.....

.....

QAYIT UŞAĞLIĞIM – Günəş Məmmədlinin şeirləri

QAYIT UŞAĞLIĞIM – Günəş Məmmədlinin şeirləri

İLLƏRİM SOVRULARKƏN

Daşıdığım daş deyil,
Bir ürəkdir bədəndə.
Gözümdəki yaş deyil,
Acı meydir badəndə.

Sən içib xoş olursan,
Mən töküb yoruluram.
Sən yaşamaq sanırsan,
Mən isə sovruluram.

İllərim sovrularkən,
Görmədininmi sən məni?
Acıdan qovrularkən,
Sildim qalan kölgəni.

İndi cismən yaşarıq,
Ruhumuz tam başqadır.
Bu həyatda cüt varıq,
Amma ilham başqadır.

QAYIT UŞAĞLIĞIM

Qayıt, uşaqlığım, qayıt zamansız,
Məsum bir körpətək yatmaq istərəm.
Bilirəm, o günlər daha gümansız,
Çəkilməz yükləri atmaq istərəm.

Qayıt, uşaqlığım, daha tükəndim,
Mən körpə çağlara dönmək istərəm.
Riyakar həyatdan bezdim, ürkəndim,
Dünyaya gəlməmiş ölmək istərəm.

Qayıt, uşaqlığım, bezdim bu yaşdan,
Kiçik bir qızcığaz olmaq istərəm.
Ömrümü yaşamaq istərəm başdan,
Yenicə ilk yaşa dolmaq istərəm.

BİR BİLSƏYDİM

Əllərimi buz tutubdur, üşüyür,
Ürəyinin soyuğudur donduran.
Gözlərimdə intizarım böyüyür,
Çarəsizlik bənzimi solduran.

Qəfil gələn bir azara düçaram,
Kimsə bilməz, mən onunla yaşaram.
Ruhum küskün, qəmli nəğmə qoşaram,
Saçlarımı dərdli yeldir yolduran.

Yolun tutsam bir əcəlin, gedərsən,
Bu həyatı əbədi tərk edərsən,
Yas tutanım çoxmu, azmı, bir bilsəm,
Bilirəm ki, yerimi var dolduran.

Bir bilsəydim, mənim üçün yananı,
Peşman-peşman məzarımda duranı.
Yaşamaz ki, yaşatmayan o anı,
Düşdüyümdə heç olmadı qaldıran

Bir həsrət var ürəyimdə əzəldən,
Heç olmadı bu həsrəti düzəldən.
Məzarıma sarılaraq cüt əldən,
Olmayacaq fəğanıyla yandıran!

GÖZLƏ MƏNİ

Bir həzin yaz axşamında,
Ulduzlarla gözlə məni.
Dağların çən-dumanında,
Ayazlarla gözlə məni.

Bir xoş səhər sərin külək
Eşq bağçasında əsəcək.
Gözlərin məni gəzəcək,
Eşq yandıracaqdır səni,
O zamanlar gözlə məni.

Üz-gözündən dərd yağanda,
Ürəyinə qəm damanda,
Bax bu dəmdə, bax bu anda
Küləklərə de dərdini,
Küləklərlə gözlə məni.

Həsrət səni bezdirəndə,
Hicran səni küsdürəndə,
Acı kədər dindirəndə,
Könül istər həmdəmini,
Sən də, gülüm, gözlə məni.

Ürəyin məni istərsə,
Eşq, məhəbbəti sönməzsə,
Gər səsin mənə yetməzsə,
Quşlara aç, de sirrini,
Quşlar ilə gözlə məni.

Dağlara çən çökən zaman,
Bulud yağış tökən zaman,
Dan yerini sökən zaman,
Gizlətmə məhəbbətini,
Məhəbbətlə gözlə məni.

Ürəyinin hökmü nədir?
Demədin, bu qəlb bilmədi
Düşündün, daha gəlmədi,
Bilməyirsən səbəbini,
Gözləyirsən gözlə məni.

Gələcəyəm elə bir gün,
Dillərə düşəcək sevgin,
Dəyişəcək sənin ömrün,
Mənsiz keçən hər ilini,
Həsrətimlə gözlə məni.

RUHUMUN QİDASI

Ruhumun qidası var –
Şeir, dəniz, musiqi.
Orda yatar arzular,
Dalğa səssiz musiqi.

Qəlbim duyar
ahəngin,
Dənizin mavi rəngin.
Səma uzaq bir əngin,
Ay, Günəşsiz musiqi.

Çalar gecə sübhədək,
Sübh açılar gülərək.
Günəş mənə dönərək,
Nuru dilsiz musiqi.

Duyan üçün nəğmədir,
Duymayana gün nədir?
İnsanlar bilməz qədir,
Çalmaz simsiz musiqi.