.....

.....

Cığatel İsaqızına..

Cığatel İsaqızına..

Cığatel İsaqızına..

Bu gecənin sükutunda bir doğma ruhdan, zamandan ötə, zamandan qədim sözdən, o sözü ana kimi köksünə sıxıb sğalla saxlayan qəlbdən yazmaq düşdü könlümə. O qəlb Cığatel xanımın qəlbidir… Onun qəlbi bir uşağın təbəssümünə, bir gülün yel əsdikcə üşüyən ləçəyinə söykənib yaşaya bilən qəlbdir. Xüsusidir…
Qəlbi kimi üzü də, gözləri də, səsi də, nəfəsi də məhəbbətə sarıdır.
Amma bu məhəbbətə sarı olan qəlb, üz, nəfəs – ayrılıq da görüb, əzab da çəkib… Demirəm hamınız kimi! O əzabı da özü kimi çəkir…
Təntənəsiz, səmimi. Çün, dərdin təntənəyə ehtiyacı olmur. Cığatelin qəlbi dərdə çıraq tuta bilən qəlbdir!.. Cığatel kimin həyatına toxunsa, ovuclarında işıqla toxunur… Onun yanında, ondan sonra sanki hamı, hər şey işığa çevrilir. Evinizə qədəmi dəysə, eviniz, yoldaş olub yol getsə, yolunuz…
O sevgidir… Sevgi də onun kimi müdrik, qədim, sükunətli, əsalətlidir.
Bilirəm ki, onun coşğulu, sevgisində haraylı tərəfi var… Amma mən görünməyən tərəflərini vərəqlərdə dinmək, vərəqlərdə görmək istədim bu dəfə… Bu günə qədər yazdığı şeirlər saysız-hesabsızdır. Hərəsi min rəngdə, min çalarda qaçıb qucaqlayır bir adı.. – Cığatel adını!..
Ancaq bir şeiri var ki, o şeir həm ağrıdım deyir, həm qəbullandım, həm yaşadım, həm səbr etdim, həm məndən keçdim, həm məni sevən ruhlara, qəlblərə xatir qaldım, qalmağı bacardım deyir …
Amma o eyni anda qalmağın içində, “köçü” də bacarır…
Şeirdəki kimi..
“Xəyallarım dumanlı, fikirlərim qarışıq
Ağlım duyğularıma, düşüncəmə sarmaşıq
Titrədir varlığımı göylərdən gələn işıq
Qəribə ağlamağım, qərib gülməyim gəlir…”
Sənin ağlamağın küləyin tənha evlərə əsib ağlamağıdı… Sənin ağlamağın günəşin sabahı itirib ağlamağıdı… Sən ağlayırsan… Deməli günəş düşüb yola, sabahı axtarır, tapammır, Cığatel…
Sən ağlayırsan… Bəlkə hardasa bir körpənin göz yaşı dəyir anasının köksünə… Nə o körpə, nə ana bu gecə yatmır… Niyə?.. Dedim axı… Çünki sən ağlayırsan… Yazdığın kimi qəribə ağlayırsan… Güləndə də elə gülürsən ki, heç kim bilmir qəm üzündən neçə dəfə öpdü… Sən qəmə də ana ola bilirsən, Cığatel… Sən qarışıq olanda da nizam içindədi səndə hər şey əslində… Səndə hər şeyin öz nizamı var…
Səndə hər şey öz rəngində, öz ətrindədi… Nə bilsinlər necə olur Cığatel rəngi?… Cığatel ətri… Amma qəm bilir deyilmi?… Qəm sənin ruhunu o qədər qoxlayıb ki… Səbrini o qədər yoxlayıb ki…
“Bu nə ağıl nə başdı görəsən kiməm, nəyəm?
Kainatın içində görünən bir zərrəyəm
Mən necə yaranmışam kimdi sahibim, yiyəm?
Hərdənbir bilməməyim, hərdən bilməyim gəlir…”
Onun huşu o qədər özünə yuva olub ki, artıq kim, nə olduğunu soruşur, amma bu sorğudan öncə cavabını da yenə özünə yuva olan huşundan alır.. “Kainatın içində görünən bir zərrə”. Yox.. Sənə zərrə versələr, ümman qaytarırsan… Sən o qədər təmənnasız, sən o qədər qayğılısan ki…
Bunu hər zərrə bacarmır. Səntək zərrələr dünyaya az-az gəlir Cığatel… Təşəkkür edimmi haşiyəyə çıxıb?.. Mənim ruhuma da gəldiyin üçün?.. Sən gələndə adama sabah kimi gəlirsən!.. Bu gəlişə təşəkkür düşür!.. Təşəkkür edirəm!..
