MÜASİR MÜƏLLİM MODELİ
Fil.ü.f.d.Sevinc Qəmbərova
Xəzər Universiteti, Dillər bölməsinin koordinatoru
Məqalədə müəllim peşəsində çalışan mütəxəssislərdən tələb olunan keyfiyyətlər, bilik və bacarıqlar haqqında bəhs edilmişdir. İxtisasından asılı olmayaraq, müəllimlik peşəsində çalışan hər bir mütəxəssisin həm şifahi, həm yazılı nitqinin formalaşdırmasının vacibliyi vurğulanmışdır. Çünki öyrənənlərə bütün bilik və bacarıqlar nitq vasitəsi ilə ötürülür və bu səbəbdən də müəllimin nitqində aydınlıq, düzgünlük, təmizlik, yığcamlıq, zənginlik kimi başlıca tələblər gözlənilməlidir. Bununla yanaşı, müəllimlərdən pedaqoji-psixoloji biliklərə sahib olmaları, həmçinin müasir dövrün, sürət ilə inkişaf edən müasir dünyanın tələblərinə uyğun olaraq texnoloji bacarıqlara yiyələnmələri də gözlənilir. Tədqiqat işi aparılarkən təsviri, müqayisəli və müşahidə metodlarından istifadə edilmişdir.
Müasir dünyada əvvəlki illər ilə müqayisədə bir çox sahələrdə inkişaf çox surətli şəkildə gedir. Süni zəka, yeni-yeni texnoloji avadanlıqlar, platformalar, anlayışlar və s. digər sahələrdə olduğu kimi, müəllimlik peşəsi ilə məşğul olan kadrların qarşısında da yeni üfüqlər açması ilə yanaşı, həmçinin bir çox tələblər də qoyur. Artıq tək ali təhsil almaq, tədris prosesində təklif olunan ədəbiyyatlar ilə tanışlıq kifayət etmir. Belə ki, müəllimlər daima öz üzərlərində işləməli, intellektlərini cilalamalı, daha geniş bir dünyagörüşünə sahib olmaq üçün çalışmalıdırlar. Yetişən gənc nəslin formalaşmasında rolu olan və istənilən ixtisas üzrə çalışan orta məktəb müəllimləri, xüsusən pedaqoji fəaliyyət ilə yanaşı, tədqiqatçılıq fəaliyyəti ilə məşğul olmalı olan ali məktəb müəllimlərindən müasir dövrdə müəyyən bacarıqlara yiyələnmələri gözlənilir.
Nitq bacarıqları. Nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir. Xalqımızın müstəqillik və suverenlik əldə etdiyi indiki dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin tərbiyə olunması tələbi dil mədəniyyətini də vacib məsələ kimi qarşıya qoyur [Abdullayev, 2013, səh.4]. Bütün dövrlərdə müəllimlik peşəsi ilə məşğul olanlardan cəmiyyətə mədəniyyət, elm, ədəb, alicənablıq, düzgünlük və s. kimi yüksək, faydalı və ali dəyərlərin aşılanması gözlənilir. Mədəni nitqin formalaşdırıması ilə bağlı bir çox ədəbiyyatlarda da bütün peşə və ixtisaslar ilə məşğul olanların, xüsusilə də jurnalistlərin, aktyorların və müəllimlərin gözəl bir nitqə sahib olmaqlarının vacibliyi vurğulanır. Çünki şagird və tələbələrə yaxşı nitqin önəmini çatdırmağa çalışan müəllimlər özləri əvvəlcə örnək ola biləcək nitqi öz nümunələrində nümayiş etdirə bilməlidirlər. Bu tələbi təkcə nitqin şifahi formasına deyil, həmçinin yazılı formasına da şamil etmək lazımdır.
İnsanlar haqqında bizdə təəssürat yaradan birinci və ən vacib məsələ məhz onların nitqidir. Həm nə dediyi, həm də necə dediyi vacibdir. Odur ki, danışacağıqsa, o nitqin haqqını verəcəyik. Sözlə, səslə, tələffüzlə, mimika ilə, jestlə.. [Nəzəroğlu, 2023, səh.13]. Ünsiyyət prosesinin tamamlanmasına təsir göstərən, ayrıca kommunikasiya prosesini yarada bilən, kommunikasiyada bizim üçün mühüm əhəmiyyət kəsb edən sözsüz ünsiyyət vasitələri də vardır [Bayramova, 2024, səh.113]. Sözsüz ünsiyyət, bədən dilinə, qeyri-verbal davranışlara istinad edir və məlumatın üz ifadələri, fiziki hərəkətlər, jestlər, toxunuş, duruş, bədən bəzəkləri ilə (zinət əşyaları, paltar, saç üslubu, tato və s.) ötürülməsini və qəbul edilməsini təşkil edir. Belə ki, verbal nitq ilə yanaşı, qeyri-verbal nitq elementlərindən ustalıqla istifadə edə bilmək qabiliyyəti müəllimi daha da uğurlu edir. Əgər müəllim kompleks olaraq hər ikisindən də yerli-yerində istifadə etmək bacarığına malikdirsə, nitqi daha təsirli, sirayətedici, maraqlı olur, auditoriyanı ələ almağı bacarır və danışdığı mövzunu anlaşıqlı və effektiv bir şəkildə qarşısındakılara çatdıra bilir.
