Azərbaycan dili şivələrinin müqayisəli tədqiqi
Azərbaycan dili şivələri XX əsrin əvvəllərindən başlayaraq monoqrafik yol ilə kifayət qədər araşdırılmışdır. Artıq şivələri dilin müxtəlif layları üzrə (fonetik, leksik və qrammatik) türk dilləri ailəsinə daxil olan dillər və onların şivələri ilə müqayisəyə cəlb etməyə ehtiyac yaranmışdır. Türklər üçün ortaq ünsiyyət dilinin, terminologiyanın və s. formalaşması prosesində bu kimi araşdırmaların aparılması aktuallıq kəsb etməkdədir.
Məqalədə Azərbaycan dili şivələrinin digər türk dilləri və onların dialektləri ilə müqayisəsinə həsr edilmiş tədqiqat işləri barədə məlumat verilmişdir. Bu istiqamətdə yerli və xarici müəlliflər tərəfindən yazılmış elmi məqalələr də toxunulmuş, onların əhəmiyyətindən bəhs edilmişdir. Tezis yazılarkən təsviri, müşahidə və ümumiləşdirmə metodlarına müraciət edilmişdir.
Azərbaycan dili zəngin və rəngarəng dialekt sisteminə malik ən qədim dünya dillərindən biridir. XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan dilinin şivələri tədqiq olunmağa başlanılmış, dialektoloji lüğətlər və atlaslar tərtib edilmişdir. 1926-cı ildə Nikolay Aşmarinin “Nuxa şəhəri türk xalq şivələrinin ümumi xülasəsi” əsəri çap olunur ki, bu, Azərbaycan dili şivələrinə dair ilk monoqrafik tədqiqatdır. 1926-cı ildə İsfəndiyar Həsənovun «Gəncə şivəsində mənsubiyyət şəkilçisiz isimlərin hallanması» adlı kitabı da nəşr olunur. 1933-cü ildə Parisdə Ceyhun Hacıbəylinin «Qarabağ dialekti və fokloru (Qafqaz Azərbaycanı)» kitabı çap olunur [Məmmədli, 2019, səh. 23, 24].
1932-1934-cü illərdə Türkiyənin İstanbul şəhərində Əhməd Cəfəroğlunun rəhbərliyi ilə ”Azərbaycan yurd bilgisi” məcmuəsinin 36 nömrəsi işıq üzü görmüşdür. Böyük bir fasilədən sonra 1954-cü ilin fevral ayında jurnalın 37-ci sayı nəşr edilmiş və bununla fəaliyyətin sona çatmışdır. Sürəyya Talıbxanbəylinin 1933-cü ildə nəşr olunmuş “Karahağ-İstanbul Şivelerinin Savtiyat Cihetinden Mukayesesi” adlanan silsilə məqalələrində Qarabağ və İstanbul şivələrinin səs sistemi, fonetik xüsusiyyətləri müqayisəyə cəlb olunaraq nümunələr ilə verilmişdir[https://dergipark.org.tr/tr/download/article-file/136231].
Əzizxan Tanrıverdiyev “Kitabi-Dədə Qorqud” dastanında işlənib müasir ədəbi dilimiz baxımından arxaik hesab olunan sözlərin eynilə və ya müəyyən fonetik, semantik dəyişmələr ilə Azərbaycan dilinin qərb ləhcəsində işlənməsi, həmçinin dastandakı arxaik morfoloji elementlərin Azərbaycan dilinin qərb ləhcəsində saxlanması istiqamətində həm qorqudşünaslıq, həm dialektologiya üçün dəyərli araşdırmalar aparmışdır [Tanrıverdi, 2007, səh.192, 281]. Sevinc Qəmbərova 13 noyabr 2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Folklor və dövlətçilik” mövzusunda III Respublika Elmi Konfransında “Oğuznamə”nin leksikası Azərbaycan dilinin qərb şivələrində” mövzusunda məruzə etmişdir, araşdırma konfrans materiallarında çap edilmişdir [“Folklor və dövlətçilik” mövzusunda III Respublika Elmi Konfransının materialları, 2019, səh. 291-301].
XXI yüzillikdə dialektlərin leksikasının digər türk dillləri ilə müqayisəli şəkildə öyrənilməsinə zərurət yaranmışdır. Bu baxımdan Zabitə Teymurlunun “Azərbaycan dili dialektlərində və türk ədəbi dillində işlənən ortaq sözlər (2013), Sevinc Qəmbərovanın “Azərbaycan dilinin qərb şivələri və türk dilinin Qars şivələrinin leksikasının müqayisəli linqvistik təhlili” (2017), Qalibə Hacıyevanın “Azərbaycan dilinin Naxçıvan qrupu şivələrinin Güney Azərbaycan və Şərqi Anadolu şivələri ilə fonetik və leksik müqayisəsi” (2017), Əhruz Mahmudovanın “Azərbaycan dilinin Naxçıvan dialekt və şivələrində heyvandarlıq leksikası ( türk dilinin Qars şivələri ilə müqayisədə” (2018) adlı tədqiqatları təqdirəlayiqdir [Məmmədli, 2019, səh.27].
