Unutmadıq, unutmarıq, unutdurmarıq!
Tarix öz varlığını sübut etmək üçün, yaddaşlara şərəflə həkk olunmaq üçün hər zaman mübarizələrə açıq, yeri gələndə mülayim, yeri gələndə sərt olmağı seçir. Əlbəttə bir nüansı da qeyd edim; tarixi şanlı edən vətənpərvər, qorxmaz, hansı ki, torpaq uğrunda, azadlıq və bütövlük uğrunda canını fəda edən şəhidlər və vücudunun parçasını, gözünü, əlini, ayağını Vətənə qurban verən qəhrəman oğullardır.
” Sübutdur, dəlildir, ağlın qibləsi,
Dəyişə bilərsən ağlımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
“Türkəm”-gerçəyini pıçıldayacaq.”
Bəxtiyar Vahabzadənin bu dəyərli misralarında olan gerçəklik 44 günlük Vətən müharibəsində nəinki pıçıldadı, mən deyərdim ki, hayqırdı, öz haqqlı sədasını dünyaya bəyan etdi.
Ali Baş Komandanımızın güclü siyasəti, ordumuzun gücü və Azərbaycan xalqının birliyi nəticəsində böyük bir qələbəyə imza atıldı. Artıq beş ildir ki, “27 Sentyabr Anım günü” olaraq qeyd olunur. Şanlı Zəfəri bizlərə yaşadan qəhrəman şəhidlərimiz dərin ehtiramla yad olunur. Bu məqsədlə Azərbaycanın hər yerində tədbirlər təşkil olunur.
Təbii ki, şəhidlər hər zaman anılır və mütəmadi olaraq tədbirlər keçirilir. Şəhidi unutmamaq, unutdurmamaq bir vətəndaş olaraq hər birimizin müqəddəs və mənəvi borcudur.
26 09 2025 tarixində Naxçıvan Yazıçılar Birliyinin sədri, Azırbaycanın Əməkdar Mədəniyyət İşçisi Asim Əliyevin (Yadigar) təşkilatçılığı ilə bir sıra mədəniyyət ocaqlarında Naxçıvan “Ədəbi mühitinin” və “Zərif qadınlar”ədəbi məclisin şair və yazıçılarının iştirakıyla “27 Sentyabr Anım günü” ilə bağlı tədbirlər keçirildi. Tədbirlərdən biri də Məmməd Səid Ordubadi adına kitabxanada təşkil olundu.
Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Tamella Əsgərova açdı və ilk öncə Ulu Öndər Heydər Əliyev və şəhidlər bir dəqiqəlik sükutla yad edildilər.
Sonra Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyevə söz verildi. O çıxışı zananı son beş ildə Naxçıvan yazıçı və şairlərinin, 44 günlük Vətən müharibəsi haqqında və şəhidlərimiz haqqında yazıb çap etdirdiyi kitablardan söz açaraq bu misyanı daha da genişlındirməyi tövsiyyə etdi. Daha sonra tədbirdə iştirak edən şair və yazıçılar növbə ilə kürsüyə dəvət olundular. Çıxışlar zamanı Qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi.
Qeyd edim ki, tədbirdə iştirak edənlərin sırasında başda Asim Əliyev olmaqla kitabxananın direktoru Tamella Əsgərova və onun müavini Yeganə Səfırova, Azərbaycan yazıçılar Birliyinin üzvləri, Sona Teymurbəyli, Təranə Arifqızı, Alməmməd Eldaroğlu, Mirkərim Həsrət, Zeyqəm Vüqar, Elxan Yurdoğlu, Rəqsanə Tapdıqlı, Həsənova Əzizə, digər şairlər Səbzəliyeva Sevinc, Hüseynov Ayxan və başqaları iştirak etdilər.
Tədbirin sonunda kitabxanada təşkil olunmuş şəhdlərimizə həsr edilmiş vətənpərvər mövzuda olan sərgi nümayiş olundu və maraqla qarşılandı. Daha sonra şairlərdən ibarət kollektiv Şəhidlərin məzarlaını ehtiramla ziyarət etdilər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Şəhidi unutmaq günahdır
Şəhid məzarları pirdi, məbəddi,
Ruhları dolanır, görünmür rəddi.
Onlar yaşayırlar, inan əbədi.
Şəhidi unutmaq, günahdır məncə.
Hərəsi bir ümid ocağındadır,
Ana torpaqların qucağındadır.
Hələ top səsləri qulağındadır,
Şəhidi unutmaq günahdır məncə.
Bayrağı başında gözləyir, onu
Məzarın daşından səsləyir, onu
Uca məqamından izləyir, onu,
Şəhidi unutmaq, günahdır məncə.
Demirəm hər saat sən matəm saxla,
Hər gün göz yaşı tök, demirəm ağla.
Axı o Vətəni qorudu qanla!
Şəhidi unutmaq, günahdır məncə.
Yatağı səngərdə, gah da ki, dağda,
Hər çətinə dözdü, olsa da darda.
Haqqı tapdalasan, daha nə fayda?!
Şəhidi unutnaq günahdır, məncə.
O səni duyacaq, eylə mərhəmət.
Dilinlə yad elə, söylə bir rəhmət.
Hər kəs bu dünyadan köçəcək, əlbət.
Şəhidi unutmaq günahdır, məncə.
Rəqsanə Tapdıqlı
AYB-nin üzvü