Və.. Sən bilməyin hərdən bilməməkdən, gəlməyin gəlməməkdən keçdiyini bilirsən… Bilirəm… Bir cüt gözün bəlkə də mən indi bu yazını yaza-yaza gözləyir ağ yollara baxıb…
Ruhuna boylan deyərdim.. Ordan keçir gedənlərin yolu.. Bu dünyanın yolları etibarsızdı Cığatel.. Bilirəm.. Adamın gözlərinin giləsini əridir gözləməkdən… Olarmı gözlərini qucaqlayım bu axşam?…
Demirəm göz yaşını silim… Çünki adamın hərdən yanağına qonan yaşı silməməyi olur təsəllisi… Hərdən yanağın yol olur, göz yaşı da gözlədiyin kəs olur… Bilirəm… Bir dəfə gəlir, qıymırsan silməyə…
Hərdənbir bilməmək nə ağır yükdü… Gəl yarısını mənə ver… Hərdən mənim də bilməklərim qaçır bilməməyin üstünə… Hərdən ömrün, qapın-bacan nə soruşur bilmirəm deyirsən.. Elə küsürsən taleyin xəbəri olmur..
“Yaşım az, yaşadığım çoxdu çox az yaşımdan
Sıldırımlı qayalar, dağlar aṣıb başımdan
Pozan alıb nə varsa yazılı yaddaşımdan
Hərdənbir silməməyim, hərdən silməyim gəlir”..
Səni elə yaxşı qavrayır ki bu ahıl yaddaşım… Yaza-yaza düşünürəm… Bəlkə də oxşayır bu yorulmuş iki yaddaş bir-birinə.. Hə? Taleyin əliylə yoğrulmuş iki yaddaş… Yollarda itmiş yaddaş… Daha öz küncünə çəkilmiş yaddaş… Nisgildən, göz yaşından bəlkə daha çox üşümüş, dolanbac yollarda “əyni nazilmiş” , ah.. çoxbilmiş yaddaş…
Silsən də bilir Cığatel… Sən yaddaşına dönük çıxan deyilsən!..
“Tuş-dəyişik görsənir bəzən hər şey gözümə
İnanıb yalanıma, aldanıram düzümə
Arada qeyb oluram, çəkilirəm özümə
Hərdənbir gəlməməyim, hərdən gəlməyim gəlir…”
Yaxşı ki, özünə çəkiləndə söz də sənlə birgə çəkilir… Çəkilir ki, sən nəfəs üfürəsən, qayıdıb oxuna…
Bilirəm bu şeiri yazmısan var ikən yoxluğuna toxuna-toxuna… Belədir Cığatel…
Tərs görməyə gələndə də Ramiz Rövşən deyən kimi.. Cığatel də bu saat istəyir ki, hamını sağ görə… Özünü uşaq görə, vərəqləri ağ görə… Xəzəl yox, yamyaşıl bağça-bağ görə… Ruhun etibarlıdı, Cığatel!.. İnan mənə… Sənin gözünün bir damla yaşında, sözləri üzərinə köçürən yaddaşında hamı salamatdı… Uşaqlığın da, itirdiklərin də… Bu təsəlli deyil… Həqiqətdir. Sənin sözün sağ saxlamağı bacaran sözdü! Onu buraxma…
“Cığateləm yox-varam, Allahındı bir canım
Gedib-gəlir nəfəsim, neçə ki var zamanım
Torpaq altda ölənim, torpaq üstdə qalanım
Hərdənbir ölməməyim, hərdən ölməyim gəlir..”
Sonda Vaqif Bayatlı Odərin sözləri ilə səndən bir ömür xahişim var, ruhumun doğması, Cığatel…
“Gəl ölüm-ölüm oynayaq
Əvvəl mən ölüm, sən bilmə…
Sonra sən ölmə… Sən ölmə”…
Bəlkə də sən mənim dünyada qürbətdə qalan ruhumun yurdusan, Cığatel… Yaşa… Qürbətə düşmərəm sən yaşadıqca… Yaşa, sözlərin dua olsun hərdənbir ölməməyi, hərdən ölməyi gələn, canı iki dünya arasında qalanlara…
Bu şeiri yazan, kədərin içindən də işıqtək sızan, sanki hər sətirində pıçıldayan “yalqızam”… Ruhuna qurban olum!.. Yaşa… Yaşadıqca yaz… Bir sirr verim… Yaşa dolduqca belə yaşayır şair… Asta-asta, həzin-həzin… İstəyir ki onu ağ vərəqdən savayı heç kəs görməsin…
Tanıdığım gündən bu günəcən ruhum səni görməyinə çox sevindi Cığatel… Elə bu axşamki kimi…

Aydan Yelda Nağıl