.....

.....

Vətənsiz –  Hicran Hüseynova

Vətənsiz – Hicran Hüseynova

Vətənsiz

(Pritça)

(Dostlar, burada vətən anlayışı birbaşa mənada deyil)

Vətən yaxşı şeydir, – deyirlər. Qədim bir atalar  sözündə də “Vətənə gəldim, imana gəldim” deyilir. Qəribədir, belə çıxır ki, qürbətdə yaşayanlar imansızdır?.. 

Yox, belə deyildi heç də. Əslində, güvəndiyi bircə şey varsa, o da elə imanıydı bu qəriblikdə.

Vətəni də vardı, əlbəttə, vətənsiz deyildi və adamların haqqında pafosla danışdığı vətən hissi də vardı hamı kimi, bəlkə də, hamıdan çox. Səssiz-küysüz sevirdi vətəni, şablon sevgilər yad idi ruhuna. Vətən yolunda qurban getməyə də, varından, malından keçməyə də hazır idi onda. Və keçdi də uf demədən. Belə qurbanlar çox-çox olurdu, tez-tez olurdu. Vətənsə bunları həmişə görmür, təsadüfən görəndə də “Belə də olmalıdır” deyib laqeydliklə ayaqlarının ucuna baxırdı.

Varını, yoxunu, qiymətli nəyi vardısa, verdi vətənə. Bir də baxdı ki, heç nəyi qalmayıb gözlərindən savayı. Gözəl, çəhrayı gözlərini götürüb getdi bu vətəndən, yəqin ki, birdəfəlik getdi. Getdi ki, gözəl, çəhrayı gözləri görməsin bu vətənin heç vaxt sevməyib, amma həmişə sevilən yad övladlarını.

Yox, işğal olunmamışdı vətəni, amma nə fərqi, qoy lap işğal olunsun, bu vətən ki onun deyil.

…İllərdi qürbətdəydi. Vətən mahnıları oxumurdu daha uşaqlığındakı kimi. Və uşaq deyildi daha. Heç qürbət mahnıları da gəlmirdi dilinə. Nə mahnı ey, mahnını uşaqlar oxuyur. O indi araşdırmaları ilə məşğuldu. Məsələn, oturub cürbəcür sözlərin semantikasını düşünürdü; qürbət-qərib-qəribə-qürub və s.

Hərdən də küçədə-bayırda eloğluları çıxırdı rastına. Görən kimi də onu vətəni sevməməkdə, qorumamqda, qürbəti vətəndən üstün tutmaqda günahlandırırdılar. Səbri hardaydı onlara cavab verməyə, çiynini çəkib boz, neytral bir təbəssümlə “yəqin ki” deyib uzaqlaşırdı.

Heç qürbət də cənnət deyildi, bura gəlməmişdən bilirdi bunu, burda da sıxılırdı, təxminən elə vətəndəki kimi. “Ah, vətən, vətən” deyib sızlamırdı zəif səslə. Qürbət elin adamlarına göz qoyur, onların doğma olmayan həyat tərziylə maraqlanırdı. Və qürbət də doğma deyildi ona, qürbət də qürbətlilərin və müxtəlif vətənlərdən gəlib qürbətdə qaynayıb-qarışanların idi.

Burda da qınayırdılar onu. Qəribədir, həmişə, hər yerdə elə onu qınayır “Sənin yerində olsaydım” deyirdi məzmunsuz adamlar. “Mənim yerimə olsaydın, gərək Mən olaydın axı və əgər Mən olsaydın, qınamazdın məni, heç qınamazdın”, – düşünürdü.

Qürbətdə də ən çox özüylə danışırdı, eynən vətəndəki kimi. Ən çox işlətdiyi də “heyif”, “təəssüf” sözləri olurdu.

Bəzən gözlərini yumub uzanır, bir az rahatlanmaq istəyirdi. Qara kölgələr də çəhrayı olurdu çəhrayı baxışlarından.Və nifrət edirdi vətən anlayışına.