.....

.....

Rəqsanə Tapdıqlının şeirləri

Rəqsanə Tapdıqlının şeirləri

Gileyliyəm səndən, dünya

Dünya səndə nəyim qaldı?
Alınmamış payım qaldı.
Çalınmamış neyim qaldı.
Gileyliyəm səndən, dünya.

Yıxılmadım, dik dayandım,
Nə çaldınsa, mən oynadım.
Amma səndən, heç doymadım,
Gileyliyəm səndən, dünya.

Etibarsız oldun sən də.
Saldın bizi sən kəməndə,
Düşməyəydik gərək bəndə.
Gileyliyəm səndən, dünya.

Bu cahanda, kimə qaldın?
Baha verib, ucuz aldın.
Geniş yolda, dar cığırdın,
Gileyliyəm səndən, dünya.

Arzu sonsuz, ümid çoxdur,
Gedən gedir, gələn yoxdur.
Sığalın da nizə, oxdur,
Gileyliyəm səndən, dünya.

Heç bir işin olmur asan.
Dolub artıq, səbr kasan.
Özün boyda, bir dəryasan,
Gileyliyəm səndən, dünya.

Qəmi, dərdi sızan sənsən.
Dərya coşsa, sazan sənsən.
Bu qurğuda, mizan sənsən.
Gileyliyəm səndən, dünya.

Bizə qəbir qazan oldun,
Bu oyunu pozan oldun,
Yuxuları yozan oldun,
Gileyliyəm səndən, dünya.

Bir nişan ver halallaşım.
Bilməm, nələr çəkər başım.
Vəfalı ol, mən barışım…
Gileyliyəm səndən, dünya.

Dünya sənlə sağollaşım,
Torpağımla qucaqlaşım.
Bəlkə orda rahatlaşım.
Gileyliyəm səndən, dünya.
Gileyliyəm səndən, dünya.

Dünya neçə bucaqlıdır?

Gör nələrə sinə gərdi,
Tükənmədi qəmi, dərdi
Qövr etdi yaran göynədi.
Sinən çarpaz bıçaqlıdır
Dünya neçə bucaqlıdır?

Ulu Tanrıya şükr etdik.
Dara düşəndə küfr etdik.
Yıxılanı vurduq, əzdik
Hər küncü bir tuzaqlıdır,
Dünya neçə bucaqlıdır?

Gah səni salar tilsimə…
Əzab verər, bilə-bilə.
Çox çətin bir də düzələ,
Odu sönmüş ocaqlıdır,
Dünya nemə bucaqlıdır?

Ürək dözmür istisinə…
“Kor olmuşuq tüstüsünə”
Sağalmayan xəstəsinə…
Şəfasından qaçaqlıdır,
Dünya neçə bucaqlıdır?

Ərimə sən, ilim-ilim,
Çox inkişaf etdi bilim.
Zalım imiş, hardan biıim?
Gah qaynardır, sazaqlıdır,
Dünya neçə bucaqlıdır?

Ürəkdə min həsrət qaldı
Neçə insan, yola saldı.
Fani dünya kimə qaldı?
Son ucu çox təzadlıdır
Dünya neçə bucaqlıdır?

Məni məndən, alan illər
Saçıma dən salan, illər,
Gah açılıb-solan illər,
Qələmimlə mizrablıdır…
Dünya neçə bucaqlıdır?

Dönüb baxdım uzaqlara…
Xəyal məni çəkib dara.
Çatdım daha son limana,
Axirəti əzablıdır
Dünya neçə bucaqlıdır?