhqiramiz danışmağa başlayır, özümü dayandıra bilmirəm. Bu zaman o qədər yoruluram ki, həyata nifrət edirəm.
Hazırda xəstəliyinizi şiddətləndirən amillər nələrdir?
Hələ də duş qəbul edəndə və əllərimi yuyanda eyni çətinlikləri yaşayıram. Yenə eyni “təmizi deyil” hissi gəlir. Bəzən dəfələrlə əllərimi yuyuram. Su ilə təmasda olmaq indi mənim üçün işgəncədir.

Bəs sizdəki bu kompulsiv hallar nə zamansa azalır?
Yatanda. Yuxuya gedəndə hər şey yaddan çıxır. Həm də rayon yerində yaşadığım üçün gecələr əllərimi tez-tez yuyacaq şəraitim yoxdur. Buna görə əllərimi yuma ehtiyacım azalır.

Həkimə və psixoloqa müraciət etmisinizmi? Ümumiyyətlə, hansı müalicə üsullarını yoxlamısınız?
Həkimə də, psixoloqa da müraciət etmişəm. Dərman və terapiya müalicə üsullarından istifadə etmişəm.

Müalicələr xəstəliyinizə necə təsir etdi?
Xeyli irəliləyiş oldu. Əl yumaq sıxlığım azaldı. Özümü nisbətən yaxşı hiss etməyə başladım. Düzdür, qəbul etdiyim dərmanlar məni bir az donuqlaşdırdı. Ancaq həm də yuxu rejimimi və xəstəliyimi nəzarət altına aldı.

Sağalmaq üçün başqa hansı yolları yoxlamısınız?
Ruhumu sağaltmağa çalışıram. Təbiətdə vaxt keçirməklə xəstəliyin təsirlərini müəyyən müddətlik də olsa, azalda bilirəm.

Yaşadığınız bu psixoloji pozuntuların həyat hekayənizlə, sizcə, əlaqəsi varmı?
Deyəsən, var. Dediyim kimi, kənd yerində, köhnəfikirli bir ailədə böyümüşəm. Nə təhsil almışam, nə də fikirlərimə elə çox önəm verilib. Uşaqlıqda həmişə yaxşı, xoşbəxt bir həyatın həsrətini çəkmişəm. Bu məni içinəqapanıq bir qız kimi böyüməyə vadar edib. İçimdə insanlara qarşı sanki gizli aqressiya və kin olub. Evliliyim belə ailəmin seçimi ilə baş tutub. Həyat yoldaşımı sevə bilməmişəm. Bu, içimdəki boşluğu daha da böyüdüb.

Bəs hazırda ailə üzvlərinizdən gözlədiyiniz dəstəyi ala bilirsinizmi? Onlar xəstəliyinizin ciddiyilini nə qədər anlayırlar?
Ailəm də, həyat yoldaşım da müalicəm üçün dəstək olur, sağalmağım üçün əllərindən gələni edirlər. Ancaq onlar beynimin içində olanları tam anlamırlar. Bu xəstəliyin dərman içməklə keçmədiyini, yaşadığım psixoloji çətinliklərin burdakı rolunu görə bilmirlər.

İndi özünüzü necə hiss edirsiniz?
Yorğun və tükənmiş. Xəstəliyin yaratdığı bir çox kompulsiya və fəsadları geridə qoysam da, tam qurtula bilməmişəm. Özümlə savaşmaqdan, öz içimdə hər kəsə nifrət qusmaqdan bezmişəm. Artıq tamamilə sağalmaq istəyirəm.
Sağalmağınıza, sizcə, hazırda nə mane olur?
Mən xəstəliyimlə bağlı artıq bir çox həqiqətləri dərk etmişəm. Yaşadığım bu pozuntu həyatımdakı duyğu boşluğunu doldurur. Sağalsam, bu duyğuların yerini dolduracaq heç nə qalmayacaq. Nə xoşbəxtlik, nə kədər. Buna görə nə qədər cəhd etsəm də, şüuraltım tam sağalmağı hələ qəbul etmir.

Bilirəm ki, bu xəstəliyin öhdəsindən gəlmək üçün mənim yeni bir məşğuliyyətə, həyat məqsədinə ehtiyacım var. Ancaq indi onu axtarıb tapacaq gücüm də yoxdur. Ümid edirəm, tezliklə bütün qüvvəmi toplayar və bu iztirabdan tamamilə qurtularam.

Sizinlə bənzər problemləri yaşayan insanlara burdan nə demək istərdiniz? Siz insanlardan nə eşitmək istərdiniz?
Heç kim mən yaşadığımı yaşamasın. Yaşayanlar da sağalsın. Hər kəsin günü və ömrü xoş olsun.

Onların da mənə də yaxşı günlər arzulamağını və faydalı tövsiyələr verməsini istərdim.