.....

.....

Nəsimi Şuşalının şeirləri

Nəsimi Şuşalının şeirləri

Tövbə, əstəfurullah

Ayı atıblar göyə, dönür yerin başına,
Göydəkinin dönməyi, gəlir yerin xoşuna.
Bilir qovuşmayacaq,
o fırlanır boşuna,
Ay belə fırlanmağın… tövbə, əstəfurullah…

Göyün göydə dərdi var,
Yerin yerdə dərdi var,
Göyün dərdi hamardı, yerin girdə dərdi var,
Çölü sudu, içi od, yanan pərdə dərdi var,
Ay belə qalanmağın… tövbə, əstəfurullah…

Bəlkə də sınaqdayam, Allah mənə ərk edir,
Ya da bilir günahım olduğunu görk edir,
Siçan girir cibimə, kor peşiman tərk edir,
Ay belə dolanmağın…
tövbə, əstəfurullah….

Əkinçi yer şumlayır, maraqlı torpaq çıxır,
Yerə toxum səpəndə, qırmızı turp ağ çıxır,
Bağban calaq calayır, söyüddən yarpaq çıxır,
Ay belə calanmağın… tövbə, əstəfurullah.

Bu dünyada özümə tapmıram bir künc niyə?
Tapsam rahat olardım, üz tutardım dincliyə,
Fikrimdə xəyal qurub, yollanardım gəncliyə,
Ay belə yollanmağın… tövbə, əstəfurullah…

Gəlmişəm.

Üz sürtərək Şuşam sənin daşına
Dizin dizin sürünməyə gəlmişəm.
Otuz illik həsrətin var sinəmdə.
Dumanına bürünməyə gəlmişəm.

Şaddır ruhu igidlərin, ərlərin.
Senden ötrü can verən o nərlərin.
Qəribsəmiş, bizsiz qalmış yerlərin.
Gözlərinə görünməyə gəlmişəm.

Sən nə çəkdin biz olmayan dövürdə?
Gəl ağlayaq, qucaqlaşaq biz birde.
Otuz illik bir ölüydüm qəbirdə.
Suyun içib, dirilməyə gəlmişəm.

İgidlərin layiqdi hər duaya.
Son qoydular düşdüyün dərd, bəlaya.
Sənə sipər tikilən o qalaya
Bir daş olub hörülməyə gəlmişəm.

Görüm fələk düşsün dərdə, azara.
Hak gec gəldi bəxt satılan bazara.
Nenem, babam yatan uçuq məzara,
Örtük olub sərilməyə gəlmişəm.

Nəsimiyəm ömrün xəzan çağında.
Yaz olmuşam Şuşam Qırxqız dağında.
Xarı bülbül olub vətən bağında.
Vaxt bitəndə dərilməyə gəlmişəm.

Ölmüş duyğular.

Buğdası yığılmış xırman yeriyəm.
Küləklər samanı sovurur indi.
Ovçuyam, ya ovam hansı biriyəm?
Qayıdıb, özümü ov vurur indi.

Ölmüş duyğuların çəkib şəklini.
Asmışam otağın baş tərəfindən.
İtmiş arzuları süzüb badəyə.
Baxıram yarısı boş tərəfindən.

Beynimdə qurmuşam yel dəyirmanı.
Fırlanıb, üyüdür fikirlərimi.
Dedilər yanarsan “qır qazanı”nda .
Minnətə göndərdim “şükür”lərimi.

Nə səhər açılır, nə dan sökülür.
İtmişəm gecənin qaranlığında.
Siz qazın qəbrimi yuxum töküĺür,
Darıxdım bu bayquş viranlığında.

Saralmış məktub.

Gör nə qədər zaman keçib aradan..
Ömrümüzdən illər axıb, getdilər.
Bildilərki, bizdə sevgi alınmaz.
Üzümüzə gülüb, baxıb, getdilər.

Qara paltarımı geyib əynimə.
Sevgimiz ölübdü, yasa gəlmişəm.
Bir vaxt görüşünə qaçıb, gələrdim.
İndi əllərimdə əsa gəlmişəm.

Bir az yaxına gəl, yaxında dayan.
O mavi gözünü görmür gözlərim.
Mən sənə baxanda qəlbim əsərdi.
İndi qocalıqdan əsir dizlərim.

Saralmış bir məktub çıxır cibimdən.
Ünvana gecikmiş etirafdı bu.
Bəlkə də bu yaşda məni qocaldan,
Sinəmi göynədən iztirabdı bu.

Səndə nə günah var, sən nə biləydin.
Sən o vaxt qərarın doğrusun verdin.
Bir parça kağızı vermədim sənə.
Sən mənə illərin ağrısın verdin.

31.07.2025.Kəlbəcər
təəsuratlarım…

Deyir.

Vüqarlı qayalar baş- başa durub.
Sinəmdə gizlənib, qızıl, ləl deyir.
Xan Tərtər sığışmır çay yatağına.
Qurmuşam bu yolda min əngəl deyir.

Bu dağlar yonulub qayadan, daşdan.
Baxdıqca olursan ağıldan, huşdan.
Ceyranlar boylanır gədikdən, qaşdan.
Ovçuya “insafa et əməl” deyir.

Burda bulaqlar da şair tək çağlar.
Tərpətsən Şəmşirə dil deyib, ağlar.
Hələ də yollara göz dikib dağlar.
Sücayət hardasan?, Bəhmən gəl! deyir.

Zirvələr çəməndi, güldü, çiçəkdi.
Buludlar saçıma sığal da çəkdi.
Yurd yeri “bilirdim el gələcəkdi”.
“Yenidən qoyacaq him, təməl” deyir.

Çay bəndə salınır, körpü tikilir.
Qayalar yarılır, yollar çəkilir.
Kəlbəcər yurduna bir də əkilir.
Heç belə deyildim lap əvvəl deyir.

Nəsimi dərdi var burda qarın da.
Bu torpaq donmuşdu ilk baharında.
Arzusu gül açıb ağaclarında
Çox şükür sovuşdu bu əcəl deyir.