.....

.....

Vaqif Nəsibin “Əlimərdan mərdliyi” hekayəsi haqqında – Fərid Muradzadə

Vaqif Nəsibin “Əlimərdan mərdliyi” hekayəsi haqqında – Fərid Muradzadə

Vaqif Nəsib Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilən, xüsusi yazı üslubuna malik yazıçıdır. Onu oxumayan insan təkcə”Omaroğlunun qayıtması”nı oxusa Vaqif bəyin yazı gücünün nə qədər möhtəşəm olduğuna əmin olacaq. Bu hekayə həqiqətən də şedevrdir. Lakin bu gün Vaqif Nəsibin bu hekayəsindən deyil, başqa bir hekayəsindən söhbət açacağam. 

Dünyada, ümumən kainatda hər bir materiyanın, cisimin adı var. Adsız varlıq yoxdur. Külli bəni-Adəmə ümumiləşdirilmiş halda insan deyilir, amma bütün insanlar eyni adlı deyil. Fərdlərin ayrılıqda hər birinin öz adı var. Deyirlər ki, ad insanı doğruldur, amma bəzən də əksi baş verir. Ümumiyyətlə elə hallar olur ki, insanlar əməlləri ilə əşrəfi-aləmliyini itirir. Elə Vaqif Nəsibin “Əlimərdan mərdliyi ” hekayəsindəki Əlimərdan kimi… 

Hekayənin ilk cümlələri belə başlayır. “Əvvəl-əvvəl Dədə Qorqudlar özləri, sonra da ad qoydu ənənələri ölüb – itəndən sonra həmin vəzifə ellərdə, uluslarda ata-anaların üzərinə düşmüşdü” və bundan sonra Vaqif müəllim sözü saz üstündə məharətlə dolandıra-dolandıra asta-asta əsl mətləb üzərinə gətirir. Hətta təbəqələr arasındakı fərqi, valideynin övladını görmək istədiyi iqtidarda, öyümək istədiyi gücdə təsvirini qısa, amma tam hədəfə vurmaqla təsvir edir. Hekayəni Dədə Qorqudlarla başlayıb, dövrün ictimai-siyasi vəziyyətinin təhlil və təsviri (sətiraltı ifadələrdə özünü daha çox biruzə verir)  sovetlərin insanlara aşıladığı nadanlıq sisteminin fəsadları, mənsəb hərisliyi, sevda, eşq və vüsal  yolunda insan namərdliyi, haqsızlığa uğrayanların fəryadı və sonda ilahi ədalətin təcəllası ilə tamamlayır. Yazıçı hadisələri  bütün detallarına qədər həssaslıqla təsvir edir. Kadr çatışmazlığı olan bir dövrdə insanları seçmək, sinfi ziddiyyət, əlini qazanca çatdıran insana qarşı insan nadanlığı, əmək qəhrəmanı kimi adlar üçün çəkilən zəhmət və bu zəhmətin qarşılığında əldə olunanlarla rəhbərliyin boyunduruğu altına düşmək, insanların söz azadlıqlarının əllərindən alınması, vəzifə başına keçənlərin “qınından çıxıb qınını bəyənməməyi” hadisələrin cərəyan etdiyi məkan və mənzərələrin təsviri olduqca dolğun şəkildə verilmişdir. 

Ehtiyac olan peşə sahələri üzrə kadr hazırlamaq üçün əhali arasından nümayəndələr seçilməlidir, amma sovet rejiminə görə bu insanlar yalnız fəhlə-kəndlilərdən seçilməlidir. Keçmiş mülkədar balaları,bir sözlə əvvəlki rejimin əsas dayaqlarından olan, lakin indi bütün sərvətləri əllərindən alınıb, payızda üryan qalan ağaclar kimi üryan, müflis sinfi düşmənlərdən kadr ola bilməz! 

Sinfi ziddiyyətin nə qədər bariz olduğu göz öndədir. 

