Darıxacaqsan
Bir səhər qapını külək döyəcək,
Ümidlə qapıya boylanacaqsan.
Addım səslərinə möhtac yollartək
Bir səhər mənimçün darıxacaqsan.
Bir axşam aynanda yağış dinəcək
Sən də o yağışa qoşulacaqsan.
Kövrəlib pəncərə şüşələritək
Bir axşam mənimçün darıxacaqsan.
Sığınıb qəlbinin döyüntüsünə,
küləyin səsinə, yağış səsinə
hər səhər mənimçün darıxacaqsan
hər axşam mənimçün darıxacaqsan…
Hər səhər bir axşam ömrü bitəcək,
hər axşam bir səhər ömrü bitəcək.
Beləcə hər günlə ömür ötəcək
Bir ömür mənimçün darıxacaqsan,
Bir ömür səninçün darıxacağam.
Neynədim
Mən səni sevməkdən özgə neynədim,
Adını öldürdün dilimdə mənim.
Qoruya bilmədim əllərini mən,
əlini öldürdün əlimdə mənim.
Min rəngdə görürdüm sənlə dünyanı,
Dünyam al-əlvandı gözündə sənin.
Rəngini itirdin bütün dünyamın,
Gözünü öldürdün gözümdə mənim.
Qoruyardım səni bil ki, hər kəsdən,
Alınmaz qalaydı sənli ürəyim.
Qoruya bilmədim səni özündən,
Özünü öldürdün özümdə mənim.
Əllərim əlinə yetərmi bir də
ya dartım uzadım, ya kəsim dibdən?
Hayanda olmanın nə önəmi var?
Gözlərim baxsa da görərmi bir də?
Rəngli nə vardısa tapmazsan daha,
Rəngsizcə gözümdən töküldü getdi.
Daş üstə daşmı var, axtarsan da ha
O qala ürəyim söküldü getdi…
UNUT
Boynubükük bir atanın
gözlərindən cığır salan
bir ananın saçlarında dən-dən olan
dərd gördünmü?
O saçlarda dolandınmı?
O gözlərdən həyatına boylandınmı?
Sən kədəri gördünmü heç?
Bilirsənmi necə olur?
kədər vətən yarasıdı,
kədər torpaq ağrısıdı.
Bəs sevinci gördünmü sən?
Hələ gizlənqaç oynamaq arzusunun
torpaq üçün
Şəhid olmaq arzusunda ölməsində,
atasının daş şəklinə qucaq açan
bir körpənin gülməsində
ağrı içində qıvrılan,
kədərlə qolboyun olan
o sevinci gördünmü sən?
dərdlərini, kədərini yığ üst-üstə
Bax sevincin gözündəki
o qürürlu kədərə bax protez üstə
və
həyatdan sevinc istə.
gör olurmu?
Olmasa da, heç darılma.
Bir də qar soyuqluğunu duymayacaq
uşaqlığın
qartopu oynamaq istəyinin əlindən tut.
bütün dərdlərini unut.
ElƏ DARIXDIM Kİ
Elə darıxdım ki bu yer üzündə
Buludlara dönüb çəkildim göyə.
Göyə də sığmadım səpildim yerə
bəlkə bir damcımı tapasan deyə.
Elə darıxdım ki, elə darıxdım,
Nə yerə, nə göyə sığa bilmirəm.
Elə darıxdım ki, darmadağınam,
Özümü bir yerə yığa bilmirəm.
Günlər ilə döndü, darıxdı zaman
ayların, illərin yaddaşı oldun.
Mən bir dünya qurdum xəyallarımdan
sənsə o dünyanın yad daşı oldun.
Elə darıxdım ki, mən bu şəhərdə
bir küçə, bir qapı olmaq istədim,
dedim o küçədən keçib yenə də
bəlkə o qapını döymək istədin.
Döndün mənim gerçək bir yalanıma,
sənli həqiqəti görmədim ki, heç.
Özümü aldatdım öz yalanımla
əgər günahdısa bu günahdan keç.
Elə darıxdım ki, sənli qəlbimi
darıxan əlimlə sökmək istədim.
