.....

.....

Son zəng – Aynurə İncinin şeirləri

Son zəng – Aynurə İncinin şeirləri

SON ZƏNG

İllər qanadlanıb necə tələsdi,
Şagird həyatından on bir il ötdü.
Kövrək urəklərdə duyğular əsdi,
Amansız son zəngin vədəsi yetdi.

Sizi qorxutmasın tufan da, qar da,
Həyatin axışı əlinizdədir.
Ən böyük xəzinə, dövlət də, var da,
On bir unudulmaz ilinizdədir.

Tələbə adına uğur gətirib,
Uca zirvələri aşıb gedirsiz.
Hərəniz bir damla alıb götürüb,
Elmin dəryasından daşıb gedirsiz.

Məzunlar, həyatin axarı iti,
Ömrünüz ən gozəl ilə calansın.
Qoruyub saxlayın bu səadəti,
Bir də adınıza son zəng çalınsın.


ÜMİD

Ömrümdən yonub-yonub,
Şikəst olan ümidimə,
Hamar əsa düzəltmişəm.
Dikəltmişəm.
Sevincimi kədərimə tay etmisəm,
Təki ümid yıxılmasın.
Gülümsəyib üzünə,
Təbəssümü pay etmişəm,
Onlar məndən utanmasin, sıxılmasın..
Hər sabah oyandığımda,
Pəncərə qarşısında dayandığımda,
Məndən əvvəl ümidimdir nəfəs alan.
Mənim təbəssümümdən həvəs alan.
Bəlkə də, ümidimin sayəsində yaşayıram,
Bu dünyanın qəm yükünü,
Rahatlıqla daşıyıram.


ANA

Bilsəydim böyüsəm qocalacaqsan,
Böyümək olmazdı diləyim, Ana!
Nəfəsin isidir soyuq dünyamı,
Eşqinlə döyünür ürəyim, Ana!

Qayğısız illərə qayıtmaq üçün
Saçını hördüyün uşaq olaydım.
Baş qoyub axşamlar dizlərin üstə,
Sən nağıl deyəndə yatıb qalaydım.

Ana laylasıtək varmı bir bəstə?
O notsuz yazılıb incədən -incə
Laylasız yatdığım bir ömrə dəyər,
“Laylanla” yatdığım şirin bir gecə.

Var olmaq səbəbim, varlığım, ana!
Sənsən həyatımın şanı, şöhrəti.
Qızıldan taxt-tacım olsa da yenə,
Anasız dünyamın yoxdur qiyməti!


GEDiRƏM

Kövrək ümidimdən körpülər salıb,
Könül sarayından çıxıb gedirəm.
Büsbütün hikkəmi, öfkəmi alıb,
Sevgi qalasını yıxıb gedirəm.

Leysantək gözümdə yaşa dönsən də,
Qəlbimdə qayaya, daşa dönsən də,
Ömür üzüyümdə qaşa dönsən də,
Küsdümsə gözucu baxıb gedirəm.

Eşqin səmasında nurlu ay oldum,
Tanrıdan səninçün böyük pay oldum,
Kükrəyən sel oldum, dəli çay oldum,,
Hissindən süzülüb axıb gedirəm

Gərək ayrılaydıq lap birincidə,
Qoymazdıq bu sevda ürək incidə.
Daha nə mənası, küs də, inci də,
Son dəfə əlini sıxıb gedirəm.


ŞUŞA AÇ QAPINI BİZİ QARŞILA

Qəlbimiz həsrətlə dolu gəlmişik,
Müqəddəs gəlmişik, ulu gəlmişik,
Salıb qayalardan yolu gəlmişik,
Şuşa, aç qapını, qarşıla bizi.

Sönmüş ocağına odun qayıdıb,
Xoş günün, ləzzətin, dadın qayıdıb,
“Şuşinin” yerinə adın qayıdıb,
Şuşa, aç qapını, qarşıla bizi.

Quzğunlar səmanda ötməsin deyə,
Tikanlar qoynunda bitməsin deyə,
Gəldik gözəlliyin itməsin deyə,
Şuşa, aç qapını, bizi qarşıla.