Əlimərdan dostluğa, sədaqətə, etibara, vəfaya, mərdliyə namərdlik edən Sovet rejiminin ilkin qurulduğu zamanlara təsadüf edən ümumiləşdirilmiş obrazdır. Əlimərdan fərd deyil, o sosialist rejimdəki xüsusi cəmin prototipidir. Müəllif hekayədə ülvi deyil, xəbis bir eşqin minillərdir insanlar arasında nələrə gətirib çıxardığını məharətlə işləmişdir. Qadına görə qardaşın qardaşı öldürməsi ilk insan qətlinə, ilk qardaş qanı axıdılan qədim keçmişin ən dərin qatlarına, Habil və Qabilin əhvalatına söykənir. Qabil Habili öldürdü, Əlimərdan da Ayxanı. (Ayxanın ölümü cismani olmasa da) Bir qadına görə əqidə yoldaşını, məsləkdaşını, tapdığı qızıl küpünü onunla tən bölmək istəyən alicənab adamı şərləyib tutduran adam, naxələfliyi ilə başqasının bədbəxtliyi üzərində öz “xoşbəxtliyini” qurur, amma sonluq tam bir fəlakətlə bitir.  Əlimərdan kimilər hərisliyindən doymayan, elə tapdıqları küp üstündə yatan ilan kimi olurlar. Onlar üçün sədaqət, vəfa, dostluq meyarı yoxdur. Onlar üçün yalnız özləri və həris hədəfləri var. İmran qağa dediyi İmran Mirzə oğlunun sayəsində əli çörəyə çatan Əlimərdan ilan xislətindən dolayı onun yerinə keçməyi hədəfləmişdi. İmran qağa da dünya görmüş birisi idi. Əlimərdan kimilərin dabbaqda gönünə bələd adamdı İmran Mirzəoğlu.  Namərd Əlimərdan qabaqcıl mexanizator kimi Kənd Təsərrüfatı İnstitutuna göndəriş alanda onların arasında bir dialoq olur. 

İmran: -Atalar kor atlandı, kəndi çapdı deyiblər, -birdən məktəbi qurtaranda mənim yerimə göz dikərsən. 

Əlimərdan: -Nə danışırsan? Bizim əlimizi çörəyə  sən, İmran qağa çatdırmısan. Həm bizim, həm də elimizin atasısan. 

İmran ona uğurlar arzulayır, amma sözünü də deyir”getməmişdən qabaq özünü İncə dərəsinə ver. İncə suda çimib paklan. Sonra da Əfəndi ocağına gir, içinin qara-qurasını tök”

Və həmin an hər ikisi ürəyindən öz həqiqətini keçirdi

İmran: -Sənin kimi yetimlər, onlara çörək verənləri minir. 

Əlimərdan: -Bu lələşin sənin yerində oturmasa anası Qaytanın südü burnunun hər iki deşiyindən gəlsin. 

Hekayədəki Ayxan obrazı sadə, dostcanlı, işgüzar, qüvvətli, amma ürəyi yuxa adamdır. Ayxan həm də aşiqdir. Hekayədə Ayxan və Əlimərdan eyni qıza aşiq olurlar və hətta sonda qızın kimi seçəcəyinə görə davranacaqlarına söz verirlər. Lakin hiyləgər Əlimərdan namərdlik edir. Balaxanıma və mənsəb  hərisliyinə görə dostunu satır. Ayxan haqsız yerə zindanlarda gənc ömrünü tükədəndə Əlimərdan Balaxanımın vüsalına yetib mənsəb sahibi olur. Həbs müddəti bitəndən sonra Ayxan bir daha kəndə qayıtmır. Rusiyada bir qızla evlənib övlad sahibi olur. Əlimərdanla üz-üzə gəlməmək üçün bir daha vətənə dönmür. İnandıqları onu vətəndən didərgin salır. Konvoy nəzarəti altında həbsxanadan çıxarkən Ayxan sidq-ürəkdən bir dua edir “Allahım, qulun, nökərin olum, bu Əlimərdanın heç o dünyasını gözlətmə, elə bu dünyada cəhənnəm odunda yandır”

Duaların ünvana yetən vaxtına düşür Ayxanın duası. 

Haqsızlığa uğramış bir insan ulu göylərdən yardım istəyir. İlahi ədalətbərpa olunur…

Amma hələ Əlimərdanın yer üzündən başlayacaq Məhşərinə  zaman vardı. Və zamanın hər anından öz xeyrinə bəhrələnməyi sevən Əlimərdan pusquda durmuş ovçu idi. 

Qudurmuş, cinsindən, növündən asılı olmayaraq pis olur. İllərlə sahibinin əliylə yal verdiyi, sahibini görəndə yal xətrinə quyruq bulayan küçük böyüyüb, vəhşiləşmiş azman zəncir qıran köpəyə dönəndən sonra yal deyil, ət xatirinə, qudurmuşluq eşqinə sahibinə ağız atır. Elə Əlimərdan kimi. 

