.....

.....

Üzeyir Məhərrəmlinin şeirləri

Üzeyir Məhərrəmlinin şeirləri

NECƏ ÖYRƏDİM?!

Dəli bir şimşək ol gözlərimdə çax,
Qəmimdən boşalıb, sevincimdən ax.
Məndən istədiyin diləyə bir bax,
Mən sənə sevməyi necə öyrədim?

Könlümü üşüdən sazaq deyilsən,
Mənə mənim qədər uzaq deyilsən.
Sən körpə deyilsən, uşaq deyilsən,
Mən sənə sevməyi necə öyrədim?

Sınıq təbəssümün gülüş deyil ki,
Hər görüş mən deyən görüş deyil ki,
Məhəbbət bir sığal, öpüş deyil ki,
Mən sənə sevməyi necə öyrədim?

Dəymirsən, sevgini dilindən tutum,
Saçını oxşayım, belindən tutum.
Yazı yazmırsan ki, əlindən tutum,
Mən sənə sevməyi necə öyrədim?

Baxışlar sevinib, göz gülməyibsə,
Ürəyin bir hicran, qəm bilməyibsə,
Dünyaya səninlə bir gəlməyibsə,
Mən sənə sevməyi necə öyrədim?

Bu gizli sevgidə hekayət nədir,
Kədərə bükülü səadət nədir?
Heç özüm bilmirəm məhəbbət nədir,
Mən sənə sevməyi necə öyrədim?!

GEDİM BU DÜNYADAN

Sinəm yara söz dağından,
Yaram üstü “duz dağından”.
Bu həsrətin buz dağından
Qopum, gedim bu dünyadan.

Bir arzum var bal qəlbində,
“Öz sözü yox” qul qəlbində.
Sevgimi o lal qəlbində
Tapım, gedim bu dünyadan.

Ruhum açıb qanadını,
Eşitmirsən fəryadını.
Əlacım nə, bəxt atımı
Çapım, gedim bu dünyadan.

Baxçanızda “dən” toxumu,
Vaxtsız sönən şəm toxumu.
Özüm boyda qəm toxumu
Səpim, gedim bu dünyadan.

Üzeyiri salma gözdən,
Gəl incimə sən bu sözdən.
İcazə ver xallı üzdən
Öpüm, gedim bu dünyadan.

YOLÜSTÜ SEVGİ*

Niyə duymadın ki, bu isti sevgi,
Üşüyür dilimdə, odu yalandı.
Qatarda doğulan yolüstü sevgi,
Yolüstü yalanla vağzalıcandı.

Dil öz yalanını çox danır, gülüm,
Yalanın qış ömrü bahara düşüb.
Həmi bir apreldə aldadır, gülüm,
Sənin bir aprelin qatara düşüb.

Bir duyğu selindən qırıldın, qopdun,
Yağdın, bulud kimi niyə dolmadın?
Bu dəmir yollara bələdçi tapdın,
Dəmir ürəyimə bələd olmadın.

Qol üstdə pencəktək “qolüstü eşqə”
İlk görüş yerində düyün də vurduq.
Qatarda doğulan yolüstü eşqə,
Sahildə yolüstü layla da çaldıq.

Bu eşqə dalğalar verib fərmanı,
Tufanlar ömrünü tapdayıb, əzib.
Zəli dodaqlarım bir öpüş qanı,
İlan qollarımsa çiynini gəzib.

Hələ gözləyirsən, bəlkə qaytarım,
İtmiş sevincini səadət üçün.
Bu eşq divanına niyə yalvarım,
Cani yalanıma bəraət üçün.

Niyə duymadın ki, bu isti sevgi
Üşüyür dilimdə, odu yalandı.
Qatarda doğulan yolüstü sevgi.
Yolüstü yalanla vağzalandı..

OYUNCAQ

Kimsə uzun saçlarını
kəsib ayaqlar altına atacaq,
Dodaqlarını başqa karandaşla
rəngləyəcək kimsə.
Kiminçünsə kirpiklərin də
uzun görünə bilər.
Dırnaqlarını başqa-başqa rənglərlə
boyayan da olacaq.
Ola bilsin ki,
gözlərinin rəngi də
kiminsə xoşuna gəlməsin…
Paltarların daha çox
diqqətdə olacaq:
“Bu yaraşmır,.. yox bu daha yaxşıdı,
…bəlkə belə yaraşır,
bu da böyük oldu…”
…Nə isə, hərə bir cür dəyişəcək səni,
hərə də bir dəfə oynayacaq səninlə –
Kim uşaq baxçasından
evə oyuncaq aparır ki?!.

QISQANIRAM MƏN

Könlümdə tufansan, başımda yelsən,
Ağlayan eşqimin gözündə səlsən.
Sən elə çiçəkşən, sən elə gülsən –
Gülü sözlərimə qısqanıram mən.

Hər addımın inci yolu, zər yolu,
Ürəyimin kədər yolu, sər yolu…
Sən keçdiyin hər cığırı, hər yolu
Dönük izlərimə qısqanıram mən.

Qəm yağdırır qəm buludlu yağışım,
Göz yaşıdı hər bəzəyim, naxışım.
Elə bilmə utancaqlı baxışım –
Səni gözlərimə qısqanıram mən.

ŞƏKƏR XƏSTƏLİYİ

Dodaqlarım quruyur tez-tez,
xoş sözü gec-gec danışdığımdan.
Başım “qarışıq” olur
hər işə qarışdığımdan.

Yorğun oluram:
elə bil daş daşıyıb gəlirəm,
qaçqınlar üçün salınan şəhərcikdən,
nə Daşaltya düşən enişdən,
nə Murova qalxan dikdən.