Yazı bacarıqları. Yazı qrafik işarələr sistemidir. O ən mühüm ünsiyyət vasitələrindəndir. Yazının əmələ gəlməsilə insanlar öz fikirlərini başqalarına çatdırmaqda ondan geniş istifadə etmişlər. Bu baxımdan yazı ən mühüm ictimai alətdir. Yazı bəşəriyyət tarixinin hər bir pilləsində böyük xidmət və rola malikdir [Rəhimov, 2015, səh.31]. Müasir təhsilin qarşısında duran əsas məsələ yaradıcı təfəkkürə malik şəxsiyyətlər formalaşdırmaqdır. Təsadüfi deyil ki, təhsil sahəsində uğurlara nail olmuş ölkələr uzun illərdir, tədris prosesində mühakimə xarakterli şifahi və yazılı nitqin inkişafına diqqət ayırır, tələbə və kadr seçiminin qiymətləndirmə vasitələrində də mühakimə xarakterli şifahi və yazılı nitq üzrə qiymətləndirmələrə yer verir [Nəhmətova, 2020, səh. 4]. Azərbaycan ədəbi dilinin qayda-qanunlarını gözləmək, normalarına riayət etmək, durğu iaşrələrini yerli-yerində işlətmək yazılan bütün mətnlərdə önəm daşıyır. Çünki yazı əsrlər və nəsillər arasında körpü quran qalıcı bir salnamədir, böyük bir mədəniyyətdir, insanın elminin, səviyyəsinin, dünyagörüşünün bariz ifadəçisidir. “Azərbaycan dilinin sabit normaları var və bu normalara riayət etmək vacibdir. Normalar həm dilin öyrədilməsi və öyrənilməsi üçün standartlar təqdim edir, həm də dilin təkamülünü izləyir və dəyişikliklərə uyğunlaşır. Bu, məktəblərdə və universitetlərdə dil tədrisinin effektivliyini artırır, dilin zamanla yenilənməsinə və müasir dövrün tələblərinə uyğun olmasına kömək edir” [Teymurlu, 2024, səh.97].
Texnoloji bacarıqlar. Biz sürətlə dəyişən dünyada yaşayırıq. Elmin, texnika və texnologiyanın, xüsusilə də kompyuter texnologiyasının sıçrayışlı inkişafının şahidləriyik. Daima dəyişən həyatın şəraitinə uyğunlaşmaq üçün çevik olmaq, yeni şəraitə uyğunlaşmaq, öz qabiliyyətlərini gerçəkləşdirməyi bacarmaq, özünüinkişafa və özünütəkmilləşdirməyə hazır olmaq zəruridir [Veysova, 2007, səh. 6]. Klassik bir peşə olmasına baxmayaraq, müasir müəllim İKT-dən (İnformasiya kommunikasiya texnologiyaları), TTV-dən (Təlim texnologiya vasitələri), müxtəlif proqramlar və tətbiqlərdən istifadə etməyi, bu kimi vasitələri dərslərinə tətbiq etməyi bacarmalıdır. Fəal təlim ənənəvi təlimdən fərqli olaraq, daha çox öyrənənlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirməyə, çatdırılan informasiyanı kor-koranə qəbul etməyərək təhlil etməyə, araşdırmağa və onların tədqiqatçı kimi formalaşmasına yönəlmişdir.
Dünyada gedən qloballaşma, mədəniyyət və təhsildə inteqrasiya prosesləri gənc mütəxəssislərin qazandıqları bacarıqlara yeni tələblər diktə edir. İnsan fəaliyyətinin bütün sahələrində işgüzar (peşəkar) rabitə daha çox marağa səbəb olur, mütəxəssislərin və peşəkarların əlaqə qurmasında zərurətə çevrilir [Xəlilov, 2021, səh. 3]. Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu dərsin keyfiyyətini artıqmaq məqsədi ilə güclü vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal (interaktiv) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da artırır [Veysova, 2007, səh. 4].
Müasir dünyada bütün sahələr üzrə müşahidə edilən yeniliklər, dəyişikliklər və inkişaf bir çox anlayışlar ilə yanaşı, klassik peşə və ixtisaslarda da müşahidə edilməkdədir. Müasir dövrdə müəllimlik peşəsində çalışan mütəxəssislər klassik hazırlıqlı müəllimlərdən fərqli olaraq, bir çox yeni bacarıqlara yiyələnməli, digərlərini isə təkmilləşdirməlidirlər. Bu zaman rəqabətə dayanıqlı kadr olaraq fəaliyyət göstərib gənc nəslin hərtərəfli inkişafı üçün öz töhfələrini verə bilərlər. Bunun üçün müəllimdən daima öz üzərində işləyərək intellektini cilalamaq, mütəmadi mütaliə etmək, texnoloji bilik və bacarıqlara yiyələnmək gözlənilir.