Elə darıxdım ki, mən səni deyil,
başqa birisini sevmək istədim…
BAKIM
Səhərlər Xəzərdə güzgülənərək,
Qızılı saçların darayır Günəş.
Sevgidən alışıb yanan ürək tək
Bakımla göz-gözə dayanır Günəş.
Doymayır hüsnündən hər gün görsə də
Mənimtək Bakıma olubdu vurğun.
Bəlkə də qəlbinin Günəş Xəzərdə
Səma həsrətini ovudur hər gün…
Şirin yuxusundan Günəş hər səhər
Odlu öpüşlərlə oyadar onu.
Bakım min naz ilə durub geyinər
Onun bəxş etdiyi qızılı donu.
Təbəssüm səpərək nurlu üzündən
Qızılı saçların darayır Günəş.
Bəlkə də Bakımın mavi gözündə
Sevgisinə cavab arayır Günəş…
Məktəb illəri
Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi
Aman Allah, nə xoşbəxtdik biz onda!
Bir müəllim töhmətiydi dərdimiz,
Bu töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz
Bir gün necə həsrət ilə anarıq.
Bu dünyada qara rəngdə bizimçün
Təkcə yazı lövhəsiydi elə bil,
Al-əlvandı ötən günlər, saatlar,
Yamyaşıldı ömrümüzə gələn il.
Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan.
Xəbərsizdik ömrümüzə biz hələ
Tanrı yazan pozulmayan yazıdan.
Hərdən dərsə gecikəndə bilməzdik,
Gecikməyin əzabları necədir.
Hansı dərsi danışsaydıq o saat,
Bilərdik ki, qiymətimiz neçədir.
Bu dünyanın bütün varı, dövləti,
Bizim üçün bir çantaya sığırdı.
Eyni yolu qət etsək də hər səhər,
Bu yollardan, sanki sevinc yağırdı.
Bir məktəbin binasıydı yuvamız,
Neçə evdən bir ünvana gələrdik.
Bu binanı ən möhtəşəm, ən gözəl
Saraylardan doğma, üstün bilərdik
Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Hələ onda kədərimiz bir damcı
Hələ onda sevincimiz çox idi.
Hələ dünya bizim üçün nağıldı,
Min arzuyla alışardıq, yanardıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanardıq.
Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.
Məktəb illəri
Ömrümün ən şirin,
ən təmiz günləri.
Məktəb illəri,
Hər anı bir ömrə bərabər
Qayğısız günlərim.
Özün günahkarsan
İllər boyu həsrətimi duymaz oldun,
İllər boyu kədərimi bölmədin də.
Çox vaxt güldüm ağlayaraq için-için.
Bircə sözlə göz yaşımı silmədin də.
Soyuqluğun buz olanda yanağımda,
Nəfəsinlə başqasını isitmisən.
Sənsizliklə yaşadıqca otağımda,
Sən də məni bir otaqda itirmisən…
Bəs bilmirdin həsrətinlə ürəyimə
Həsrətinin əvəzinə daş asırsan.
Bəs bilmirdin özün mənə yad olduqca,
Mənimçün də yavaş-yavaş yadlaşırsan.
Yad baxışlar dikilibdir gözlərinə,
Sənsə mənə peşiman qəlb gətirmisən.
Necə verim sabahımı necə sənə ?
Sən ki mənim dünənimi itirmisən.
Nə deyim, nə? Bir ümmandın mənim üçün.
Heç xəbərin olubmu de ürəyində ?
Damla kimi yaşadıqca özgə qəlbdə,
Gözlərimdən damla damla süzülmüsən.
Bəs bilmirdin, bəs unutdun bu gününü ?
-Bir gün yenə bu ocağa dönəcəksən.
Bəs bilmirdin dodaqlarda alışanda,
Mənim üçün ürəyimdə sönəcəksən.
Nə deyim nə günahını qaytar mənə.
Ürəyimdə yanar bir od söndürmüsən.
Damla kimi yaşadıqca özgə qəlbdə,
Gözlərimdən damla damla süzülmüsən.