Yanğım var — qisas yanğısı, —
Ağdam,
Laçın,
Kəlbəcər yanğısı.

İsa bulağından bir içim su…
dağ çəkdi mənə bu “şəkər yanğısı”…
özü də tələsmir bir yana getməyə
bilir ki, lazım olacaq —
əzrayılın “çayını şirin etməyə”!

ƏLİM YUMRUQ OLMUR…

Öyrənib daş daşımağa,
Süfrəmdən aş daşımağa.
Girişib baş qaşımağa,
Əlim yumruq olmur, qardaş.

Qanım hələ izimdədi,
Dərdim hələ içimdədi.
“Hər barmağım bir simdədi” –
Əlim yumruq olmur, qardaş.

Atəşimi tətik açdı,
Qapımızı təpik açdı.
“Yumulmuşdu, çəpik açdı”,
Əlim yumruq olmur, qardaş.

Sevinc sınır, qəm uzanır,
Ömür gedir, vaxt yubanar.
Elə coşur, hey qıcanır,
Əlim yumruq olmur, qardaş.

Ələk gəzər ələnməyə,
Bələk gəzər bələnməyə.
Ovuç açır dilənməyə,
Əlim yumruq olmur, qardaş.

Ha susuram, dərd saz olur,
Ahım dönüb avaz olur.
Öz başıma qapaz olur,
Əlim yumruq olmur, qardaş!

İNDƏN BELƏ

Sən elə bilmə ki, susmuş ürəyəm,
Hələ indən belə vuracağam mən.
Viranə sandığın könül mülkümü,
Hələ indən belə quracağam mən.

Bir odam, ocağam yanıram közsüz,
Quruyub qalmışam lal təki sözsüz.
Yolunda kölgətək hər gecə, gündüz,
Hələ indən belə duracağam mən.

Bürüyüb qəlbimi qorxu, səksəki,
Saralıb, soluram qızılgül təki.
Səni sözlərimlə nə yormuşam ki,
Hələ indən belə yoracağam mən.

Görmüşəm həsrətin çox əzabını,
Bağladın ömrümün bəxt kitabını.
Verdiyin dərdlərin son hesabını,
Hələ indən belə soracağam mən.

XƏYALINLA SÖHBƏT

Sevgin ürəyimdə yaralı bir quş,
O quş bir də qanad açmayacaqdır.
Bütün quşlar uçub, köçsə payızda,
O mənim sinəmdən uçmayacaqdır.

Bəlkə də, sən məni unutdun artıq,
Bəlkə də, mən yoxam səninçün daha.
Mənimsə qəlbimdə sənsən, amma bil,
Həsrətin ucuzdur, vüsalın baha.

Səninçün bəlkə də, bir kitabam mən,
Hansı ki, hərflər də tozlara batmış.
Bəlkə vərəqləyib baxmaq istəyin,
Kimdəsə qısqanıc hissi oyatmış.

Sevgimiz bağ oldu, bağbanı dövran,
Vermədi bəhrəsin yellər əlindən.
Nədən qərq elədi bu eşqi tufan,
Qurtula bilmədi sellər əlindən.

Saldı, sürüklədi zindana yollar,
Bir an qismətimi özüylə bahəm.
Burda xatirələr, şirin xəyallar,
Bu sənsiz könlümə olubdur həmdəm.

Bezirəm bəzən də, özümdən belə,
Bilmirəm ya olum, bilmirəm ölüm.
Vüsalına yetmək üçün ümidlə,
Dözürəm hicrana, dözürəm, gülüm!

***

Səndən də bir qəmi pay aldım, gülüm,
Qəm niyə könlümdə dərinə düşsün?
Mən öz ünvanımı səhv saldım, gülüm,
Qoy sənin ünvanın yerinə düşsün.

İlk görüş yerində çırpındı qəlbin,
Kövrək duyğuların xətirinə dəydim.
Sən məndən qaçmağa gecikəcəkdin,
Mən könül açmağa tələsməsəydim.

Ulduzlar axırdı hicran göyündən,
Qərib bir gecədə səhərsiz idin.
Mən sənə alınan “bəxt üzüyü”ndən,
Sənsə bu sevgidən xəbərsiz idin.

Soldu əllərimdə bir eşqin gülü,
Həsrətin könlümə heyanlıq oldu.
Bir sevda tapmağım illər müşgülü,
Səni itirməyim bir anlıq oldu.

Daha olan olub,… güllər içində
Sən elə gizlən ki, gəzməyim bir də.
Gəl elə barışaq, gəlin köçəndə
“Sənsiz taleyimdən” küsməyim bir də.

VƏTƏN OĞLU

Nə vaxtdır od tutub yurdum ağlayır,
Şəhid harayları ürək dağlayır.
Coşan çaylarında su buz bağlayır,
Dönüb qarlı qışa yaz, Vətən oğlu.

Şax dayan, məğrur ol Qırat belində,
Silahın sinəndə, sözün dilində.
Tutarkən Koroğlum qılınc əlində,
Asılıb yanından saz, Vətən oğlu.

Qədimdən boylanıb, baxan tarixi,
O yana, bu yana, axan tarixi.
“Özgə mürəkkəbi” qoxan tarixi,
Təmiz türk qanınla yaz, Vətən oğlu.

İrəvan, Göyçəgöl olar məskənin,
Gözləyir yolunu bil Şuşam sənin.
Tutduğu süngüylə rəzil düşmənin,
Özü üçün son məzar qaz, Vətən oğlu.

Gün gələr sağalar bu qopmaz yara,
Yağlar çəkilər divana, dara.
Əsir torpağımız dönər gülzara,
Az qalıb o günə, az, Vətən oğlu.