MƏNIM ÜÇÜN YAXŞI KİTAB – ZƏRİFLİKLƏ YAZILMIŞ ƏSƏRDİR
Bu günkü həmsöhbətimiz—
İtaliyada yaşayan, Seneqal vətəndaşı tanınmış şair, yazıçı, filosof və humanitar elmlər üzrə professor, beynəlxalq nüfuza malik sənətkar, Beynəlxalq Leopold Sedar Senqor Akademiyasının və eyni adda keçirilən Beynəlxalq Poeziya Mükafatının prezidenti, “Città di Arcore” ədəbiyyat mükafatının təsisçisi, bir çox dünya akademiyalarının üzvü, Fransa Respublikasının “İncəsənət və Ədəbiyyat Cəngavəri” fəxri adına layiq görülmüş Cheikh Tidiane Gayedir.
— Ədəbiyyatın gələcəyi barədə fikirləriniz?…
– Mən 54 yaşımdayam, yazmağa 17 yaşımda başlamışam və həmin yaşda ilk mükafatımı qazanmışam. Dəyişən dünyada yazıçı insanlıqdan bəhs edən mövzulara toxunmaq borcundadır. Məncə, ədəbiyyatın gələcəyi pozitivdir – təki yazarlar ekologiya, ayrı-seçkilik, femisid, irqçilik, müharibələr, sülh, yoxsulluq, istismar və sosial problemlər kimi mövzularla məşğul olsunlar. Ədəbiyyat səsi olmayanların səsi olmalıdır. Ədəbiyyatın gələcəyi bizdən – yazar və şairlərdən asılıdır.
—Yaxşı və Pis – bu gün kim qalibdir?
– Dünyanın bir çox ölkəsində müharibələrin olması – dövrümüzün ən böyük məğlubiyyətidir. Elm və texnologiya vacibdir, amma onlar yetərli deyil. Təəssüf ki, bu gün çox vaxt pislik yaxşılıq üzərində qələbə qazanır. İnsanlıq duyğusu getdikcə şöhrət, sərvət və iqtisadi güc uğrunda kölgədə qalır.
Mən yalnız yazıçı deyiləm, həm də fəal ictimaiyyətçiyəm.
İtaliya boyunca sülhün simvolu kimi Zeytun ağacları əkirəm.
Məncə, şair müqəddəs bir amal uğrunda canını fəda etməyə hazır olmalıdır. Yalnız yazmaq kifayət deyil – hərəkət etmək lazımdır. Əsərlərimiz və fəaliyyətimizlə dünyadakı ədalətsizlikləri ifşa edib, insanlıq və sülh naminə çalışmalıyıq.
— Neçə kitabınız işıq üzü görüb? Oxucular onları haradan tapa bilər?
– İndiyədək 14 kitabım çıxıb – romanlar, esselər və 8 şeir toplusu. Bundan əlavə, bir çox elmi məqalələrim nüfuzlu jurnallarda dərc olunub. Kitablarım əsas onlayn platformalarda satılır və geniş yayılır. Həmçinin, əsərlərim müxtəlif dillərə tərcümə olunub və beynəlxalq antologiyalara daxil edilib.
Qeyd etmək istərdim ki, mən Beynəlxalq Leopold Sedar Senqor Akademiyasının prezidenti, həmçinin Senqor adına Beynəlxalq Poeziya Mükafatının rəhbəriyəm. Dünyada 10-dan çox akademiyanın üzvüyəm. Fransa Respublikasının “İncəsənət və Ədəbiyyat Cəngavəri” fəxri adına və Sülh Səfiri tituluna layiq görülmüşəm.
—Gələcəkdə kitabların taleyi necə olacaq: e-book, yoxsa kağız formatı?
– Yeni texnologiyalar dünyanı dəyişir və biz yavaş-yavaş elektron kitablara da uyğunlaşmalıyıq. Mən artıq bunu edirəm – təsisçisi olduğum Kanaga Edizioni nəşriyyatında hər bir kitab həm çap, həm də e-book formatında oxuculara təqdim olunur.
— 2025-ci il üçün arzunuz?..
– Mən çox oxuyuram və sevimli kitab seçmək mənim üçün çətindir, çünki bir çox müəlliflərlə özümü eyniləşdirirəm – istər italyan, istər fransız, istərsə də ümumən Afrika, xüsusilə də Seneqal ədəbiyyatında. Mənim üçün yaxşı kitab – zərifliklə yazılmış əsərdir. Mənim “düşüncə bağçamda” bir çox müəlliflər bitir və böyüyür.
Öz kitabımdan tez-tez təkrar etdiyim bir ifadə var:
“Sülh – vəz edilmir, qurulur.”
Söhbətləşdi: Eva Petropoulou Lianou şairə və yazıçı (Yunanıstan)
Tərcümə və təqdimat: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

