Payızın Qoxusu
Döyür pəncərəmi soyuq küləklər,
Havadan payızın qoxusu gəlir.
Ətrini gətirir duyuq küləklər,
Havadan payızın qoxusu gəlir.
Gecələr kədərli, qəmə boyanıb,
Yatmış intizarlar bir-bir oyanıb.
Buludlar küsgündür, məhzun dayanıb,
Havadan payızın qoxusu gəlir.
Duyğular incədir, toxunur bir az,
Özüm də bilmirəm nədir bu avaz.
Yorğun düşüncələr edir sanki naz,
Havadan payızın qoxusu gəlir.
Göylər qəm gölündə, sükuta batıb,
Sanki hər küncündə ayrılıq yatıb.
Beləcə buludlar başını qatıb,
Havadan payızın qoxusu gəlir.
Bütün bağçaların çiçəyi solur,
Hava qaş-qabaqlı, baxışı dolur.
Sanki ağaclar da saçını yolur,
Havadan payızın qoxusu gəlir.
Soyuq divarlar
Soyuq divarların buz sükutuyla,
Dərdimi bölməyi öyrənmişəm mən.
Acı həqiqətin tərs sübutuyla,
Yalandan sevinib görünürəm şən.
Biri o birindən fərqsizdir günlər,
Bütün səhərlərim kədər qoxuyur.
Günəşi toz basıb, bərqsizdir günlər,
Bülbülün şeydası həsrət oxuyur.
Yolumu gözləyən sonsuz ümidlər,
Mənasız xəyaldır uzaq diyarda.
Əlçatmaz duyğular, cansız ümidlər
Dondu bir dəfəlik şaxtada, qarda.
Bir dərin atəşin sönməz közü var,
Bir də ürəyimdə dinməyən həsrət.
Özü öz taxtını qurub ahu-zar,
Qəst edir qəlbimə tapdıqca fürsət.
ÖMÜR KARVANI.
Ömür gedir, həyat sürür karvanın,
Dünya yaman ələləyib bizləri.
Zaman seçir öz yolunun sarvanın,
Dərdləriylə şələləyib bizləri.
Ömür yolu çən gətirən dumandır,
İtirmişik kələfinin ucunu.
Hər gecənin sabahı bir gümandır,
İnsan oğlu, sınama heç gücünü.
Bu qatarın sərnişini pərişan,
Son gedişin qayıtmağı çətindir.
Qurtarmaz ki, ömrü şöhrət, şərəf, şan,
Sanma könül mərd dayanıb, mətindir.
Hər səhərin bir qaranlıq üzü var,
Gedəcəyik gəldiyimiz yerlərə.
İnsandır da, hələ burda gözü var,
Sanırıq ki, boy atırıq göylərə.
Könül dolub, sözlər qalxıb üsyana,
Hər sətirdə izim qalsın istədim.
Bu yazdığım cümlələr də bir yana,
Yanlış deyil, düzüm qalsın istədim.
Deyirlər e, dünya gəldi-gedərdi,
O yerində qonaq edir bizləri.
Nə yığmışıq, var-dövlət də hədərdi,
Ay Səfəvi, mal doyurmur gözləri.
Ayın Qoynunda Həsrət 🌙
Çəkir ay özünə ruhumu yenə
Yuxum ərşə qaçıb, gecə də bitmir
Sanki öz həsrətin həsr edib mənə
Saydığım ulduzlar dərdimə yetmir
Yenə qürubunda batır günəşim
Solğun saçaqları hüznümə qərqdir
Həsrətin qoynunda yatır günəşim
Acılar görk olub, ruhumda bərqdir
Sükutdan pərdələr asılıb göydə
Ruhumu səssizlik zəbt edib daha
Sirdaşım olmağa bezibdir göy də
Mənə ümidlərim çox gəldi baha
Həsrətin küləyi yorur sinəmi
Nəfəsim sığışmır dar qəfəsimə
Suvarır yaramı axan göz nəmi
Köklənib intizar, son nəfəsimə
Gecənin qoynunda batır ürəyim
Ay da sükutunu pozmaq istəmir
Çatlamaq həddinə çatır ürəyim
Yuxumu həsrətim yozmaq istəmir
Sıralanan xatirələr
Varaqlayıb xatirəmin ötüb-keçən anlarını,
Bir-bir bükdüm parçalanan hisslərimin yanlarını.
Fələk qurdu kələyini, öz torunda ələləndim,
Hər bir yükdən bir pay alıb, ağır-ağır şələləndim.
Ümid etdim min arzuyla gələcəyə bir yol cızam,
Nə sayırdım, nələr oldu, əldə qələm hansın yazam?
Bir günlüyə sığan ömür nələrindən vaz keçmişdir,
Zaman-zaman badə dolu, mey sansa da dərd içmişdir.
Hər sətirdə liman quran neçə arzu kamsız qaldı,
Söndü bir-bir çıraqları, pərvanələr şamsız qaldı.
Dur, Səfəvi, bir ömürdən bac almağa dəydimi heç?
Bu da bir gün — sıralanan günlərindən gəl, özün seç.