2013-cü ildə Zabitə Teymurlu “Azərbaycan dili dialektlərində və türk ədəbi dilində işlənən ortaq sözlər” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Müəllif göstərmişdir ki, Azərbaycan dilinin dialektlərini türk ədəbi dili ilə qarşılaşdırmamızın səbəbi ortaq elementləri aşkar edərək bu iki dilin tarixi əlaqələrini, qarşılıqlı təsir xüsusiyyətlərini ortaya çıxarmaqdır [Teymurlu, 2013, səh.4]. 2022-ci ildə müəllifin Türkiyədə “Uluslararası Türk Lehçe Araştırmaları Dergisi”ndə “Azərbaycan dili və Türkiyə türkcəsi dialektlərində yad dilin izləri” məqaləsi dərc olunmuşdur. “Məqalədə Azərbaycan və türk dilləri dialektlərində işlənmiş ortaq alınma sözlərin bir sıra mühüm xüsusiyyətləri üzə çıxarılmış, alınmaların etimoloji aspektdə təhlili tədqiqata cəlb olunmuşdur “ [Teymurlu, 2022, səh.383].
2018-ci ildə Qalibə Hacıyeva “Naxçıvan dialekt və şivələrinin Güney Azərbaycan və Şərqi Anadolu dialektləri ilə müqayisəli tədqiqi” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Dissertasiyada ilk dəfə olaraq Azərbaycan dilinin Naxçıvan qrupu şivələri Güney Azərbaycan (İran) və türk dilinin Şərqi Anadolu (Türkiyə) şivələri ilə müqayisəli tədqiqata cəlb edilərək, bu bölgələrdə mövcud tarixi dialektal vahidlərin fonetik, leksik–semantik və qrammatik xüsusiyyətlərinin ortaq və fərqli cəhətləri şərh olunmuş, hər üç bölgənin dialektləri ümumtürkoloji baxımdan əhəmiyyəti olan tarixi etnolinqvistik və müasir dil xüsusiyyətlərinə görə müqayisəolunmuşdur [Hacıyeva, 2018, səh.5].
2021-ci ildə Əlvan Cəfərov “Qərbi Azərbaycan və Şərqi Anadolu dialektlərinin etnolinqvistik xüsusiyyətləri” mövzusunda dissertasiya işi müdafiə etmişdir. “Dissertasiyada Qərbi Azərbaycan türkləri ilə Türkiyə Respublikasının Şərqi Anadolu bölgəsinin etnik quruluşunu, ərazilərin etnogenezinin areallığını, onların dil xüsusiyyətlərini dialektoloji aspektdən öyrənmək və bu dialektlərin fonetik və leksik xüsusiyyətlərini araşdırmaq ilk dəfə linqvistik tədqiqat müstəvisinə çıxarılmışdır [Cəfərov, 2021, səh.6].
2021-ci ildə Sevinc Qəmbərovanın Türkiyədə “Uluslararası Türk Lehçe Araştırmaları Dergisi”ndə “Azərbaycan dilinin şivə xüsusiyyətləri qaqauz dilində”məqaləsi dərc olunmuşdur. “Tədqiqat işində qaqauz dilində olan fonetik xüsusiyyətlərin (saitlərin sonrakı uzanması, ahəng qanununun pozulması, diftonqlaşma və s.), lüğət tərkibindəki qədim türk leksik qatına məxsus sözlərin, təsirlik halda –yı şəkilçisinin istifadə edilməsinin Azərbaycan dilində dialekt səviyyəsində mövcud olması müqayisəli şəkildə işıqlandırılmışdır” [Qəmbərova, 2021, səh.77]. 2025-ci ildə Komrat Dövlət Universitetində təşkil olunmuş konfransda “Azərbaycan dilinin şivələri və özbək dilində ortaq sözlər” mövzusunda məruzə etmişdir [Qəmbərova, 2025, səh.186-193].
Məqalədə Azərbaycan dili şivələrinin elmi məqalələr və dissertasiya işləri səviyyəsində müqayisəli şəkildə araşdırılmasının bir hissəsi işıqlandırılmışdır. Bu araşdırmadan ali məktəblərdə tədris edilən “Azərbaycan dialektologiyası”, “Tarixi dialektologiya”, “Türk dillərinin müqayisəsi” və s. fənlərin tədrisində istifadə oluna bilər. Hesab edirik ki, tarixi-müqayisəli, müqayisəli-linqvistik metodlarla aparılan və məqalədə sistemli şəkildə barəsində bəhs edilən bu tip araşdırmalar ümumtürkoloji müstəvidə böyük əhəmiyyətə malikdir və türklər üçün ortaq ünsiyyət dilinin, əlifba və imla qaydalarının, terminologiyanın yaradılması yönündə aparılan işlər üçün əhəmiyyətlidir.