“Müsahibə həftəsi” rubrikasının budəfəki qonağı – şair, publisist və sevimli müəllim Gülsadə xanımdır.
Poeziya aləmində öz üslubu ilə seçilən Gülsadə xanım, ədəbi mühitdəki dərin təcrübəsi və cəsarətli mövqeyi ilə oxucuların rəğbətini qazanıb. Onunla ədəbiyyat, yaradıcılıq, feminizm və həyatın digər mühüm mövzuları barədə səmimi və maraqlı söhbət apardıq.
1. Gülsadə xanım, poeziya ilə tanışlığınız necə və nə zaman başladı? Şeirin sizin həyatınıza gəlişi hansı mərhələdə baş verdi və o andan sonra nə dəyişdi?
Şeirlə tanışlığım orta məktəb illərində başladı. O zaman yazdıqlarımı tam mənada şeir saymaq olmazdı, amma içimdə ciddi yazmaq arzusu vardı və məhz bu istək məni Gülsadə etdi. İlk kitabımın adı da “Şair olmaq istəyirəm” idi. O andan sonra həyatımda poeziya önəmli yer tutdu, ruhumun ifadəsi oldu.
2. Poeziyada “susmaq” sizcə gücdür, yoxsa zəiflik?
Susmaq mənə hər situasiyada cazibədar görünür. Poeziyada susmaq daha böyük səs-küy yaratmaq, oxucunu heyrətləndirmək üçün gücdür.
3. “Ənənəviliyə qarşı şıltaq olmaq” fikrinizlə nəyi nəzərdə tutursunuz?
Yaradıcı insan olaraq, cəmiyyətdəki “Qadın bunu yazmaz”, “Qadın bunu deyə bilməz” kimi qəlibləri qəbul edə bilmirdim. Bu şablonlar şair ruhumu sıxırdı. Ona görə də, təcrübəsiz amma inadlı şəkildə ənənəyə qarşı getmək, küləyin əks istiqamətində qaçmaq istədim.
4. Poeziyanızda feminizmə toxunuşlar görünür. Bu təsadüfi, yoxsa məqsədli seçimdir?
Feminizm cəmiyyətdə düzgün anlaşılmır və çox vaxt səhv istiqamətə yönəldilir. Mənim üçün feminizm qadının ruhunun azadlığı, bərabərliyinin müdafiəsidir. Müasir qadın kimi bu ideyanı ifadə etmək, qadın ruhunun sərhədsizliyini, rəngarəngliyini şeirləşdirmək mənim üçün təbii və məqsədli seçimdir.
5. Bölgədə şair olmaqla paytaxtda şair olmaq arasında sizcə hansı fərqlər var? Bu fərqlər yaradıcılığa, tanınmağa və qəbul olunmağa necə təsir göstərir?
Böyük şəhərlərin imkanları daha çox olur. Müəllif nə qədər böyük kütləyə təqdim olunsa, bir o qədər tez tanınır və yetişir. Mən də həmişə Bakı ədəbi arenasında görünməyə çalışmışam, hətta çoxu məni burda yaşayıram sanır.
6.Ənənəvi suallarımızdan birini sizə də vermək istəyirəm. Ədəbiyyat sizə görə nədir – bir dəyər, bir sığınacaq, yoxsa bir mübarizə?
Ədəbiyyat mənim üçün ciddi bir mübarizədir.
7. “Səmimi olmayan şeir səmimi oxucu qazana bilməz” demisiniz. İndi bir fikir çox yayılıb — kütlə üçün yazılan şeirlər və ədəbiyyat üçün yazılan şeirlər. Bu fikrə münasibətinizi bilmək istərdim.
Maraqlıdır, “kütlə” deyəndə kim nəzərdə tutulur? Əgər o kütlə yoxdursa, “ədəbiyyat üçün yazılan” şeirləri kim oxuyacaq? Məncə, şeir həmişə səmimi olmalıdır və onun kütləsi, markası, rəsmi və ya qeyri-rəsmi olmasının fərqi yoxdur.
8. Hansı mövzu sizi daha çox yazmağa vadar edir: sevgi, tənhalıq, qadınlıq, yoxsa azadlıq?
Qadını bütöv şəkildə təsvir etmək istəsəm, bunları sayaram. Əgər bunlardan biri yoxdursa, qadın ruhu natamam və bədbəxtdir. Mən bədbəxt qadın yaratmamışam, amma qadının bədbəxtliyindən yaza bilərəm.
9. Qadın şair olaraq ədəbi mühitdə hansı çətinliklərlə üzləşmisiniz?
Qadın kimi təbii ki, çətin anlarım olub. Cəsarətli şeirlərim, qəlibləşmiş zehniyyətlərə qarşı durmam çoxlarını qıcıqlandırdı. Amma yenə də, “Gülsadə danıla bilməzdi.”
10. “Son Tanqo” kitabınız sizin üçün nə ilə fərqlənir? Onun uğurunun səbəbi nədir sizcə?
“Son Tanqo” mənim ənənəyə qarşı şıltaqlığım idi.
11. Oxuculardan aldığınız ən təsirli və yadda qalan rəyi bizimlə bölüşərsinizmi?
Oxucularımdan maraqlı rəylər alıram. Ən təsirlisi isə qadınların fərqli şeirlərimi mənə göndərib “Burda məni yazmısan” demələri olur.
12. Ən böyük ədəbi arzunuz nədir? Son zamanlar sizi ədəbi mühitdən kənar görürük, səbəbi nədir?
Ən böyük ədəbi arzum əbədi olmaqdır. Dəniz böyük fırtınadan sonra sakitləşir. Son kitablarım isə ruhumun fırtınası idi.
13. Sosial şəbəkələrdə poeziyanın populyarlaşması şeirə fayda verirmi, yoxsa onu bayağılaşdırır?
Bayağı şeir həm kitabda, həm də sosial şəbəkədə bayağıdır. Sosial şəbəkə müəllif üçün bir avantajdır.
14. Oxucularınız sizin şeirlərinizdən nə götürsünlər istərdiniz? Onlara çatdırmaq istədiyiniz ən böyük duyğu nədir?
Şeirlərimdə əsasən qadın tərəfdən yazsam da, mesajım kişilər üçündür: “Qadınları sevməyi bacarın, onları anlamağa cəhd edin. Ümidlərini alıb sevinclərini yarım qoymayın. Təəssüf ki, qadın sevgiyə möhtac varlıqdır.”
15. Əgər bir gün yazmağı dayandırsanız, sizi poeziyada necə xatırlamalarını istərdiniz?
Yazmaq mənim üçün var olmaqdır. Bir gün yazmağı dayandırsam, məni “Son Tanqo” və “Femme”nin müəllifi kimi xatırlasınlar.
Gülsadə xanımla söhbətimiz onun poeziya ilə bağlı dərin hislərini, yaradıcılıq prinsip və ideallarını bir daha təsdiqlədi. Yazmaq onun üçün sadəcə sənət deyil, varlıqdır, mübarizədir və ruhun azadlığıdır. Ümid edirik ki, onun sözləri oxuculara da ilham verəcək və poeziyanın həyatımızda tutduğu yeri daha yaxşı anlamağa kömək edəcək.
Müsahibəni hazırladı: Aysel Nəsirzadə