Bir gün İmran Mirzəli oğlunun ağlına gələn başına gəlir Balaxınmla evlənmiş, qabaqcıl mexanizator, partiyaçı və institutu bitirmiş Əlimərdanın yenə namərdlik damarı tutur. Çoxdandır ki, vəzifə eşqi ilə alışıb-yanan gözləri İmran qağasının yerinə dikilmişdi. Hər cür fırıldağa öyrəşmiş bu adam mənsəb xatirinə İmran qağasını elə İmranın İsrafil qağasına verdiyi qoç kimi güdaza verdi özü də birbaşa rəhbər Mircəfər Bağırova! 

Hekayədə maraqlı obrazlardan biri də dəli Zamandır. Mənə elə gəlirki, müəllif bu adı xüsusi olaraq seçib. Dəli və zaman. 

Bir insanın timsalında əksini tapan həqiqət. Dəli Zaman cəsurdur, heçkimdən çəkinmir, qorxmur, pulu da sevir, yəni fürsəti dəyərləndirir. Mahiyyətində mücərrəd zaman da fürsətcildir, insan da. Və fürsəti fövtə verməyən Dəli Zaman da elədir. Öz xeyrinə ona veriləndən imtina etmir,əksinə yararlanır. Namərd Əlimərdanın ona verdiyi pulu geri qaytarmır, alır, amma həqiqətləri də söyləməkdən çəkinmir. Əlimərdan sevgisi yolunda rəqibə çevrilən Ayxanı tutduraraq sıradan çıxarıb, “nəcib hərəkətli “vicdanlı komsomol” kimi adı qəzetlərə düşəndə ilk rastlaşdığı dəli Zamana bir qırmızı onluq verir.  Zaman puldan vaz keçmir, amma sözləriylə Əlimərdanın sifətini qırmızı onluq kimi boyayır “O əlindəki qəzetin sayı qədər üzünə tüpürəcəklər. Namərd oğlu namərd” 

İkinci dəfə də dəli Zamanla MTS-ə(maşın, traktor stansiyası) müdir təyin olandan sonra rastlaşır və müdir Əlimərdan bu dəfə Zamana adına layiq pu-alagöz  bir yüzlük vermək istəyir. Zaman yenə də puldan vaz keçmir və deyir “Pulu yerə qoy, ordan götürəcəyəm. Əliməlinə dəyməsin”.

Əlimərdan İmran qağasını vəzifədən kənarlaşdırıb onun yerinə keçirvə həmin gün İmranın əlləri göylərə uzanır “Allah sən bu müxənnət gədəyə elə od vur, elə yandır ki, sür-sümüyünün də cızdağı çıxsın. Goruna qoymağa ələ bir şey gəlməsin”

Mərdlikdən, düzlükdən dəm vurulan sosializm cəmiyyətində namərdlər insanlara mərd kimi görünüb, düzlükdən danışıb ən böyükəyriliklər edirlərmiş. 

Mənsəb sahibi olan Əlimərdan Sosialist Əməyi qəhrəman olan Balaxanımın adına böyük bir imarət tikdirib ailəsi ilə birlikdə ora köçür. Köhnə-kürüş əşyaların taxtabitilərini təmizləyib bir müddət gözdən pərdə asmaq və sonra bu köhnə taxta-tuxtadan qurtarmağı planlaşdırır. 

Həyətdə köhnə taxta-tuxtaları neftləyən Əlimərdan papiros yandıranda neftli paltarları alışır və yanıb ölür. Sanki ulu göylərdən Ayxan və İmrana haqq cavabı gəlmişdi. Müxənnət Əlimərdan bu dünyadan yanmağa başlamışdı, İmranın dediyi kimi sür-sümüyünün də cızdağı çıxmışdı. Əlimərdanın yanğısına geniş Ceyran çöldən də kimsə uf demədi. Bircə adının qarşısında at sözü işlənən, elə ağlaşmada da at kimi kişnəyən Balaxanımın ürəyindən bu sözlər keçmişdi” namərdliyini tərgitsə idi bəlkə də yanıb qara kösövə dönməzdi”

İlahi ədalət bərpa olunmuşdu.